Turanə
Komediyaya
yüngül janr kimi baxırlar
Novruz
Qartal: Can arvaddan şirindir
Bu gün Novruz
Bayramıdır. Körpələrdən tutmuş
yaşlı nəslin hətta həyatdan küskün
nümayəndələri də, hamı sevinir. Gəlişi
ilə hətta bütün küsülüləri
barışmağa vadar edən bu el bayramı hər kəsin
üzündə təbəssüm yaradır. Bu günü
hərə bir cür qeyd edəcək. Kimi qonaq
gedəcək, kimi isə qonaq qarşılayacaq. Müsahibimiz
isə, yəqin ki qonaq yolu gözləyənlərdən
olacaq. Çünki, bu gün onun üçün ikiqat
bayramdır. Qonaqlar onunla həm bayramlaşmağa, həm
də yubileyini təbrik etməyə gələcəklər.
Bu gün sevilən aktyor Novruz Qartalın 60 yaşı tamam
olur.
Sənətinin fanatı
-Uşaqlıqdan
görkəmli sənətkarlar Lütfəli Abdullayev və
Nəsibə Zeynalovaya fanatlıq edirdim. Aktyor olmaq
həvəsi onlara olan sevgimdən yarandı. Orta
məktəbdə dram dərnəyində oynayırdım.
Həmyaşıdlarım arasında tanınmaq mənə
xoş təsir bağışlayırdı. Məktəbi
bitirib, o zamankı Teatr İnstitutuna qəbul oldum.
Həsənağa Salayev, Ədil İsgəndərov kimi
böyük sənətkarlardan dərs aldım. Sonra
Şıxəli Qurbanovun rəhbərliyilə Musiqili Komediya
Teatrında işləməyə başladım.
“Gözün aydın”, “Durna”, “Hicran”, “Toy kimindir”
tamaşalarında ünsiyyət qurmağı belə
xəyal etdiyim Nəsibə xanımla, Lütfəli
Abdullayevlə tərəf-müqabili oldum. Rəhmətlik
Nəsibə xanım mənə çox dəstək olub.
Mənəvi anam idi. Dahi sənətkarlardan öyrəndim.
Müəllimlərim
Şəmsi Bədəlbəyli, Süleyman
Ələsgərov, Nəsibə Zeynalova, Lütfəli
Abdullayev, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi
sənətkarlarla çiyin-çiyinə
çalışdığım üçün fəxr
edirəm.
Fəxri adsız da
sevilir
- Korifey
sənətkarların tərəf-müqabili, Şəmsi
Bədəlbəyli kimi dahi rejissorun asistenti olsam da bu gün
özümə qarşı bir qədər biganəlik hiss
edirəm. Məndən sonra sənətə
gələnlərin bir çoxunun fəxri adları var.
Nə olsun, amma xalq o çoxlarını tanımır.
Xoşbəxtliyim ondadır ki, fəxri adlarsız da
sevənlərim var. Teatrda səhnələşdirilən
tamaşaların mütləq əksəriyyətində rollarım
var. Düşünürəm, görəsən mənim
qədər rüb ərzində tamaşa təhvil verən
ikinci aktyor var?
Bu il səhnə fəaliyyətimin
40 ili tamam olur. Teatrda “10 min dollarlıq kef”də
Əmioğlu, “Dəli dünya”da Tıntın Əsəd,
“Məhəbbət oyunu”nda Doktor Daşdəmirov,
“Məsmə xala dayımdır”da dilənçi, “İtkin
ər”də Əlfiled kimi bir-birindən maraqlı rolları
canlandırmışam. Bu müddət
ərzində bir dəfə də olsa gileylənməsəm
də elə şeylər var insanı danışmağa
vadar edir. Həm sənətdə, həm
də həyatda bir çoxları kimi
çətinliklərlə üzləşmişəm.
Müqabilində isə qazandıqlarım
sadəcə tamaşaçıların sevgisi və
alqışları olub. Buna da
şükür. Amma ailəmin yanında
xəcalətliyəm. Çünki, 40
illik əməyimə rəğmən hələ də bu
yaşımda kirayələrdə yaşayıram. Dostlarımın,
ailəmin gileyi çox vaxt bu sənəti seçdiyim
üçün məni peşman olmağa sövq edir. Bir
qədər düşündükdən sonra
görürəm ki, yox, aktyor olmasaydım içimdə
tüğyan edən yaradıcılıq hisslərini
heç cür cilovlaya bilməzdim. Allah ulu öndərimiz
Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
O uzaqgörən şəxsiyyət sənətimi
yüksək dəyərləndirərək mənə
“Prezident mükafatı” ayırmışdı. İki il
mükafat hesabına ailəmi bir qədər yaxşı dolandıra
bildim. Amma bunu da mənə çox gördülər.
Üçüncü il adım siyahıdan
çıxarıldı. Bir sözlə, mükafat
əlimdən alındı. Hələ də baiskarın
kimliyindən bixəbərəm.
Gənclərdən
gileyliyəm
- Gənclərin
əksəriyyəti tamaşaçıları bayağı
gülüşə cəlb etməyə
çalışır. Bu, düzgün yol deyil. Axı bu
cür ucuz yollarla tamaşaçıların
zövqünü korlamaq olmaz. Gülüş
əsərdən, obrazdan doğduğu zaman yerinə
düşür. Bir-iki tamaşam var ki, orada qadın
obrazını canlandırıram. Mən də qadın
paltarı geyinib səhnəyə çıxıram.
Güldürmək qadın paltarı geyinərək,
özünü gülünc vəziyyətə salmaq
demək deyil. Əsas odur ki, tamaşaçını
peşəkar aktyor oyunu ilə maraqlandıra biləsən. Sənətdən
uzaqlaşaraq başqa sahələrə üz tutan
gənclər unudurlar ki, bir müddət keçdikdən
sonra özlərini dərk etmədən belə məhv
olacaqlar. Bir çoxları komediyaya yüngül janr kimi
baxır. Əslində isə bu çox mürəkkəb
sahədir.
Musiqili Komediya Teatrında
üç prinsip var - mahnı, rəqs və
danışıq. Rəqs edərək həm də səlis
danışmaq bu janrı bəyənməyənlərə
heç də asan gəlməsin. Teatrımızda baş
çıxarmaq çətin məsələdir.
Çünki, hər aktyor rəqsdən sonra obrazlı
danışa bilmir. Hamı komediyanı yalnız gülmək
kimi başa düşür. Əslində isə bu janr
tamaşaçını bir qədər
düşündürür. Komediya ilə satiranı bir-birindən
ayıra bilməyən aktyorlar da var. Hər qadın rolunu
oynayan kişinin əynindəki paltardan bir balaca açıq
yer görünən kimi tamaşaçının
gülməkdən ürəyi gedir.
Arvadından qorxmayan
kişi deyil
-Dava-dalaşla aram yoxdur.
Gəncliyimdə də olduqca zarafatcıl olmuşam. Yəqin
elə buna görə qızlar məni çox
istəyiblər. Hətta məni görməyəndə
darıxdıqlarını belə etiraf edirdilər. Hamıda
olduğu kimi ilk sevgim orta məktəbdə olub. Amma o
münasibətdən bir şey çıxmadı. Demək
ki qismət deyilmiş. Bu haqda məni çox danışdırmaqla
qorxuram ki, arvadla düşmən edəsiniz. Sonra məni
öldürəcək. Uşaqlıqdan dava-dalaşdan uzaq
olsam da çox dəcəl olmuşam. Müəllimlərim
əlimdən dad edirdi. Hamıya səsim çıxsa da o
vurulduğum qızcığazın önündə quzuya
dönürdüm. Bir söz deməyə belə cəsarət
etmirdim. İstəyimi, demək olar ki, hamı bilirdi.
Zamanın çarxı
elə dəyişdi ki, bir gün özü mənə
məktub yazdı. Elə bir məktub yazmışdı ki,
heç oğlan qıza elə namə göndərə
bilməzdi. Məktubda nələr yox idi ki, şirin
sözlərdən adamın ağlı
qarışırdı. Nə isə... Hamının
həyatında belə hadisələr olur. Ömür
tarixçəmizdir də, axı neyləyə
bilərik ki?.
Can arvaddan şirindir
- Dənizi seyr etməyi, gəzməyi çox
sevirəm. Amma
istirahət etməyə vaxt tapa bilmirəm. 1996-cı
ildə teatrın bədii rəhbəri Hacıbaba
Bağırov məni aktyor truppasına müdir təyin
elədi. O vaxtdan isə dənizi sadəcə
pəncərədən seyr etməklə
kifayətlənəsi olmuşam. Daxilən
zəif olmasam da qorxduğum vaxtlar olur. Etiraf
edim ki, ən çox itdən və ilandan qorxuram. Uşaq idim. Həyətimizdə
bir it var idi. Qorxduğumdan uzaq olmağa
çalışsam da bir gün məni tutdu. Diş
izləri mənə ondan və uşaqlığımdan
yadigar olaraq qalır. Uşaq deyildim, hətta
evli idim. Həyat yoldaşımla yol
geçirdik. Qəflətən
üstümə cuman it o qorxu hissini yenidən mənə
yaşatdı. Qorxudan necə qaçdımsa
yoldaşım yadımdan çıxdı. Gülməli olsa da, can arvaddan şirindir.
Bayram bayrama qarışır
-Novruz bayramı mənim üçün özəl
günlərdəndir. Həmin gün bayramla
yanaşı həm də doğum günümü qeyd
edirəm. Həmin gün
əhval-ruhiyyəm hədsiz gözəl olur, çünki
ailəmlə, dostlarımla birgə, demək olar ki,
hımı mənim ad günümü də qeyd
eləmiş olur. Novruz bayramının
özünəməxsus gözəlliyi,
adət-ənənələri var. Bilirsiniz ki, bu bayramda qulaq
falına çıxarlar, papaq atarlar. Mən
bu qədim adətlərin bu gün də
yaşamasının tərəfdarıyam.
Arzular sonsuz və
tükənməzdir. Bu il də həmçinin. Novruz bayramı ərəfəsində də
bütün küsülülərə
barışmağı məsləhət görərdim.
Xalqımıza əmin- amanlıq,
cansağlığı, ruzi-bərəkət arzu edirəm.
Novruzun elçisi Qartalmış
-”Qartal” təxəllüsünü
götürməyim gözlənilmədən oldu. Gürcüstanda üçgünlük qastrol
səfərində idik. Mənə
dedilər ki, bu qədər təhqirlərə məruz
qaldın. Gözün tutuldu, səsin
batdı, yenə də səhnəni tərk etmədin.
Ay Novruz, doğrudan da qartalsan ey. Bir gün
isə işə gələndə afişalarda “Novruz Qartal”
adını gördüm. Doğrusu,
məndə bir qədər çaşqınlıq
yarandı. Dedim yəqin işə yeni işçi
götürüblər. Soruşanda isə mənə
güldülər ki, Novruz müəllim heç öz
təxəllüsünü də bilmirmiş ki.
Yeni
Azərbaycan.- 2007.- 20 mart.- S. 8.