Mükərrəmoğlu M.

 

Teatr işçilərinin yığıncağı keçirildi

 

Dünən Milli Akademik Dram Teatrında keçirilən yığıncaqda Azərbaycan teatr sənətinin görkəmli xadimləri, Milli Məclisin deputatları, digər sənət adamları iştirak edirdilər. Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2007-ci il tarixdə imzaladığı “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamında irəli sürülmüş məsələlərin müzakirəsi aparıldı.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev yığıncaqda geniş və əhatəli məruzə ilə çıxış etdi. Nazir sərəncamda qoyulmuş məsələlərə ayrı-ayrılıqda münasibət bildirərək qeyd etdi ki, Heydər Əliyev adına Sarayın əsaslı təmiri və müasir avadanlıqlarla təmin edilməsi möhtərəm Prezidentimizin diqqəti mərkəzindədir. Martın 5-də cənab Prezident həmin sarayda olmuş, onun yenidənqurma layihəsi ilə tanış olmuşdur. Biz bu möhtəşəm binanı müasir tələblər səviyyəsində tamaşaçıların ixtiyarına verməliyik.
Sərəncamda Azərbaycan Dövlət Akademik Teatrının, Akademik Opera və Balet Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Kukla Teatrının da əsaslı təmir edilməsi və müvafiq texnika ilə təmin olunması məsələsi qarşıya qoyulub. Biz bunları yaxın vaxt ərzində həyata keçirməliyik.Eyni zamanda məcburi köçkün rayonlarından olan Füzuli və Ağdam dövlət teatrlarının hal-hazırda yerləşdiyi binaların da əsaslı təmiri ilə bağlı təkliflərimizi hazırlamalıyıq. Sərəncamda “Azərbaycan teatrı 2008 – 2018-ci illər” Dövlət Proqramının hazırlanması ilə bağlı da layihə hazırlanması mühüm məsələ kimi qarşıya qoyulur. Bu layihəni Teatr Xadimləri İttifaqı ilə birgə ərsəyə gətirməliyik.
Nazir teatrlarımız üçün kadr hazırlığı məsələsinə də toxundu. O bildirdi ki, bizim Mədəniyyət və İncəsənət Universitetində belə kadrlar hazırlanır. Lakin biz xarici ölkələrdə də teatrlarımız üçün kadr hazırlaya bilərik və bunu mütləq həyata keçirməliyik.
Ə.Qarayev bütün teatr xadimləri adından möhtərəm Prezidentimizə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, sərəncamda irəli sürülən bütün məsələlərin yaxın vaxtda reallaşması üçün bütün qüvvələr səfərbər edilməlidir.
Milli Məclisin mədəniyyət daimi komissiyasının sədri Nizami Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Bakı Kamera Teatrının rəhbəri Cənnət Səlimova, Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova, professor İlham Rəhimli çıxış edərək möhtərəm Prezidentimizin imzaladığı sərəncamda qarşıya qoyulan məsələlərə öz münasibətlərini bildirdilər.
Sonda dövlət proqramını hazırlamaq üçün işçi qrup yaradıldı və onlara tapşırıldı ki, layihəni az vaxtda təqdim etsinlər.

 

Xalq qəzeti.- 2007.- 7 mart.- S. 5.