Məhərəmova T.

 

Səhnədə can verməyi arzulayan aktyor

 

Və yaxud "Sail" təxəllüslü Məmmədəli Əliyev

 

Hər il martın 8-də evlərinə yığışıb onun ad gününü bayram edərdilər. Süfrə açılar, övladları, qohum-əqrəbaları bir məclisdə cəm olardı. Onun üçün bundan əziz gün olmazdı. Həmin gün ömrünün xəzanına doğru yolda çətin və mənalı həyatından ona yadigar qalan xatirələri dilə gətirər, dillərdə əzbər olan mahnılarını oxuyardı. O zaman Məmmədəli Əliyevin gözəl ifasını təkcə kiçik məclisə yığışan əzizləri deyil, bütün insanlar sevərdi.

 

Dərdin avarası

 

Tanınmış müğənni Töhfə Əliyeva qardaşı Məmmədəli Əliyevlə bağlı xatirələrinə lap uşaqlıq illərindən körpü salır:

- Atam Əliqulu kişi rəhmətə gedəndə hamımız körpəydik, heç birimizin əli çörəyə çatmamışdı. Ona görə də atam bu dünyadan narahat köçdü. Onun gümanı təkcə anam Xədicə xanıma qalmışdı. Atam dünyasını dəyişən gündən Xədicə xanım 7 körpəylə bir dam altında yaşadı. Məmmədəli uşaqların böyüyü idi. Anam onun da, balacaların da ixtiyarını mənə tapşırmışdı. O, hər səhər uşaqları yuxulu-yuxulu qoyub işə gedirdi. Uşaqları da, ev-eşiyi də mənə tapşırardı. Anam işdən qayıdana kimi uşaqlara nəzarət edirdim. Deyirdi ki, qoyma həyətə çıxsınlar, kim sözünə baxmasa, cəzasını ver. Məmmədəli heç vaxt nadinclik eləmirdi. Məni hamıdan çox istəyirdi. İş-gücdə dadıma çatırdı. Dükan-bazara da onu göndərirdim. İşimizi yerbəyer eləyəndən sonra da başlayırdıq "Çilinkağac","Gizlənpaç", "Qaçdı-tutdu" oynamağa...

Məmmədəli balacalığından oxuyanıydı. Bu şirin səs ona atamdan keçmişdi. Atamdakı səs Allah vergisiydi. Avazıyla, dərvişliyi ilə əməlli-başlı tanınırdı. Çoxusunun toyunu, xeyir işini o yola vermişdi. Adına Dərviş Əliqulu deyərdilər. Məmmədəli də bir iş görən kimi başlayırdı zümzümə eləməyə. Özü də səsini atama oxşadırdı. Həmişə anam deyərdi ki, atam oxuyanda Məmmədəli oturub bir küncdə sakitcə qulaq asırdı. Sən demə, atamın hərəkətlərini, necə oxuduğunu bala-bala yığışdırırmış. Mən də Məmmədəlidən "oğurlayırdım". O, oxuyanda bir yerdə gizlənir, qulaq asmağa başlayırdım. Fikirləşirdim, görəsən, mən də onun kimi oxuya bilərəmmi? Xəlvətə düşən kimi onu yamsılayırdım. Görəndə ki alınır, sevindiyimdən atılıb-düşürdüm. O vaxtlar evimizə Ağabacı Rzayevanın atası İsmayıl kişi gəlib-gedirdi. O çalırdı, Məmmədəli də oxuyurdu. Mən də, bacım Leyla da heyranlıqla qulaq asırdıq. Məmmədəli həmçinin radioda Xan Şuşinskinin, Seyid Şuşinskinin, Zülfü Adıgözəlovun oxumalarına qulaq asmaqdan doymazdı.

Bir gün oxumağından məktəbdə də xəbər tutdular. Bir tədbir olan kimi gəlirdilər anamın üstünə ki, qoy, Məmmədəli oxusun. Müəllimləri anama bərk-bərk tapşırırdı ki, nəbadə oğlunu başqa sənətin dalınca düşməyə qoyasan. Ondan yaxşı xanəndə çıxar. Bu sözü Əhməd Bakıxanov da deyirdi. Əhməd müəllim həm qonşumuz, həm də ailəmizə yaxın adam idi. O görürdü ki, Məmmədəlinin böyük istedadı var. Əhməd müəllim mənim də səsimi bəyənmişdi. Həmişə evimizə gələndə ordan-burdan söhbət eləyib, axırda sözü fırladıb deyirdi, bu uşaqların qədrini bilsəniz, yaxşı gələcəkləri olacaq.

40-41-ci illər idi. Axır ki, Əhməd Bakıxanov bizi öz ansamblına gətirdi. Qardaş-bacı bir yerdə oxumağa başladıq.

Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da varmış. Şeirlərini "Sail" təxəllüsü ilə yazarmış. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı. Bu sirri də o vaxt təkcə bacısı Leylaya açmışdı. "Bir gün soruşdum ki, ay Məmmədəli, niyə şeirlərini "Sail" adıyla yazırsan? Qayıtdı ki, "Sail" avara, dərdli deməkdi. Elə mən də dərdin avarasıyam" - deyə Töhvə xanım söhbətinə davam edir: "Fikir eləyirdi, kasıbçılığımızı ürəyinə salırdı. Anamın əzab-əziyyətinə dözə bilmirdi. Yazıq arvad bizdən ötrü saçını kəsib satmışdı...

1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi. Mənsə daha oxumadım..."

Həmin illərdə Məmmədəlinin ürəyinə bir sevda da hakim kəsilmişdi. Xalası qızı Böyükxanıma vurulmuşdu. Böyükxanım Məmmədəligilə tez-tez gəlirdi. Oturub ordan-burdan söhbət edərdilər. Axır vaxtlar nə Leylanın, nə də Töhvənin Məmmədəlidən gözü su içmirdi. Oğlan nəsə birtəhər olmuşdu. Deyəsən, gözü Böyükxanımı tutmuşdu, qızdan gözünü çəkə bilmirdi. Yavaş-yavaş bacılar bir də ayıldılar ki, Böyükxanımla Məmmədəli əməlli-başlı sevişir. Bu sevda hamının ürəyindən xəbər verir. Evlənirlər. Amma çox keçmir ki, sözləri bir-birinə xoş gəlmədiyindən bir yerdə yaşaya bilməyəcəklərini başa düşüb ayrılırlar.

Məmmədəli Əliyev teatrda işləyərkən ikinci dəfə ailə qurur. Teatrda görüb sevdiyi Zəhraxanım da aktrisa idi. "Məmmədəli də gəlib evdə demişdi ki, istədiyim qız var. Anamın ağzını arayırdı, görsün nə deyir. Anam da qayıtmışdı ki, elə şey yoxdur. Bu dəfə qızı özüm bəyənəcəyəm. Birincidən gördüyümü görmüşəm. Bir gün hamımız evdə oturmuşduq. Qapı açıldı, gördük, Məmmədəli bir qəşəng qızın əlindən tutub içəri girdi. Hamımız məətəl qaldıq. Anam daha bir söz demədi. Sonra xudmani məclis quruldu, qohum-əqrəba cavanların başına yığıldı. Dünyaya 5 uşaq gətirdilər. Bir-birindən gözəl..."

 

"Nə eşq olaydı, nə aşiq..."

 

Məmmədəli Əliyev düz 22 il teatrda çalışır. Neçə-neçə maraqlı, istedadlı aktyor nəsli ilə tuş düşür. Əksər tamaşalarda oxuyur. "Xosrov və Şirin"də Ozanı, "Qatır Məmməd"də Aşığı, "Vaqif"də Xanəndəni, "Hind gözəli"ndə Arabaçını, "Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən... Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!

Bu rol üzərində M.Əliyev çox ciddi çalışmışdı. Tamaşanın müvəffəqiyyətlə hazırlanmasında heç şübhəsiz, görkəmli reyissor Adil İsgəndərovun ciddi əməyi vardı. Tamaşanın musiqisini Fikrət Əmirov kimi məşhur bir bəstəkar yazmışdı. Bu mahnı hələ əsərin məşqləri zamanı tamaşanın müvəffəqiyyətli olacağından xəbər verirdi. Doğrudan da "Şeyx Sənan" nəinki Bakıda, eləcə də Tbilisi və Yerevan qastrollarında böyük uğurlar qazanır.

Bir dəfə bu rolu oynarkən Məmmədəlinin əlindəki ağac əlindən düşüb yox olur. Kor rolu oynadığı üçün aktyor gözünü açıb heç yeri axtara bilmir. Gözlərini bir nöqtəyə zilləyərək, əlini yerə sürtə-sürtə ətrafı nə qədər axtarırsa, ağacı tapa bilmir. Pərdə bağlanandan sonra da ağacı nə qədər axtarırsa, tapa bilmir. Nəhayət, ağacı səhnənin altında olan zirzəmidən tapıb gətirirlər. Demə, ağac səhnədəki bayraq sancmaq üçün nəzərdə tutulmuş kiçik dairəvi deşikdən aşağı düşübmüş.

Sonralar Rauf Kazımovski Kor Ərəbin mahnısını ayrıca kino lentinə çəkir, televiziya vasitəsi ilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.

Məmmədəli Əliyev: "Yaradıcılığımın iki parçası mənim həm təsəlli yerimdi, həm də ağrımdı. Biri "Hind gözəli"ndəki Arabaçının mahnısıdır. Hərçənd oxuduqlarımdan ən babatından söz düşəndə mən də, qeyriləri də Kor Ərəbin mahnısını xatırlayır, amma nəsə hiss eləyirəm ki, ürəyimdə o Arabaçının mahnısını daha artıq sevirəm. Çünki o mahnıda yanğı, kövrəklik, hiss daha güclüdür. Elə bil öz ömrümdür" - deyirdi.

Məmmədəli Əliyev səhnədə can verməyi arzulasa da, kamına çatmır, ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. O, səhnədən qocalıb getmir, yaş artandan, səsdən qalandan sonra musiqidən əl çəkmir. Hələ səhnəyə çox çıxa bilərmiş. Özü gedəndən bir az sonra lent yazıları gözdən, qulaqdan uzaq düşür. Amma hər halda könüllərdən iraq düşməyir.

Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra yenidən hərbi işə qayıdır. Özü bunu yaşının ötməsi ilə əlaqələndirsə də, səbəbi başqa idi. "Bütün günü teatrdaydı. Aldığı maaşı heç çörək puluna da bəs eləmirdi. Bir yandan da qədir-qiymətini bilmədilər. Məşqlərdən macal tapsaydı, toylara gedərdi. Təki balaları korluq çəkməsin. Çox götür-qoydan sonra fikirləşdi ki, teatrdan çıxıb getsə yaxşıdır. 1968-ci ildə qərarını verdi. Elmlər Akademiyasına işə düzəldi. Hərbi kafedranın müdiriydi. Müharibədə olduğu üçün hərbi işdən başı çıxırdı".

Məmmədəli Əliyevin hərbi işlə "dostluğu" cəmi 17 il çəkir. Bu illər ərzində həmişə ürəyində nəğmə, musiqinin isti hənirinin çatışmadığını hiss edirdi. Bəlkə də ürəyindən qəfil qopan və onu həyatdan ayıran ağrı da səhnədən perik düşən "bülbül"ün çatışmayan nəğməsi idi...

 

Unudulan sənətkar

 

Məmmədəli Əliyev gözəl ailə başçısı idi. Övladları ilə fəxr etməyə haqqı vardı. Hamısı onun yoluyla gedirdi. İndi övladları: "Bizim musiqiçi olmağımızda atamızın rolu böyük olub. Övlad həmişə atasına baxar" - deyə fəxrlə bildirirlər.

"Atam gözəl xanəndə olub. O, həmişə yuxudan durub otaqda oxuyardı. İndiyə qədər onun səsi qulağımdadır" - deyə oğlu İlqar Sail xatırlayır: "Ancaq mənim oxumağımı görmək ona qismət olmadı. Mən onda Hüseynağa Hadıyev, Məmmədbağır Bağırzadənin ansamblında zərb alətlərində müşayiət edirdim. Ancaq evdə zümzümə edirdim. 90-cı ildə birdən-birə zərb alətlərini kənara qoyub oxumağa başladım".

İlqar Sail atası tərəfindən məşhurlaşan "Kor Ərəbin mahnısı"nın ermənilər tərəfindən oğurlanıb klip çəkilməsinə də münasibət bildirdi: "Ermənilər bu mahnını oğurlasalar da, oxuya bilməzlər. Oxumağa cürətləri çatmaz. Mənə də çox deyiblər ki, bir övlad kimi sən də bu mahnını ifa elə. İş təkcə mahnını ifa eləmək deyil. Bu mahnı atamın adı ilə bağlı olduğu üçün məndən çox böyük məsuliyyət tələb edir. Mən onu ifa eləmək üçün ya yaxşı oxumalıyam, ya da yaxın durmamalıyam. Bu mahnını oxuyanların hamısına hörmətim var, necə bacarırlarsa, elə də oxuyurlar. Ancaq Kor Ərəbin mahnısını Məmmədəli Əliyev kimi oxumaq mümkün deyil".

İlqar Sail atasının uzun illər "Azdrama"da çalışmasına, daha doğrusu, teatrda can qoymasına baxmayaraq, indiyə qədər bircə dəfə xatırlanmamasından da gileylənir. "Atam 22 il bu teatrda çalışıb. Yaxşı rollarda oynayıb, qastrollarda teatrı tanıdıb. Ancaq indiyə qədər adına teatrda bir gecə keçirilməyib. Ad gününü keçirməsələr də, istərdim bir az diqqət yetirilsin".

Bu gün Məmmədəli Əliyevi tanımayanları qınamağa haqqımız yoxdur. Çünki yoxluqla çox asanca barışan insanlar özü kimi onun mahnılarını da unudublar. Mahnılarını eşitmək arzusunda olanlardan ötrü səsləndirmək isə efir üçün müşkülə dönüb...

 

Kaspi.- 2007.- 13 mart.- S. 16.