Məhərrəmova T.
Tamaşaçını
gülüşlə bağlı ac saxlamaq
lazımdır"
Çingiz Əhmədov, aktyor:
"Əgər aktyora yaxşı məvacib versələr, o, öz
mətbəxindən çıxmaz"
"Həyat səhnədir,
insanlarsa aktyor" - böyük Şekspirin bu fikirlərini
qəbul edənlər də var, etməyənlər də.
Musiqili Komediya Teatrının aktyoru, hamının
"Çina" deyib tanıdığı Çingiz
Əhmədov da bu fikirlərlə razılaşır. O da
deyir ki, hər insan aktyordur və həyatda oynayır. Ancaq o,
öz rolunu həyatda deyil, səhnədə oynayan aktyorlara
üstünlük verir. Onun aləmində aktyor
səhnədə dəyişməlidir, həyatda yox.
Udub-uduzmaq
qorxusu
-
Çoxları bəzən elə fikirləşir ki,
səhnədə gülüş yaradan və ya parodiya
çıxaran bir aktyorla müsahibə də oxucularda
gülüş doğurmalıdır.
- Bu fikirlə
razı deyiləm. Səhnə tamam başqa yerdir. Dahilər
həmişə deyirlər ki, səhnə müqəddəs
yerdir. Mən hətta teatra daxil olanda heç kim hiss etmir ki,
baş əyib içəri girirəm. Bu, mənim
içimdən gəlir. Komediya aktyorunun istər
küçədə, istərsə də başqa yerdə
hırıldamasına da pis baxıram. Səhnə
səhnədir, həyat da həyat. Hər şeyin öz yeri
var. Sadəcə, gülüş ustasının
üzündə daima bir təbəssüm olmalıdır.
Hamının min dərdi var. Heç olmasa, səni
küçədə görən bir insan az da olsa problemini
unutsun, qəlbi gülüşlə dolsun.
- Bəs bu
fərqliliyi ailədə, sənətdə və işdə
necə yaradırsınız?
- Fərqlilik
ondadır ki, oynadığımız əsəri
tamaşaçıya çatdıra bilirik. Ailəyə gəlincə,
hər bir ailənin balaca da olsa problemi var.
Çalışırıq ki, o problemləri həll
edək. Mən uşaqlıq illərində çox
ərköyün böyümüşəm, ancaq
əndazədən qırağa çıxmamışam.
Mənim tərbiyəmdə Əliağa
əminin, Fazil Salayevin, Hüseynağa Sadıqovun,
Ağasadıq Gəraybəylinin, Süleyman
Ələsgərovun böyük rolu olub. Nəsibə
Zeynalova evimizin içi idi. Mənim
aləmimdə aktyor səhnədə dəyişməlidir,
həyatda yox.
- Bəzən deyirlər ki,
həyatda problemlər varsa, onların da üzünə
gülümsəmək lazımdır. Gülüş
aktyorları üçün bunu etmək daha asandırmı?
- Çox çətindir. Bu yaxınlarda ailəvi dostumun bir problemi
yaranmışdı. Həmin problem
üçün vəzifədə olan bir adama ağız açdım.
Mən gülüşümdən orada
istifadə elədim və bununla da həmin işi
düzəltdim. Hardasa gülüş
belə məqamda dadımıza çatır. Yadımdadır ki, barmağımız
kəsiləndə və ya ayağımıza xırda bir
daş dəyəndə Əliağa Ağayev uşaq kimi
köməyimizə çatardı. İndi
o yük bizim çiynimizə düşüb. Kiməsə kömək edəndə
özümüzü xoşbəxt sayırıq. Bu, həyatdır, struktur belə qurulub.
- Bəzən deyirlər ki,
filankəs təpədən-dırnağa və ya
anadangəlmə aktyordur.
- Hər bir insan aktyordur. Hər bir insan həyatda oynayır. Bəlkə elə indi sizinlə söhbət
etdiyimiz bir vaxtda sizin də, mənim də sözlərim bir
oyundur. Mən öz arabamla yolla
gedəndə küçədən keçən insanı
hansısa bir tipə bənzədirəm. Fikirləşirəm
ki, bu adamın obrazını yarada bilərəm. Aktyorun həyatında belə şeylər çox
olur. Ona görə də deyirəm ki,
hər bir insan həyatda aktyordur. Sadəcə
bizim işimiz göz qabağındadır.
- Bəs bu oyunda udub-uduzmaq nə
qədərdir?
- Udub-uduzmaq odur ki,
tamaşaçı səni qəbul edirsə, udmusan, yox,
əgər tamaşaçı səni qəbul etmirsə,
demək, uduzmusan. Bilirsiniz, nə qədər
istedadlı insanlar var? Mən özüm
onların çoxuna demişəm ki, nə əcəb
aktyorluğa getməmisiniz? İnsanlar
öz seçimini edir və həyatda da o seçimlə
yaşayır.
- Çox vaxt aktyorların
haqqında deyirlər ki, onlar incə qəlbli, kövrək
məxluqlardır. Sizi aktyor olmayan insanlardan
fərqləndirən təkcə bu xüsusiyyətdir?
- Düzdür,
aktyorlar kövrək qəlbli insanlardır. Bəzən
elə bir məqam və ya məkan olub ki, orda olan
söhbəti fikrimə salıb kövrəlmişəm.
Gərək heç zaman aktyorun qəlbinə
dəyməyəsən. Aktyorlar hamı kimi bu həyatda
yaşayır, eyni havanı udur, eyni torpaqda gəzir. Biz
insanlara gülüş bəxş edirik, bunun
müqabilində isə çox az məvacib alırıq.
Düzdür, prezident son vaxtlar əmək haqqının
artması barədə sərəncam verdi. Ancaq yenə də
azdır. İnanın ki, aktyora yaxşı məvacib
versələr, o, heç vaxt teatrdan çıxmaz. Aktyorun
mətbəxi teatrdır. Yəni o, teatrda xörəyi
bişirir və onu tamaşaçıya təqdim edir. Dədə-babadan
deyirlər ki, incəsənət qurban tələb edir. O
qurban da bizdədir.
- Aktyorlar var ki,
əlavə qazanc əldə etmək üçün öz
istedadlarını teatrla bərabər toylara, restoranlara
paylaşırlar. Aktyorlar da var ki, cüzi məvaciblə
dolanıb "mən teatrdan başqa heç yerdə
işləyə bilmərəm" deyirlər. Siz isə
toylara gedirsiniz. Deyə bilərsinizmi, bu, sənət
baxımından əlinizdən nəyi alır?
- Heç bir
şey... Mən xoşbəxt bir sənətkaram ki, aktyorluq
edə-edə 10 il televiziya kanallarında veriliş
aparmışam. Bu verilişlərin də reytinqi
həmişə yüksək olub. Bununla əlaqədar olaraq
vaxtım olmur, ayda 2 və ya 3 toya gedə bilirəm. Toya da
ailəmi dolandırmaqdan, arabama baxmaqdan ötrü gedirəm.
İndiki zamanda 2-3 dostun qabağına çıxa
bilirəmsə, özümü xoşbəxt sayıram.
Yenə deyirəm, əgər aktyora yaxşı məvacib
versələr, o, öz mətbəxindən çıxmaz.
İncəsənət adamlarının toya getməsi
nəyə lazımdır? Aktyor həmişə pərdə
arxasında, əlçatmaz olmalıdır. Düzdür,
toya getmək də eyib bir şey deyil. Bir də
görürsən ki, kimsə cib telefonuma zəng edərək
məni axtarır. Və ya küçədə arabamla
gedərkən saxlatdırıb, "biz əhd eləmişik
ki, övladımızın toyunda siz iştirak
edəsiniz" deyir. İmkanım daxilində, o, toya
gedirəm. Toya getmək heç də qəbahət deyil.
Aktyor bir az da orada inkişaf edir. Həmin adam
yaradıcılığını bir az da toyda
təkmilləşdirir.
-
Şəxsən mən sizin iştirak etdiyiniz toylarda
olmuşam. Ancaq Çingiz-Rəhman cütlüyünün
oynadığı parodiyaların ssenarisini çox vaxt
dəyişməz görmüşəm. Bu cür repertuar
kasadlığı nə ilə bağlıdır?
- Toy
repertuarı mənim öz repertuarımdır, kiminsə
cibinə girib o repertuarı işlətmirəm. Ancaq cibə
girib repertuar işlədənlər də var. Elə
sənətkarlarımız var ki, Xalq artistidir. Ancaq 30
ildən artıqdır ki, eyni repertuar, eyni
düşüncə, eyni hərəkətlərlə
çıxış edən aktyorlar var. Artıq
tamaşaçı da bunu qəbul edir ki, bu, o insanın
özünündür. Toydan-toya fərq var. Əgər bir
adamın toyuna ikinci-üçüncü dəfə
gedirəmsə, o repertuarda dəyişiklik edirəm. Bu
dəyişiklik mütləq lazımdır. Elə insan olub
ki, müğənnini dəyişsə də, masabəyini
dəyişməyib. Mən də həmin məclisdə
dəyişikliklər eləməyə
çalışmışam.
Alqışları
eşidirəm
- Bəzən
deyirlər ki, filan aktyorun istedadı tükənib. Əsl
istedad tükənə bilərmi?
- Yox, əsl
istedad tükənə bilməz. Tükənmək də
onunla bağlıdır ki, aktyorla gərək reyissor
işləsin, ondan istədiyini ala bilsin. Tutaq ki, yol
gedəndə qarşına bir qızıl parçası
çıxır. Onu yerdən götürüb əlinlə
siləndə parıldadığını
görürsən. Sonra cib yaylığını
çıxarıb silirsən, bir az da parıldayır. Aktyor
da elədir. Onun istedadını üzə çıxarmaq
üçün işlətmək lazımdır.
- Reyissorlar sizin
potensialınızı lazımi qədər üzər
çıxara biliblərmi?
-
Təəssüflər olsun ki, yox! 1987-88-ci ildə Cahangir
Novruzov teatra gəlmişdi. O məni elə yoğurdu ki,
Çingiz olduğuma inana bilmədim. O günlərə
qayıtmaq istərdim. Aktyor istədiyi işi özü
tamaşaçıya çatdıra bilir, ancaq reyissorun fikri
tamam başqa olmalıdır.
- Olub ki,
həyatda qazandıqlarınız təsadüfi qızıl
tapıntısına bənzəsin?
- Elə bir
şey olmayıb. Tapdığım insanlar olub, onları da
itirmişəm. "Telefilm"in direktoru Nazim Abbas, Şahin
Əlibəyli, Kərim Kərimov, Tahir Tahirovla televiziyada
işləmək həm çətin, həm də asan idi.
Çətinlik onda idi ki, bu insanlar istədiklərini
məndən alırdılar. Mən o insanları
tapmışam, sonra da itirmişəm. Aramızdan nəhənglər
gedib. Onlar mənə çox iş verdilər, onlardan
çox şey götürdüm. Hüseynağa
Atakişiyevlə də uzun müddət
işləmişəm. Sonra Hacıbaba Bağırov məni
bu ata ocağına dəvət elədi. 83-cü ildən
91-ci ilə qədər bu teatrda işləmişəm. Sonra
kollektiv də dəyişildi. Müəyyən
səbəblər üzündən mən də bu teatrdan
uzaqlaşanlardan biri oldum. Bu teatra qayıdandan sonra Yusif Əkbərov
"Qısqanc ürəklər" tamaşasını
təhvil verdi. "Qısqanc ürəklər"
tamaşası bugünkü zamanın nəbzi,
tamaşaçının zövqü ilə
səsləşən tamaşadır.
Rəşad
Nuri Güntəkinin "Bir günlük siğə"
əsərində Helmi obrazını Hacıbaba
Bağırov oynamalı idi. Ancaq həmin rolu mənə
verdilər, mən də öhdəsindən gəldim.
Anarın "Adamın adamı" əsərində
Əlizadə obrazını oynayandan sonra Hacıbaba
müəllim məni öpüb: "Bu teatra səni
dəvət eləməkdə yanılmamışam" dedi.
Xoşbəxt sənətçiyəm ki, səhnəyə
çıxanda həmişə tamaşaçı
alqışını gözləyirəm və bu
alqışları eşidirəm.
- Siz bu teatrdan
uzaqlaşıb yenidən qayıdanda təbii ki, qoyub getdiyiniz
insanların çoxu yox idi. Başqa nələr
dəyişmişdi?
- Düzdür,
o insanların çoxu yox idi. Mən teatrdan gedən vaxtlarda
Vaqif Ağayev, Zemfira Quliyeva, Nəcibə Behbudova,
Şəfiqə Qasımova, İmamverdi Bağırov,
Əzizağa Qasımov, Mobil Əhmədov, elə
Nəsibə xanımın özü oynayırdı.
Gələndə teatrın binası yeni idi. Köhnə
aktyorlardan qalanlar da var. Teatrda istedadlı gənclər var,
ancaq bir az da maraqlı olmalı, gənclik də
gəlməlidir. Görün, bu teatrda kimlər
çalışıb, millətə gülüş
bəxş edib...
-
Gülüş yaratmaq çoxmu çətindir?
- Çox...
Aktyor elə oynamalıdır ki, tamaşaçı
içində qəhqəhə çəkib gülə
bilsin və onun yaddaşına həkk olsun. Necə ki, bu
gülüşü vaxtilə Nəsibə xanım
tamaşaçılara bəxş edirdi.
- İndi
"Bu şəhərdə", "Bakılı
oğlanlar", eləcə də telekanalların
müxtəlif əyləncəli verilişləri
vasitəsilə insanları güldürməyə
çalışırlar. Sizcə o gülüşlərin
əsl mahiyyəti nədir?
- Mən
heç vaxt onların tamaşalarına getməmişəm.
Cütlüyə gəlincə, onu Azərbaycanda ilk
dəfə mən yaratmışam. Bu, bir vaxtlar
"Səhər" verilişində gedirdi. O dövrdə
cütlüyü həmkarım Rəhmanla mən təqdim
eləmişəm. Sonradan müəyyən
səbəblərdən həmin cütlüyün
fəaliyyəti dayandı. 91-ci ildən yenidən
fəaliyyətimizi davam etdirdik. Bilirsinizmi, hər şeyin
öz zamanı var. Bu vaxtı elə saxlamaq lazımdır ki,
tamaşaçı səni intizarla gözləsin. Dörd il
ANS kanalında "Yeriniz məlum" verilişini apardım.
İndi də millət o veriliş üçün
acıyıb. Tamaşaçını gülüşlə
bağlı ac saxlamaq lazımdır. Bayağı
gülüşlərə yol vermək, söyüşlə
reytinq qazanmaq olmaz. Səhnə söyüşü sevmir.
İndi tamaşaçıların da zövqü korlanıb.
Nəyə baxdığını, nəyə güldüyünü
bilmir. Mən o gülüşləri artıq
eləmişəm. İndi onlar başlayıblar
eləməyə, ancaq baxanda görürəm ki, o deyil.
- Deyirlər ki,
aktyorların ən böyük qabiliyyəti onların
müşahidəçiliyi olmalıdır. Siz hansısa bir
məclisdə olanda və ya küçədən
keçəndə mütləq orada gülüş
axtarısınız?
- Getdiyin
yerə baxır. Sözsüz ki, tipayları axtarıram.
"Nə maraqlı adamdır, bunun obrazını
yaradardım" - deyə düşünürəm. Belə
hadisələr çox olur.
Biz bu
yükü daşımalıyıq
- Yeri
gəlmişkən, "Qısqanc ürəklər"
tamaşasına baxanların çoxu "bütün
yükü Çingiz çəkib aparır" dedilər.
Özünüz bu yükün
ağırlığını hiss eləmisiniz?
-
Eləmişəm... ona da dözürəm. Bunu
eləməliyəm. Yadımdadır, mən uşaq idim.
Nəsibə xanımın anası rəhmətə
getmişdi. Onda o, "Qayınana" tamaşasını
oynayırdı. Biletlər də satılmışdı.
Təsəvvür edin, Nəsibə xanım
səhnəyə keçib oynayırdı, sonra da
səhnə arxasına keçib ağlayırdı. Biz bu
yükü daşımalıyıq. Həmin tamaşada da səhnəni
darıxmağa qoymuruq. Mən öz səhnə
iştirakımı başa vurandan sonra o tempi Namiq Kamal
saxlayır, əlbəttə, kollektivin köməyi ilə. O
çıxanda isə mən saxlayıram.
Tamaşaçı ona görə darıxmır.
- İndi sizi
yenə televiziyada veriliş aparmağa
çağırırlarmı?
- Bu
yaxınlarda həftənin 5 günü, saat 17-dən
18.30-dək canlı efirdə veriliş aparmağı
təklif etmişdilər. Hətta böyük məvacib
verirdilər. Yenə də səhər 11-dən 12-dək
başqa canlı verilişə dəvət etmişdilər.
Ancaq bu, teatrdakı işlərimlə düz gəlmədiyi
üçün razılaşmadım. Ona görə də
hələlik canlı efirlərim alınmayıb.
-
Özünüzü sırf dramatik rolda
görürsünüz?
- Mən
görürəm, reyissorlar görmür. Hərdən
gülüşdən qaçmaq, dramatik rolda oynamaq
istəyirəm. "Bir günlük siğə"
əsərində Helmi obrazının həm gülüş
yaradan, həm də dərdini danışan bir səhnəsi
var. Səhnədən hiss eləmişəm ki, həmin
epizodda tamaşaçıların gözündən yaş
axır.
-
Çıxış etdiyiniz toyların gerçək
mənzərəsi necədir? Sizə qulaq asırlarmı?
-
Müəyyən vaxta qədər qulaq asırlar.
İstər müğənni, istərsə də masabəyi
məclis əhlinin müəyyən qədər nəyə
qulaq asdığını bilir. Yəni içənə
qədər qulaq asırlar. İçəndən sonra
isə "filan mahnı, musiqi" - deyə sifarişlər
başlayır. Nəticədə ara qarışır,
məshəb itir.
- Onda siz də
"xaltura"ya yer verirsiniz?
- Yox,
çalışırıq ki, o insanın qəlbinə
dəyməyək. Onun sifarişlərini müğənni
və musiqiçilər yerinə yetirməyə
çalışırlar.
- Reyissorluq
fikriniz yoxdur ki?
- Hərdən
fikrimdə olur. 2006-cı ildə Heydər Əliyev adına
Sarayda verdiyimiz konsert proqramında əksər
səhnələri özüm qurmuşdum.
- Tutaq ki, ortaya
yaxşı bir tamaşa çıxarmalısınız
və bu, müəyyən məbləğdə pul
tələb edir. Bundan ötrü lazım gəlsə, arabanızı
satarsınız?
- Bilirsinizmi,
mən hələ tam nəsə hazırlamaq fikrində
deyiləm. Ancaq
belə bir riskə getmək olar. Bəlkə də müəyyən
yaş dövründən sonra ola bilsin ki,
nəsə hazırlayım. Ola bilər, bu,
bizim nəslimizdə, qanımızda var. Hərdən
mənə sual verirlər, nəyi oynamısan, nəyi
oynamamısan? Ötən il
dekabrın 27-də 44 yaşım tamam oldu. Dedim ki, indi
deyə bilmərəm, Allah qoysa, 50 yaşımda
Məşədi İbadı oynamaq arzum var.
- Yaş məsələsinə
toxundunuz. Adətən qadınlara yaşla
bağlı sual verəndə "qadın üçün ən
yaxşı dövr hansıdır" - deyə soruşurlar.
Kişilər analoyi suala necə cavab verərdi?
- Bilmirəm nə ilə
bağlıdır, əksər kişilər
yaşını deməyə qorxur. Elə
sənətkarlarımız olub ki, yaşını
gizlədib. Ancaq bilmirəm, bu nəyə
lazımdır. Bu həyatda nəyin varsa,
sənin özünündür. İllər
keçsə də, mən heç vaxt yaşımı
gizlədən deyiləm.
- Təbiətinizi necə
xarakterizə edərsiniz?
- Məndə o ciddilik var.
Gülüşü səhnədə tamaşaçıya
bəxş edib özüm yoruluram. Hətta həyat
yoldaşım bəzən: "Səhnədə, küçədə
camaatla gülürsən, evə çatanda qaraqabaq
olursan" - deyə şikayətlənir. Söz
mənə toxunur, başlayıram onların nazını
çəkməyə.
- Deyirlər ki,
dinə görə, kişinin qızıl taxmağı
qadağandır. Bu sualı boynunuzadakı sepə görə
verirəm.
- Bilirsiniz,
qızılın bədənə həmişə
köməyi olur. Rəhmətlik anam vaxtilə öz boyun
sepini mənə bağışlayıb dedi ki, bunu yadigar kimi
özündə saxla, boynundan çıxarma. O vaxtdan bu
söz beynimdə həkk olundu. Elə o vaxtlar da
qızılın bədənə xeyri olduğunu
dədə-babadan eşitmişəm.
- Əgər
həyat yoldaşınız aktrisa olsaydı, onunla
evlənərdiniz?
- Yox,
özünə də demişəm. Bilirsiniz, mənim
xəmirim sənət aləminin içində yoğrulub. 13
yaşımda həm Xalq teatrında, həm də televiziyada
möhrümü vurmuşam. Elə aktrisalar var idi ki, indi Xalq
artistidir. Bir vaxt mənimlə oynamaq istəyirdilər, ancaq
indi mənimlə danışmırlar. Heç vaxt
istəməmişəm ki, həyat yoldaşım aktrisa
olsun. Yoldaşım hüquqşünasdır. 91-ci ildə
ailə qurdum. Sonra qızım Çinarə, daha sonra
oğlum İbrahim dünyaya gəldi. Yoldaşım universiteti
bitirmişdisə də, hər şeyi mənə
görə qurban verdi. Mən
onu işləməyə qoymadım. O, uşaqların
tərbiyəsi ilə məşğul oldu. Ailəmdən
çox razıyam.
Maraqlı və
xoşbəxt adam
- Xoşbəxt sənətkar olmaq
insanın şəxsi həyatına da dəlalət edirmi?
- Həyatda bir həyat
yoldaşımı, bir də arabamı
dəyişməmişəm. Xoşbəxt sənətkaram
ona görə ki, sənətlə bərabər 10 il sərasər həm dövlət
kanalında, həm də özəl kanallarda veriliş
aparmışam. Bu, hər adama nəsib olmur.
- Tez-tez arabanızın adını
çəkir, üstəlik, onu dəyişmədiyinizi
deyirsiniz. Siz bunu qədim kişilərin ata
sadiqlik nümunəsi kimi dəyərləndirirsiniz?
- Bir var öyrəşdiyin
arabanın hər sirrini bilirsən, bir də var gedib yenisini
alırsan və ondan başın çıxmır.
- Yeni maşın markalarına da onu
dəyişmək istəməzsiniz?
- Bilirsinizmi,
"ayağı yorğana görə uzadarlar".
Sadəcə, dözürəm və gözləyirəm.
İnanıram ki, gün-gündən vəziyyətimiz
yaxşı olacaq.
-
Özünüzü parodiya edə bilərsiniz?
- Hərdən
edirəm.
- Necə
alınır?
- Özüm
üçün içimdə maraqlı olur.
- Ola bilərmi
ki, siz bunu ekranda, səhnədə tamaşaçılar
üçün edəsiniz?
- Ola bilər.
Anarın əsərində Əyrizadə obrazında
müəyyən mənada özüm özümü parodiya
edirəm. Həmişə uşaqlıq illərimdən
parodiyalarla çıxış eləmişəm.
Həmişə də İlham Namiq Kamalın
oynadığı xor diriyoru Əntərzadə obrazına
müraciət edirdim. Mənim sənətə
gəlməyimdə İlham müəllimin böyük rolu
oldu.
- Sizə
qocalanda da "Çina" deyilsə, xoşunuza
gələcək?
- Anam
rəhmətlik həmişə məni "Çina"
deyib çağırırdı. Mən bu adla fəxr edirəm. Xalq artisti
adı almamışam. Elə Xalq
artistləri var ki, səhnəyə çıxırlar,
onları tanımırlar. Elələri
də var ki, "Torqovı" küçəsində
gəzir, onu tanımırlar. Əgər
Çingiz səhnəyə çıxırsa və ona
"Çina" deyirlərsə, deməli, bu, mənim
fəxri adımdır.
- Ən çox həyatda
nədən şikayətlənirsiniz - vaxtın
keçməyindən, yaşa dolmağınızdan...?
- Uşaqlıq illərində vaxt
gözümə görünmürdü. Onu
gözləyirdim ki, tez böyüyüm. İndi
isə vaxt çox sürətlə uçur. Bir vaxtlar isə bu vaxt çox uzun çəkirdi.
- Sizə yaşamağı bacaran adam demək olarmı?
- Mən bu teatrda
çalışıramsa, televiziyada insanlara nəsə
çatdıra bilirəmsə, ailəmin yanında
yaşamağı bacarıramsa, demək, həm maraqlı
adamam, həm də xoşbəxt.
Kaspi.- 2007.- 31 mart.- S. 22.