Qaliboğlu E.
Şeytanın yubileyi"
İnsan daxilini şərdən təmizləmədiyi
dərəcədə onu
yaşadır
Bu günlərdə Musiqili Komediya Teatrında nümayiş etdirilən Oqtay Rəcəbov və Aqşin Babayevin "Şeytanın
yubileyi" adlı iki hissəli musiqili komediyasının mövzusunu müasir dövrdə cəmiyyətdə
hökm sürən mənəvi eybəcərliklərə
qarşı döyüş
təşkil edirdi.
Tamaşanın quruluşçu rejissoru xalq artisti İlham Hamiq Kamal, quruluşçu
dirijor Hazim Hacıəlibəyov, quruluşçu
rəssam İsmayıl
Məmmədov, quruluşçu
baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva, xormeyster Vaqif Məstanov, konsertmeyster Lətifə Qasımova, dirijor əməkdar artist Ziya Bağırovdur.
Rolları İ.H.Kamal,
əməkdar artist Xanım Qafarova (Xəyalə), Ülviyyə
Əliyeva (Akif), xalq artisti Fatma
Mahmudova (Məryəm),
Məhərrəm Qurbanov
(Səlim), Gülnarə
Əzizova (Ceyran), Hahidə Orucova (Şamiyə), Saleh Sadıqov (Operator) və başqaları ifa edirlər.
Budur, tamaşa başlayan kimi bir dəstə rəqqas, oxuyan, hamı "Şeytan-Meydan"
deyirlər. Ətrafı
Meydan "müəllimə"
bərk yalmanır. O,
"Halal" studiyasının
prezidentinin xaricə getməsindən istifadə
edərək işçiləri
ona qarşı qaldırır, hərəsinə
bir vəzifə vəd edir, həmçinin daha böyük istəklərə
çatmaq istəyir.
Dar macalda hətta yubileyini də keçirməyi unutmur, bütün bu işlərdən faydalanacağını düşünür.
Studiyanın işçisi
Akifdən xahiş edir ki, vəzifədə
işləyən qohumu
onu studiyanın prezidenti vəzifəsinə
təyin etsin. Hətta onlar arasında Meydanın vəzifəyə təsdiqi
üçün pul sevdası da olur, "anlaşırlar".
Sonra məlum olur ki, Akif
nə qədər üzüyola və hərdən etirazçı
görünsə də,
əslində bu, onun fəndiymiş.
Meydanın şorgözlüyü
müxtəlif məqamlarda
daha aydın görünür. Elə qadın işçisi yoxdur ki, Meydan
onu "yoxlamasın",
yaxud da "yoxlamağa" cəhd etməsin. Hətta onu həmişə müdafiə edən işçisi Məryəm
Meydandan səsini yoxlanmağını xahiş
edir, amma tamaşaçı bunu daim başqa mənada başa düşür. Bu sayaq uzunçuluq baş alıb gedir. Yeri gəlmişkən,
əsərdə surətin
xislətini açmaq
üçün müəllif
ifrat dərəcədə
onun şorgözlüyünü,
daha doğrusu, gedişlərini çılpaqlaşdırır.
Hər halda bu dərəcədə açıq-saçıqlığa
ehtiyac da yox idi.
Bu baxımdan da belə təsvirlər
tamaşaçıda hətta
ikrah halı yaradır. Məsələn, səhnədə Meydanın taxtının onun şəxsi itəyilə o başa, bu başa
sürülməsi, elə
kabinetdəcə şəhvani
istəyini həyata keçirmək üçün
çoxlu cəhdlər
etməsi və istəyinə yetməsi ifrata varılmalarla müşayiət olunur.
O məqamı ki tamaşaçı anlayır,
daha ona əlavə məqamları
"izah etməyə"
ehtiyac qalmır. Bu baxımdan tamaşada mənaçılığın
daha çox qabardılmasına diqqət
yetirilməli idi...
Tamaşada müasir dövrdə "yağışdan
sonra göbələk
kimi artan" müxtəlif yönlü
mənasız sənət
müsabiqələri kəskin
tənqid olunur. Bu, tamaşanın müsbət cəhəti
kimi qeyd oluna bilər. Müsabiqə iştirakçılarını
qarşılayanların pulçu
və şəhvət
dolu gözlərinin parıldaması, Meydanın
özünü şahsayağı
apararaq taxtda oturması, daim acgözlüyünün qabarması,
"aşı mollanın,
başı mollanın"
lətifəsində olduğu
kimi eyni vaxtda bir neçə
qızı sevməsi,
sonda "Əli aşından da Vəli aşından da olması" ifşa edilməli surətin acı aqibətinin sonluğu kimi görünür. Meydan az vaxtda
çoxlu pul qazanır, çox pul verənləri müsabiqədə dəstəkləyəcəyini
vəd edir. O, tip etibarilə fürsətcildir, əlinə
düşən imkandan
maksimum yararlanmağa çalışır. O qədər
xəyallanır ki, axırda deputat olmaq fikrinə də düşür.
İkinci pərdədə
şou qəhrəmanı
olan Meydan artıq hər yerdə məşhurdur.
O, zamanının balasıdır,
məharətlə zamanın
nəbzini tutur, onun tələbinə uyğun hərəkət
edir: gah Azərbaycan musiqisinin
"ləyaqətli təəssübkeşi"
kimi, gah da "Qarabağ dərdlisi" kimi çıxış edir.
Həm də Meydanın reket qəzeti var. O, adamları şərlətməkdə
mahirdir.
Hadisələrin gərginləşdiyi
bir məqamda Meydan dəli istəklərini daha səylə həyata keçirməyə qərar
verir. Budur, Meydanın yubileyidir. Dəstə-dəstə kollektivin adamları gəlir, onu təbrik edirlər. Sonda kollektivin Meydana sadiq adamlarının
ona qarşı çıxmasının şahidi
oluruq. Artıq Meydan təklənib: Akif vəzifədə olan qohumunun onu işdən çıxarması haqqında
əmrini oxuyur, vaxtilə onun verdiyi pulları səxavətlə kollektivə
paylayır. "Meydan-Şeytan"
başını itirmiş
vəziyyətdə parikini
səhnədə qoyub
aradan çıxır.
Qalan iştirakçılar
isə bundan təəccüblənir, "Şeytanın
başındakı saç
da yalanmış"
deyirlər.
Tamaşa beləcə cəmiyyətdəki antipodun
ifşası ilə başa çatır. Təbii ki, bu, səhnədir, həyat deyil. Amma adam daxilində
şərin, şeytanın
ölümü təəssüf
ki, əksər hallarda məğlubedilməz
qəbul edilir. İnsan daxilini şərdən təmizləmədiyi
dərəcədə yenilir,
şəri yaşadır.
Tamaşadan çıxan
nəticə budur.
Sonda onu da
qeyd edək ki, rəqqasların çıxışları yaxşı
alınmışdı. Akiflə
Xəyalənin oxumaları
qənaətbəxş idi.
Xalq cəbhəsi.- 2007.- 6 mart.- S. 15.