Prezident Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir

 

Martın 6-da Azərbaycan Milli Akademik Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Sərəncamı dövlətimizin teatr sənətinin inkişafına diqqət və qayğısının nəticəsi kimi dəyərləndirən nazir Əbülfəs Qarayev mədəniyyət işçiləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Sərəncamla iştirakçıları tanış edən nazir bu sənəddən irəli gələn məsələlərin yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, keçirilən kollegiya iclasında başlıca məqsəd teatrların fəaliyyətini müasir tələblər səviyyəsinə qaldırmaq üçün rəy və təklifləri dinləməkdir.
Nazir teatrlarımızın mövcud vəziyyətindən, bu sahədə həyata keçirilən tədbirlərdən danışaraq xatırlatmışdır ki, hazırda Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında əsaslı təmir işləri gedir. Başqa teatrlarda da əsaslı təmirə başlanacaqdır. Ötən gün dövlət başçısı Heydər Əliyev adına Sarayda aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olmuş, öz göstərişlərini vermişdir. Saray martın 16-dan təmirə dayandırılacaqdır.
Nazir onu da vurğulamışdır ki, təkcə binaların əsaslı təmiri, onların müasir texnika və avandanlıqla təchizi ilə teatrların səviyyəsini qaldırmaq mümkün deyildir. Eyni zamanda, yeni texnika ilə işləməyi bacaran kadrların, müasir duyumlu rejissor və aktyorların, yaxşı dramaturji əsərlərin olması da vacib şərtdir.
Ə.Qarayev ötən il uğurla həyata keçirilmiş mədəniyyət tədbirlərindən, onların nəticələrindən, teatrlarımızın və musiqiçilərimizin beynəlxalq festival və müsabiqələrdə iştirakından, dövlətin mədəniyyət və incəsənət işçilərinə qayğısından da danışmışdır.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, xalq artistləri Nurəddin Mehdixanlı, Qabil Quliyev, Amalya Pənahova, Cənnət Səlimova, sənətşünaslıq doktoru, professor İlham Rəhimli və başqaları müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşmüş, təkliflər vermişlər.
Kollegiya iclasında səslənmiş rəy və təkliflərin ümumiləşdirilməsi üçün işçi qrupu yaradılmışdır.

 

Azərbaycan.- 2007.- 7 mart.- S. 2.