Məhərrəmova T.

 

Rübabə xanımın ən çox sevdiyi Məcnun

 

Mais Salmanov cavanlığının geridə qalmasına çox heyifsilənir

 

Ömrünün yaddaqalan günləri az olmayıb. Lakin 1978-ci ilin bir qış gecəsini heç unuda bilmir. Həmin gün opera səhnəsində 25 illik əməyinə yüksək qiymət verilərək Respublikanın Əməkdar artisti adına layiq görülmüşdü. Həmin gün ümummilli liderimiz Heydər Əliyev Mais Salmanovun evinə telefon açaraq sənətkarı təbrik etmişdi. Bu, sənətə, sənətkara göstərilən diqqət və qayğının təcəssümü idi.

İndi o zamandan 30 ilə yaxın vaxt keçir. Zaman axarında, dövran öz gərdişində... Mais Salmanov keçib gedən cavanlığını həmişə təəssüf hissi ilə xatırlayır...

- Şəmkir rayonunda özfəaliyyət klubunda işləyirdim. Tez-tez kolxoz və sovxozlara qastrollara gedirdik. Rəhmətlik dayım yaxşı saz çalırdı, gözəl də oxumağı vardı. Mən də oxumağı ondan öyrənmişdim. O vaxt Gülxar Həsənova, Əlövsət Sadıqov, Həqiqət xanım tez-tez rayonumuza qastrola gəlirdilər. Mən onlara maraqla qulaq asır və ürəyimdən oxumaq istəyi keçirdi. Mənim oxumaq istəyimi isə ailəmizdə pis qarşıladılar. Çünki bizim nəsildə hamı peşə adamları idi. Atam isə prokuror idi.

- Qardaşınız Fərman Salmanov ömrünü neftçi peşəsi ilə bağladı. Keçmiş ittifaqın sayılıb-seçilən məşhur neftçilərindən birinə çevrildi. Siz isə ondan fərqli olaraq incəsənəti seçdiniz. Yollarınız necə oldu ki, haçalandı?

- 1953-cü ildə qardaşım komsomol putyovkası ilə Sibirə getdi. Onu 5-6 il görə bilmədik. Belə oldu ki, Fərman öz sahəsində kamil bir mütəxəssisə çevrildi. Onun yanına gedənlər də necə böyük bir hörmət sahibi olduğunu görmüşdülər. O, hazırda elmlər doktorudur, Moskvada yaşayır. Onu Bakıya çox dəvət etdilər. Amma qonaq kimi gəlib-gedəndə də prezident onu qəbul edir. Mən isə ailə üzvlərimizdən fərqli olaraq oxumaq istəyimdən əl çəkə bilmədim. Atamın etirazına baxmayaraq, musiqi sənətinin arxasınca getdim.

- Səhv eləmirəmsə, sizin fəaliyyətinizin ən qızğın dövrü Opera Teatrında çalışdığınız illərə təsadüf edir.

- 1954-cü ildən Opera Teatrında solist kimi işə başladım. Rübabə xanımla opera səhnəsinə bir vaxtda gəlmişik. Məni bu teatra müəllimim Seyid Şuşinski apardı. Onda 20 yaşım vardı. Həmin il Opera Teatrının rəhbərliyi işə qəbul üçün böyük bir müsabiqə elan etmişdi. Şəmsi və Əfrasiyab Bədəlbəyli qardaşları məni opera üçün hazırlamaq istədiklərini bildirdilər. Oxuduğum "Mahur-hindi" muğamı münsiflər heyəti tərəfindən bəyənildi və tələbə ikən operaya işə qəbul olundum. Gündəlik dərslər, operada gərgin məşqlər məni usandırmadı. İlk vaxtlar "Sevil"də Azançı, "Koroğlu"da Carçı kimi xırda, lakin yaddaqalan obrazlar yaratmaqla rəhbərliyin də, sevimli müəllimlərimin də ümidlərini doğrultdum. Çox keçmədi ki, reyissor Soltan Dadaşov mənə "Leyli və Məcnun" da Zeyd, İbn Səlam, Aşıq Vəli kimi rollar tapşırdı. Bu rolların da öhdəsindən uğurla gəldim. Nəhayət ki, mənə Məcnun rolu tapşırıldı. İlk tərəfdaşım da Rübabə Muradova oldu. Hüseynqulu Sarabski, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev kimi tanınmış aktyorlardan sonra Məcnun oynamağın mənim üçün böyük etimad olduğunu bilirdim. Məni ruhlandıran reyissor Soltan Dadaşovun, Bəhram Mansurovun, Həqiqət xanımın, Gülxar Həsənovanın qayğısı idi. Səhnəmizin ulduzları Rübabə xanımla "Leyli və Məcnun"u oynadıqdan sonra mətbuatda təriflər yazılmağa başladı. "Kommunist" qəzeti öz səhifəsində "Səhnəmizə yeni Məcnun gəlir" başlıqlı iri bir yazı dərc etmişdi. Mən Bakıya xanəndə olmaq üçün gəlmişdim. Amma elə oldu ki, taleyimi opera səhnəsinə bağladım. Bu işdə təkcə səsin kifayət etmədiyini başa düşdüm. Musiqi məktəbini bitirən ili İncəsənət İnstitutuna daxil olub, əvvəl musiqili komediya, sonra isə reyissorluq fakültələrini bitirdim. Beləliklə, muğamatı Seyiddən, aktyorluğu Ədil İsgəndərovdan, reyisorluğu isə Mehdi Məmmədovdan öyrəndim.

- Rəhmətlik Rübabə xanımla ilk çıxışınızı necə xatırlayırsınız? Hər halda, elə bir səs sahibi ilə tərəf-müqabil olmaq da asan məsələ deyildi.

- Mən də gənc idim, səsimin gur-gur çağlayan vaxtları idi. Kaş ki görəydiniz, Rübabə xanım səhnədə necə ağlayırdı. İnanın salonda oturanların hamısı da onunla birgə ağlayırdı. Mən hələ də belə bir ifa görməmişəm. Rəfael Hüseynov o vaxt "Azərbaycan" yurnalında Rübabə xanımdan aldığı müsahibəsində soruşub ki, indiyə qədər ən çox xoşladığınız Məcnun kim olub? Rübabə xanım: "Ən çox sevdiyim Məcnunum Mais Salmanov olub. Mən obrazı yalnız onda görürdüm" cavabını verib. Xəstəxanada olduğu günlərdə Bəhram Mansurovun həyat yoldaşı Münəvvər xanıma da eyni sözü deyibmiş.

- İndiyədək siz neçə Leyliyə Məcnun olmusunuz?

- Bir dəfə Həqiqət xanımla oynamışam. Daha sonra tərəfdaşlarım Gülxar Həsənova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova olub. Flora Kərimova ilə də oynayacağdım. Ancaq onunla dalaşdılar, o da daha Leyli oynamağa gəlmədi.

- Eşitmişəm ki, Rübabə xanım Flora Kərimovanın Leylisini ironiya ilə qarşılayırmış.

- Düzdür, bu obraza görə Rübabə xanımda hər kəsə qarşı bir qısqanclıq vardı. O, hər müğənninin ifasını bəyənmirdi. Xüsusilə də Leyli rolunu oynayanlara həddindən artıq vasvası münasibəti vardı. Onun muğam oxuması Allah vergisi idi. "Leyli və Məcnun"da ölüm pərdəsi Rübabə xanımın ifasında çox gözəl idi. Bir də Gülxar Həsənova çox gözəl oxuyurdu. O vaxt opera müğənnilərinin ən yaxşı cəhəti bu idi ki, bir-birilərini təkrar eləmirdilər. Hər birinin öz yolu vardı. Düz 15 il Məcnun kimi səhnəyə çıxdım. Arif Babayev operaya məndən 10 il sonra gəldi və Məcnunu oynamağa başladı.

- Bu gün opera səhnəsinə yeni-yeni məcnunlar, leylilər gəlir. Onların ifasından razısınızmı?

- Yox, mən çox narahatam. Yaxşı Məcnunlarımız var. Amma obrazı o qədər də yaxşı tuta bilmirlər. Səbəbi bilirsiniz nədir? Əruz vəznini yaxşı bilmirlər. İndi əruzu tədris edən savadlı müəllimlər yoxdur. Rayonlarda bu vəziyyət daha bərbaddır.

- Bəs Filarmoniyanın çal-çağırlı dövrünü necə xatırlayırsınız?

- Gərək Xan əminin, Şövkətin, Sara xanımın oxumağına bənzər oxuyaydın ki, səni ora yaxın buraxaydılar. Seyid Şuşinski deyirdi ki, "biz hamımız yaxşı oxumuşuq, amma Xan dövrün Karuzosudur. Muğam sahəsində heç kim Xan əmi kimi oxuya bilməz". Şövkət xanımın lirikasını, Sara xanımın "Qatar", "Şahnaz" muğamlarını kim onlar kimi oxuya bilər? O vaxt filarmoniyanın müdiri Şəmsi Bədəlbəyli idi. Hər gün konsertlər keçirilirdi. Konsertlərə də bilet tapmaq mümkün deyildi. Yadımdadır, İran müğənnisi Mərziyə gəlmişdi. Həmin gün filarmoniyada iynə atsan yerə düşməzdi. Onun o vaxtı dillər əzbəri olan bir mahnısı vardı: "Rəftəm ki, rəftəm" (Getdim ki, getdim). Mərziyə xanımın İranda 24 kəndi vardı. Onun gəlişi Azərbaycanda çox böyük maraqla qarşılandı. Ondan sonra Bakıya qastrola gələn digər İran müğənnisi İlahədən xahiş etdilər ki, Mərziyə xanımın həmin məşhur mahnısını oxusun. Amma İlahə oxumadı. Dedi ki, bu Mərziyə xanımın repertuarıdır. Bizdə heç kəs başqasının mahnısını oxumur. Onlar bir-birilərinin repertuarına belə hörmət edirlər. Biz də isə bir mahnı bir neçə müğənninin ifasında səslənir. Çox təəssüf ki, indi nə filarmoniya var, nə də əvvəlki ifaçılar. O vaxt biz tanınıb sevilmək üçün uzun və çətin bir yol keçməli idik. Mən 60-70-ci illərdə tarzən Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri ansamblı ilə "Çahargah", "Şur" muğamlarını, təsnifləri, xalq, eləcə də bir çox bəstəkar mahnılarını lentə yazdırdım. Ümumittifaq "Melodiya" səsyazma studiyası qrammofon valını böyük tirayla satışa çıxardı. Almaniya, Tunis, Əlcəzair, Yaponiya, Polşa, İtaliya kimi xarici ölkələrə qastrol səfərlərində qazandığım uğurlar mənə şöhrət gətirdi. Yəni biz sevilməyə və populyarlaşmağa can atmırdıq. Zəhmət çəkirdik, istedadımıza güvənir və bəhrəsini görürdük. İndikilər isə bircə mahnı ilə artıq ulduza çevrilirlər. Hərə də özünə bir "ad" qoyur.

- Bir ara texniki-peşə məktəbinə rəhbərlik edirdiniz. Bərbər, aşpaz, makinaçı kadrların hazırlanması işi ilə sizin sənətinizin arasında yerlə-göy qədər fərq vardı axı. Orada işləməyə necə razılaşmışdınız?

- 1981-ci ildə Respublika Təhsil Nazirliyi 18 illik pedoqoyi və opera - vokal sənətində qazandığım təcrübəni nəzərə alaraq, mənə Ağdam Musiqi Məktəbinə rəhbərlik etməyi tapşırdı. Orada işlədiyim 7 il ərzində neçə-neçə gənc istedadın yetişib ərsəyə çatmasında xidmətim oldu. Həmin dövrdə böyük müvəffəqiyyət qazanmış "Qarabağ bülbülləri" də məhz bu məktəbin yetirmələri oldu. 1989-cu ildə isə məni nümunəvi işimə görə, Bakı Mədəni Maarif Texnikumuna direktor təyin etdilər. Ancaq Xalq Cəbhəsi dövründə məni işdən azad etdilər. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ərizə ilə ona müraciət etdim. O, mənim məktubuma dərkənar qoydu ki, araşdırsınlar. Ancaq onun xəbəri olmadan məni gətirib 15 saylı texniki-peşə məktəbinə direktor təyin etdilər və dedilər ki, "burada müvəqqəti çalış səni işlə təmin edəcəyik". Hal-hazırda heç yerdə işləmirəm. Elə bilirəm, bilik və təcrübəmi öz sahəmə yönəltsəm, xalqımıza daha çox xeyir verə bilərəm. Bərbər sənətinə gəlincə, onlar da gözəlliyin xidmətində duran insanlardır. Lakin bu sahənin də öz peşəkarları var.

- Sonuncu dəfə sizi nə vaxt ekranda görməyimi xatırlaya bilmirəm.

- Nədənsə ruhum yoxdur. Televiziyaya o qədər də çıxmaq istəmirəm. Bilirsiniz niyə? İndi telekanallara elə açıq-saçıq adamlar çıxır ki, fikirləşirəm ki,artıq ora mənim tay-tuşlarımın yeri deyil.

- Mais müəllim, ötən illər üçün qəribsəyəndə lent yazılarının yaddaşında əbədiləşən səsinizə qulaq asıb hansı hissləri keçirirsiniz?

- Hər şey kino lenti kimi gəlib keçir gözlərminin önündən. Ən çox cavanlığımın keçib-getdiyinə heyifslənirəm. Heyif, keçib-getdi cavanlıq!

 

Kaspi.- 2007.- 2 mart.- S. 16.