Məhərrəmova T.
Teatrlar
gəlirlərini artırmaq üçün yollar
axtarmalıdır
Fəxri adın olmamasını isə
aktyorlar faciə hesab etməməlidirlər
Bu yaxınlarda prezident İlham
Əliyev "Teatr sənətinin inkişafı
haqqında" sərəncam imzalayıb. Sənəddə
xalqımızın ictimai-siyasi həyatında, mədəni
inkişafında böyük rol oynayan və dolğun
fəaliyyəti ilə milli sərvətə çevrilən
Azərbaycan teatrının maddi texniki-bazasının
gücləndirilməsi, teatr təhsili sisteminin
yaxşılaşdırılması, yaradıcı potensialın
dirçəldilməsi məqsədi ilə dövlət
orqanları qarşısında bir sıra
tapşırıqlar müəyyənləşdirib.
Dünən Akademik Milli Dram Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin teatr ictimaiyyəti ilə keçirdiyi
açıq kollegiya iclası da bu sərəncamdan irəli
gələn tədbirlərin həyata keçirilməsinə
həsr olunmuşdu.
"Sərəncamın
icrasından irəli gələrək hamımızın
üzərinə mühüm vəzifələr
düşür" - deyən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev kollegiya iclasını ilk
dəfə olaraq qapalı yox, ictimaiyyətin iştirakı
ilə keçirilməsi qərarına gəldiklərini
söylədi. Ə.Qarayev vurğuladı ki,
sərəncamın icrasından irəli gələrək
Nazirlər Kabinetinə təqdim olunacaq təkliflər paketi
geniş spektrdə hazırlanmalıdır: "Bu gün
teatr sənətinin inkişafına yeni bir gözlə
baxmalıyıq. İstəməzdim ki, bu proqram 5-10
mütəxəssisin rəyi ilə hazırlansın.
Mənimçün ictimai rəy çox vacibdir".
Son bir ildə
rəhbərlik etdiyi nazirlikdə görülən
işlərdən danışan Ə.Qarayev vurğuladı
ki, teatr sahəsində də müəyyən
nailiyyətlər əldə olunub. Yeni və çoxdan
repertuardan çıxmış bir sıra tamaşaların
bərpa edilməsi ilə ümumilikdə 78 tamaşanın
səhnələşdirilməsi buna sübutdur. Nazirin
sözlərinə görə, bu, nazirliyin teatr
xidmətinə diqqətindən xəbər verir. Nazir teatr sənətinə yenicə qədəm
qoyan gənc reyissorların formalaşdırılmasına da
diqqət yetirildiyini vurğuladı. Dörd reyissorun rayon
teatrlarına ezam olunaraq dövlət sifarişi ilə
tamaşa hazırlamaları, eləcə də orkestrə
istedadlı gənclərin cəlb edilməsi
üçün Opera Teatrı ilə birlikdə
həyata keçirilən xüsusi müsabiqə buna
sübutdur. Nazirin sözlərinə
görə, rəqəmlər və faktlar teatrların
beynəlxalq festival və müsabiqələrdə uğurlu
iştirakından xəbər verir. "Ən
mötəbər hadisə Vyanada dahi Üzeyir bəyin
"Arşın mal alan" və Qahirədə Fikrət
Əmirovun "Min bir gecə" baletinin
səhnələşdirilməsi oldu".
Ə.Qarayev
bildirdi ki, prezidentin sərəncamından irəli
gələrək Azərbaycan teatrları beynəlxalq
standartlara cavab verməli və beynəlxalq teatr
məkanında layiqincə təmsil olunmalıdır.
İlk
gündən işlərində ictimaiyyətlə
işləyəcəklərinə söz verən nazir
rəhbərlik etdiyi qurumun Teatr Xadimləri İttifaqı
(TXİ) və digər ictimai qurumlarla birgə
layihələrin həyata keçirməsinə də toxundu.
Məsələn, TXİ ilə müştərək iş
müqabilində teatr gününə həsr olunmuş
festivalda gənc reyissorların tamaşaları təqdim
olunacaq. Nazirin sözlərinə görə,
ümumiyyətlə, bu cür festivalların
keçirilməsinə artıq start verilib. Ən sevindirici
hal isə Avropa Şurasının qərarı ilə gələn
ilin sentyabrında 48 ölkənin qatılacağı
"Avropanın Mədəni İrs Günləri"nin
Bakıda keçirilməsi olacaq. Bu festivallar isə
şübhəsiz "Avropanın Mədəni İrs
Günləri"nin yüksək səviyyədə
həyata keçirilməsinə kömək edəcək.
"Teatrlar həmin festivala öz tamaşalarını
hazırlamalıdır ki, Avropa ölkələrindən
gələn kollektivlərin qarşısına layiqincə
çıxa bilsinlər. Bu tamaşalar tərcümə
ilə olmalıdır. Qurulan müasir avadanlıq buna imkan
verəcək ki, iştirakçılar səhnədə
söylənilənləri öz dillərində başa
düşsünlər".
Teatrların
təmir məsələsinə toxunan nazir: "Bəzən
müəyyən insanlar məni günahlandırırlar ki,
niyə eyni vaxtda teatrların hamısı bağlanır?
Niyə insanları teatrsız qoyursunuz? Biz bu təmiri bu
gün etməsək, sabah edə bilməyəcəyik.
İki ildən sonra kollektiv yeni təmir olunmuş, rahat teatrda
çalışacaq. Bu, tamaşaçılardan da qabaq teatr
kollektivinə göstərilən qayğıdır" -
deyə bildirdi.
Ə.Qarayev
prezidentin sərəncamına uyğun olaraq Heydər
Əliyev adına Sarayın martın 16-dan əsaslı
təmirə dayanacağını və müasir
avadanlıqla təchiz olunacağını söylədi. Eləcə də Gənc Tamaşaçılar
Teatrı və Kukla Teatrının əsaslı təmirə
dayandığını kollegiya
iştirakçılarının nəzərinə
çatdıran nazir eyni zamanda, Akademik Milli Dram Teatrı, Opera
və Balet Teatrında da bərpa işlərinin
başlanacağını dedi: "Azərbaycanda
çoxlu beynəlxalq tədbirlər keçirilir. Buna
görə də hələlik Opera Teatrının yalnız
xarici hissəsi təmir olunacaq. Saray tam təmir olunub
açılandan sonra isə Opera Teatrı təmirə
dayanacaq".
Nazirin sözlərinə
görə, gələn ilin əvvəllərində Kukla
Teatrı, sonlarında isə GTT və Rus Dram Teatrı
tamaşaçıların istifadəsinə veriləcək. Dövlət Gənclər
Teatrı, Şuşa Dövlət Musiqili Komediya Teatrı,
Dövlət Pantomim Teatrı, İrəvan Dövlət
Azərbaycan Dram Teatrının yerləşdiyi binalarda
isə təmir-bərpa işləri aparılacaq. "Mən
Avstriya, Fransa, İngiltərənin bir neçə
qabaqcıl teatrında olmuşam. Azərbaycan
teatrlarının inkişafını da o səviyyəyə
qaldırmaq lazımdır. Teatrlar yeni,
müasir texnologiyalarla fəaliyyətə başlayandan sonra
burda işləmək məsuliyyəti onun kollektivinin
üzərində qalır". Nazir yeni, müasir
texnologiya quraşdırılandan sonra bu texnologiya ilə
işləyən mühəndis, kompyuterçi,
işıqçı və s. mütəxəssislərin
yoxluğunu da diqqətə çatdıraraq bu cür
mütəxəssislərin hazırlanması haqqında
hər bir kollektivin düşünməsini tövsiyə
elədi. "Teatrların daxilində yeni formaya
cavab verən mütəxəssislər formalaşmalıdır.
Bu mütəxəssislər teatrın
daxilindən çıxan, onun ab-havasını bilən
adamlar olmalıdır. Biz də o
insanların oxumasına şərait yaratmalıyıq ki,
gəlib işləsinlər". Ə.Qarayevin
sözlərinə görə, yeni avadanlıq qurulandan sonra
reyissorun tamaşaya münasibəti də dəyişməli,
tamaşalar yeni üsluba əsaslanmalıdır. Nazirin fikrincə, bu, beynəlxalq aləmdə
teatrlarımızın təmsil olunmasına imkan verən amil
olacaq.
Ə.Qarayev teatrların
nəzdində studiyaların yaranmasının
lazımlığını vurğulamaqla yanaşı,
əyalət teatrlarının durumuna da toxundu. Nazir qeyd etdi
ki, həmin teatrların vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı
görüləcək işlər yerli icra
hakimiyyətlərinə tapşırılıb. Təmir müddətində paytaxt teatr
rəhbərlərinə isə kollektivlərin rayonlara ezam
olunaraq tamaşaçılar qarşısında
çıxış etməsi tapşırığı
verilib.
Teatrların maliyyə
məsələlərinə toxunan Ə.Qarayev prezident
fərmanına uyğun olaraq, son yarım il
müddətində mədəniyyət işçilərinin
maaşının 80 faiz artırıldığını
nəzərə çatdırdı. Teatrların
həmişə dövlətin hesabına saxlanılmalı
olduğunu söyləyən nazir həmçinin onların
öz iqtisadi gəlirlərini artırmaq üçün
yollar aramalarını tövsiyə etdi. Onun
sözlərinə görə, bu minvalla həm aktyorların
vəziyyəti yaxşılaşar, həm də teatrların
saxlanması üçün geniş imkanlar açılar.
"İstərdim ki, teatrın daxilində olan
adamlar iqtisadi məsələlərə ciddi
yanaşsınlar".
Nazir həmçinin bu
gün teatrların səhnəsində qoyulan
əsərlərin səviyyəsinə münasibətini
bildirərək qeyd etdi ki, insanların mədəni
səviyyəsini qabağa çəkməli, onlara klassika
ilə yanaşı, dünyanın müasir
əsərlərini təqdim etməliyik. Ə.Qarayev
dramaturqları zamanla səsləşən müasir
əsərlər təqdim etməyə
çağırdı.
"Teatr haqqında"
qanunu keçən ilin ən uğurlu hadisəsi adlandıran
nazir onu istədiklərini tam əhatə eləməsə
də, yeni dövrə uyğun, hətta yeni
peşələrin mövcud olması və onların
inkişafına təkan verən qanun adlandırdı. "Artıq
teatr sahəsində qanunverici bazamız var. Bu sahədə
işləri davam etdirməliyik".
Ə.Qarayev sənət adamlarına
verilən və bir çoxlarının haqlı-haqsız
narazılıqlarına səbəb olan fəxri ad
məsələsinə də toxunaraq keçən il 100-ə yaxın sənət adamının
fəxri ada layiq görüldüyünü qeyd etdi. Bu il də bu ənənəni davam etdirəcəklərini
vurğulayan Ə.Qarayev fəxri adların əsasən
teatrların yubileyləri, Musiqi Günü, TXİ-nin yubileyi
və s. əlamətdar günlərdə təqdimatının
olacağını bildirdi. "Heç kəs
fəxri adının olmamasını özü
üçün faciə hesab eləməsin. Fəxri adı olan da, olmayan da mənim
üçün əzizdir. Avropa
ölkələrində fəxri ad sözü yoxdur. Bu, sovet ideologiyasından irəli gələn bir
formadır. Biz bu formanı davam etdiririk.
Artıq Gürcüstanda, Pribaltika ölkələrində
fəxri ad məsələsi ortadan götürülüb. Vaxt olacaq, aktyorların imkanları elə
həddə çatacaq ki, onlar fəxri ad
istəməyəcəklər". Fəxri
ad verilməsinin sənət adamları arasında
yaratdığı narazılığa münasibət
bildirən nazir bildirdi ki, ya bu fəxri ad verilməsini
məhdudlaşdırıb, 5-6 nəfər say-seçmə
adama vermək, ya hamısına vermək, ya da
ümumiyyətlə, heç kəsə verməmək
lazımdır.
"Teatrı
müasir sənət texnologiyaları ilə inkişaf
etdirməmək qeyri-ciddi sənət növlərinə
rəvac vermək deməkdir" - söyləyən
millət vəkili Nizami Cəfərov: "Əgər bu
gün teatra 1-2 tamaşaçı gəlirsə, yenə teatrı
saxlamaq lazımdır. Çünki normal teatrı olmayan xalqın normal televiziyası və kinosu da ola bilməz"
- deyə vurğuladı. "Teatr haqqında" qanuna
münasibət bildirən millət vəkili
ümumiyyətlə, mədəniyyət sahəsindəki
qanunların yaradılmasında bütün mədəniyyət
xadimlərinin iştirakının vacibliyini qeyd etdi.
N.Cəfərov bundan sonra da mədəniyyət
sahəsində yeni qanunların yaranacağını,
hətta 10 ildir ki, qüvvədə olan
"Mədəniyyət haqqında" qanunda əsaslı
dəyişikliklər olunacağını bildirdi.
Lənkəran
Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev
prezident sərəncamının və "Teatr
haqqında" qanunun milli teatr sənətimizin
inkişafında mühüm rol oynayacağını söyləyərək,
bu diqqətin müqabilində aktyorların vəzifəsinin
Azərbaycan teatrının keçmiş
şöhrətini qaytarmaq olduğunu vurğuladı. Q.Quliyev
nazirin diqqətini təmirdən sonra Lənkəran
teatrında yaranan problemlərə yönəltməyə
çalışdı: "Teatrımızda əsaslı
təmir işləri aparıldı. Ancaq təmir
işləri teatr mütəxəssisləri
tərəfindən aparılmadığı
üçün bir çox qüsurlara yol verildi".
Q.Quliyev rütubət nəticəsində Lənkəran
teatrının təmirinin sıradan çıxmaq
təhlükəsi ilə üzləşdiyini
söyləyib, teatrda mövcud olan mobil istilik sisteminin daimi
bərpası üçün nazirdən kömək
istədi.
Reyissor
Cənnət Səlimova öz çıxışında bir
çox metro stansiyalarının çıxışında
teatr biletlərinin satışı üçün
kassaların quraşdırılması, fəxri adların
və əmək haqlarının aktyorlar arasında
ayrı-seçkilik salması, Bakı Bələdiyyə
Teatrının bədii rəhbəri Amaliya Pənahova hər qarışı icarəyə verilən, ancaq
teatrlar üçün yararsız olan Şəhriyar adına
Mədəniyyət Mərkəzinin əsaslı təmir
olunub teatrların istifadəsinə verilməsi, Xalq artisti
Nurəddin Mehdixanlı teatrlarda nizam-intizamın
möhkəmləndirilməsi, repertuar siyasətinin
formalaşdırılması, yeni yaranacaq teatrda
yaradıcı heyətin attestasiyasının
keçirilməsi, tənqidçilərin diqqətinin
teatrlara yönəldilməsi və teatrların reklamla
işləməsi ilə bağlı çıxış
etdilər. Eləcə də "YUĞ"
teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu,
Rus Dram Teatrının baş reyissoru Aleksandr Şarovski,
TXİ-nin sədri Azərpaşa Nemətov, Xalq artisti Ramiz
Novruz və digər çıxış edənlər teatr
sənətimizin inkişafı üçün müxtəlif
təkliflər irəli sürdülər. Ə.Qarayev
Nazirlər Kabinetinə təqdim olunacaq sənədin
hazırlanmasında bu təkliflərin nəzərə
alınacağını bildirdi.
Kaspi.- 2007.- 7 mart.- S. 16.