Qocayeva A.
Yaddaqalan obrazlar ustası
Azərbaycan
teatrının inkişafında böyük xidmətləri
olan sənətkarlarımızdan biri də Musiqili Komediya
Teatrının aktyoru, bir sıra mükafatlar laureatı Novruz
Qartaldır. Onunla anadan
olmasının 60, səhnə
fəaliyyətinin 40 illiyi
ərəfəsində görüşürük.
- Novruz müəllim,
40 il çalışdığınız
bu teatrda hansı böyük sənətkarlarla işləmiş
və tərəfmüqabil
olmusunuz?
- Xoşbəxt sənətkaram
ki, görkəmli rejissorumuz Şəmsi Bədəlbəylinin teatr
məktəbini keçmişəm.
Bu illər ərzində Lutfəli Abdullayev, Nəsibə Zeynalova, Şəfiqə Qasımova,
Mobil Əhmədov, Zemfira Quliyeva, Nəcibə Behbudova, Əzizağa Qasımov, Məmmədsadıq Nuriyev,
Hacıbaba Bağırov,
Səyavuş Aslan kimi adları teatr tariximizə qızıl hərflərlə
yazılmış sənətkarlarımızla
çiyin-çiyinə
çalışmış, onlarla tərəfmüqabil və
dost olmuşam. Bu sənətkarlarla respublikamızın bütün
bölgələrində qastrol
səfərlərində tamaşalar
göstərmiş, konsert
proqramlarında çıxışlar
etmişik.
- Teatr dərsi aldığınız və
birlikdə çalışdığınız
böyük sənətkarlardan
nələri əxz etmisiniz?
- Teatr İnstitutunda dərs aldığım müddətdə
görkəmli sənətkarlarımız
Adil İsgəndərovdan,
Müxlis Qənizadədən,
Həsənağa Salayevdən,
Həsən Əbluçdan
və bir sıra böyük sənətkarlardan sənətin
sirlərini, səhnə
mədəniyyətini, aktyorluq
sənətinə ciddi,
yaradıcı münasibəti,
böyük-kiçiyin yerini
bilməyi əxz etmişəm. Nəsibə
xanım mənə analıq edib və mən sənətlə bağlı
ondan çox şey görüb-götürmüşəm. Rima
Məmmədova və
Kamal Həsənovdan rəqs sənətini öyrənmişəm. Teatrda Şəmsi
Bədəlbəyli, İlyas
Şərifov, Əliheydər
Ələkbərov kimi
tanınmış rejissorlarla,
Böyükağa Mirzəzadə
kimi dahi teatr rəssamı ilə, Kamal Abbasov kimi görkəmli
dirijorla, Kamal Məmmədov və Səttar Turabov kimi mədəniyyət tariximizdə yaşayacaq sənətkarlarla birlikdə
işləmiş və onların məktəbini keçmişəm.
Öyrəndiklərimi bu
gün gənc aktyorlara həvəslə
öyrədirəm.
-İlk rolunuzun sevinci yadınızdadırmı?
- Onu unutmaq çətindir. 1968-ci ildə
Ağası Məşədibəyov
və Məhərrəm
Əlizadənin “Toy kimindir” komediyasında Qoşun rolunu yaratmışam. Bu rolu Lütfəli Abdullayev oynayırdı və dublyoru da Səyavuş Aslan idi. Teatrda
heç kimə demədən bu rolu hazırladım və L. Abdullayevdən mənə tamaşa etməsini xahiş etdim. Baxdı, bəyəndi və məni qucaqlayaraq - “Bundan sonra bu
rolu sən oynayacaqsan. Sən nə məni, nə də Səyavuşu yamsıladın,
özünəməxsus yeni
bir Qoşun obrazı yaratdın”-dedi. Televiziyada bu rolu Cahangir
Zeynalovla birlikdə oynadıq. Rejissor Rauf Kazımovski
digər televiziya tamaşalarında, “Gözün
aydın”da Salyanski, “Durna”da Dursun, “Səndən
mənə yar olmaz”da Fəğan,
“Hicran”da Baləmi və digər rolları tapşırdı.
- Səhnə fəaliyyətinizin
böyük bir hissəsi mərhum sənətkarımız Hacıbaba
Bağırovla bağlıdır.
Onun yaradıcılığınıza
nə kimi təsiri olub?
- 40 illik səhnə fəaliyyətimin 30 ilindən
çoxu o əvəzsiz sənətkarla
bağlıdır. Vaxtilə
bu teatrda iki konsert dəstəsi
- L. Abdullayevin və
N. Zeynalovanın dəstələri
olub. S. Aslan, Şəfiqə Qasımova
və başqaları
L. Abdullayevin dəstəsində,
Hacıbaba, mən və bir sıra
digər aktyorlar isə Nəsibə xanımın dəstəsində
çalışırdıq. Nəsibə xanım səhhəti ilə bağlı müalicəyə
gedəndə dəstəni
qastrola Hacıbaba aparırdı və sonralar onun öz
proqramı oldu. Rüfət Əhmədzadə
bu dəstə üçün “Sizin ilə gülə-gülə”, “Bildirçinin
bəyliyi”, “92 dəqiqəlik
gülüş” və
digər əsərlər
yazdı və biz birlikdə bu əsərlərdə anşlaqla oynadıq. Nəsibə xanım yenidən qayıdıb özünə dəstə
yığanda mən Hacıbabanın yanında
qaldım. Saysız-hesabsız teatr tamaşalarında Hacıbaba
ilə tərəfmüqabil
olmuşam. Elə bir televiziya tamaşamız yoxdur ki, orada onunla
birlikdə oynamayım.
Hacıbaba eyni zamanda mənim ustadım olub. Gecə saat 3-4-də zəng edərək zarafatlar edir, məni yatmağa qoymurdu. İndi teatrda onun yeri görünür.
-Yaradıcılığınızın
ən məhsuldar dövrü hansı illəri əhatə edir?
- 1966-cı ildən başlayaraq bu teatrda saysız-hesabsız rollar yaradaraq bir sıra
mükafatlar, mötəbər
qurumların fəxri fərmanlarını, diplomlarını
almışam, iki il dalbadal “İlin
ən yaxşı aktyoru” adına layiq görülmüşəm. Ancaq
yaradıcılığımın ən məhsuldar dövrünü 1996-1998-ci illəri
hesab edirəm. Rol aldığım bütün tamaşalar anşlaqla keçir, kassada bilet tapılmırdı.
- Repertuardakı hansı
tamaşalarda rol almısınız?
- Əksər tamaşalarda
rol almışam. “Bəydullanın möhtəşəm toyu”nda Bəydulla, “Volqalı canan”da Müqəddəsov, “Məsmə xala dayımdır”da Mahmudbəyov, “Hərənin
öz ulduzu”nda Kələntər kişi, “92 dəqiqəlik
gülüş”də
Novruzəli, “Əlin cibində olsun”da dilənçi, “Bankir adaxlı”da dilənçilərin padşahı, “Şeytanın yubileyi”ndə Şirvan və digər obrazları yaradıram. Hazırda yeni quruluşda hazırlanan “Subaylarınızdan görəsiniz”
tamaşasında Əlipaşa
obrazı mənə tapşırılıb. Bütün
həyatım, yaradıcılığım
teatrla bağlıdır
və bundan qürur duyuram.
- Novruz müəllim,
sizi yubileyiniz münasibətilə təbrik
edir və daha böyük yaradıcılıq uğurları
diləyirik.
İki sahil.- 2007.- 6
mart.- S. 6.