Məhərrəmova T.
Öz səsində əriyən
ömür
Şövkət Məmmədova
sənətdə saxtalıqla, laqeydliklə barışa
bilmirdi
O, dünyaya ölümsüz bir
ömür yaşamağa gəlmişdi. Adi
insani tələblərin, xırda istəklərin
fövqündə durmağı bacaran ülvi,
əlçatmaz duyğularla yaşayan bir insan idi o.
Özündən sonra da dünyada gəncliyini,
məlahətini heç vaxt itirməyəcək bir səs
qoydu. İllər, qərinələr ötsə də,
heç vaxt qocalmayacaq bir səs...
Qeyri-adi musiqi
duyumu
...Ötən
əsrin sonlarında, çiçəkli bahar
günlərinin birində Tiflisin köhnə
məhəlləsində çəkməçi
Həsənin ailəsində gözəl bir qız
uşağı dünyaya gəldi.
Şanlı-şövkətli olsun deyə... adını
Şövkət qoydular onun. Şövkət də, bir
yaş kiçik qardaşı Müqbil də
ata-analarının, nənələrinin sevgi və
nəvazişi ilə böyüyürdülər.
Çəkməçi Həsən (bu ad Tiflisdə
məşhur idi) sadə peşə adamı olsa da, işinin
mahir ustası idi. Daxilən ziyalı bu adam sənətə,
musiqiyə yüksək qiymət verirdi.
O
zamankı Tiflis Qafqaz xalqları mədəniyyətinin
mərkəzi kimi tanınırdı. Qədim
şəhərin köhnə məhəllələrində,
əyri-darısqal küçələrində, Şərq
bazarlarında bütün günü yerli əhalinin adət
edib sevdiyi, aşıq və sazəndələrin
ürəkdən çalıb-oxuduqları el havaları,
şirin mahnılar səslənirdi. Ancaq
şəhər sakinlərinin maraq dairəsi yalnız xalq
musiqisi ilə məhdudlaşmırdı. O zaman bütün
Qafqazda ilk musiqi müəssisələri, teatrlar Tiflisdə
yaradılmış, qəzetlər burada fəaliyyətə
başlamışdı. Bax, balaca Şövkət belə bir
mühitdə tərbiyə alıb böyüyrdü.
Həsən
kişi övladlarının düzgün tərbiyə
alması, əsl ziyalı kimi böyüməsi
üçün əlindən gələni edirdi. 6
yaşlı balaca Şövkət A.Kitesanın
maliyyələşdirdiyi özəl məktəbdə
təhsil alırdı. Qızın valideynləri,
xüsusən anası uşağın
dərslərinə ayrıca diqqət və
qayğıkeşliklə nəzarət edirdi. Ancaq tezliklə
məlum oldu ki, bu məktəb onların gözlədikləri
səviyyədə deyil. Odur ki, qızı
məktəbdən çıxardılar. Hər gün
"Müqəddəs Nina" təhsil ocağının
müəllimi Yelena Nesterovna Kandelaki evə gəlib balaca
Şövkətlə məşğul olurdu. Onun evə
hər gəlişi Məmmədovlar ailəsi
üçün əsl bayrama çevrilirdi.
Şövkətin musiqi qabiliyyətini, istedadını ilk
dəfə hiss edən Kandelakinin məsləhət və
təkidi ilə uşağı musiqi məktəbinin
fortepiano sinfinə yazdırdılar. Balaca qızın qeyri-adi
musiqi duyumu elə ilk günlərdən
müəllimlərinin diqqətini cəlb etdi. Artıq
Şövkət V.A.Motsartın, İ.S.Baxın
əsərlərini xüsusi məharətlə
çalırdı.
Bir dəfə
italyan müğənnisi Aida Qonzaqanın Tiflisdə qatrol
konsertləri verilirdi. Müğənni Cildanın, Lakmenin
ariyalarını ifa edirdi. Bu konsertlər balaca
Şövkətin gələcək taleyində mühüm
rol oynadı. O, böyük müğənninin
çıxışlarına sonsuz maraq və məftunluqla
tamaşa edirdi.
1910-cu ilin
martı
Hamı Novruz
bayramına hazırlaşır. Balaca Şövkət isə
dərin kədər içindədir. Ətrafda hər
şey ona boş və mənasız görünürdü.
Sevimli atasını itirmiş qızcığaza elə
gəlirdi ki, üzü bir də gülməyəcək. Bu
bayram onun ailəsinə fəlakət gətirmişdi. Bayram
axşamı general Mirzə Kazım Qacar onlara gəlib:
- Qafqaz
canişininin xanımı Vorontsova-Daşkova evində
ziyafət təşkil edir. Onun xahişi ilə pianoda
çalmağı bacaran bir müsəlman qızı
tapmalıyam. Mənə Şövkəti nişan verdilər
- dedi. Xeyli tərəddüddən sonra qız razılıq
verir. Ancaq iş elə gətirir ki, bu kübar ziyafətində
Şövkət müğənni kimi çıxış
edərək A.Rubinşteynin "Əzra"sını
və Azərbaycan xalq mahnılarını oxuyur.
Alqışlar uzandıqca, uzandı o gecə... Bu,
ömrünün ən gözəl gecəsiydi. Bu gecənin
bir möcüzəsi də var: generalın oğlu Darab
Mirzə ona bəyaz qızıl güllər
bağışladı. Ömrünün ixtiyar
çağlarında belə, o gecənin xoş
həyəcanını unutmayacaq müğənni...
Musiqi
məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək
məqsədi ilə Şövkət Bakıya gəlir. Bu
zaman Tağıyev teatrının 30 illik yubileyi
ərəfəsi idi. Hacı Zeynalabdin Tağıyev
yaxşı bilirdi ki, Bakı teatrında qadın
rollarını hələ kişilər oynayır. Belə bir vaxtda Şövkətin İtaliyada oxumaq
arzusunu eşidən milyonçu onun təhsil haqqını
öhdəsinə götürdü. Beləliklə, bir
payız günü Tağıyevin çox zəngin,
bər-bəzəkli mülkünün qapısından
əlindəki 200 manatı bərk-bərk bağrına
basmış gənc və zərif bir qız
çıxdı. Bu, həmin anda dünyanın ən bəxtəvər
qızı Şövkət Məmmədova idi.
Bir
neçə gündən sonra o, vətəni böyük
xəyallarla, sonsuz ümidlərlə tərk etdi.
Qəlbində xeyirxahına bir dünya ümid, sevgi və
minnətdarlıqla...
Lakin
qızın bu sevinci uzun çəkmədi. Qəfildən
təqaüd kəsildiyi üçün Şövkət təhsilini
yarımçıq buraxıb vətənə döndü.
Bu xəbər böyük Üzeyir bəyi çox
təsirləndirdi. Təzədən vəsait toplayıb
Şövkəti İtaliyaya göndərmək
məqsədilə sənət dostları Trequlovların,
H.Sarabskinin köməyi ilə özünün "Ər
və arvad" tamaşasını səhnəyə qoydu.
Tamaşa bitən kimi, ardınca dərhal Şövkət
səhnəyə çıxdı. Həmin axşam
tamaşa salonu adamla dolu idi. Qız səhnədə
görünəndə salon elə bil silkələndi. Sonra
hər tərəfə dərin sükut çökdü.
Əvvəlcə bu sükut onu çaşdırdı. O,
salondan səhnəyə zillənmiş heyrət dolu baxışlara
baxdı, baxdı... Birdən içindən gələn ilahi
səsi ilə oxumağa başladı. Pullu kişilərin
qara çarşaba bürünmüş əsilzadə
xanımları isə başıaçıq
azərbaycanlı qızının cəsarətinə
təəccüb edirdilər. Kəpənək
zərifliyində qızın əli silahlı, qoluzorlu
qoçuların qarşısındakı bu
hünərinə mat-məəttəl qalmışdılar.
Bu qədər adamın içində isə
Şövkətin gözünə heç nə
görünmürdü. Öz səsiylə, öz
sənətiylə baş-başaydı qız...
Konsertdən
sonra dostları onu gizli yolla teatrın binasından
çıxartdılar. Bu, Azərbaycan mədəniyyəti
tarixində mühüm hadisə idi. Bəlkə də
təkcə bu konserti ilə Şövkət Məmmədova
xalqın tarixində böyük bir zamanın gücü
çatmayacaq bir inqilab etmişdi. Təəssüf ki,
konsertdən yığılan pul Şövkətə
çatmadı və dostları onu təhlükədən
qorumaq məqsədilə Bakıdan uzaqlaşdırdılar. O
gecədən ona qalan isə Hacı Zeynalabdinin
göndərdiyi çiçək dəstəsi, bir də
dostlarının mənəvi köməyi oldu...
1915-ci il
Şövkət
artıq Kiyev Konservatoriyasında oxuyur. Buradakı təhsil
illəri onun həyatında mühüm rol oynayır.
Əvvəla, böyük bəstəkar, o zaman
konservatoriyanın rektoru olan Qliyevlə tanış olur.
Sonradan bəstəkar Qliyev müğənninin ecazkar
səsinə pərəstiş edərək özünün
məşhur "Şahsənəm"ində
Şahsənəm obrazını ona həsr edir. O,
N.Nərimanovla, Y.V.Çəmənzəminli ilə,
Q.Musabəyovla dostlaşır. Şövkət onların
təşkil etdiyi "Qafqaz birliyi" klubuna yazılır.
Klub əsasən xeyriyyəçiliklə məşğul
olurdu. Şövkət Məmmədova klubun işində
fəal iştirak edir. Verdiyi solo konsertlərdən
yığılan vəsaiti tələbə
təşkilatlarına, yoxsul ailələrinə
köçürür.
Şövkət
xanım Azərbaycanın ictimai həyatında fəal
iştirak edirdi. Onun təşəbbüsü ilə
Bakıda teatr texnikumu təşkil olunur. Bu, həm də
Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi.
Şövkət xanımın ilk rektoru olduğu bu texnikumun
birinci buraxılışı 1926-cı ildə oldu. Və ilk
on bir nəfər məzunun on nəfəri kişi, biri
isə gələcəyin unudulmaz sənətkarı Fatma
Qədri idi.
1925-ci ildə
o, Parisdə keçirilən Beynəlxalq dekorativ sənət
sərgisində iştirak etmişdi. Fransa musiqiçiləri
böyük sənətkarın yaradıcılığı
ilə yaxından maraqlanaraq onu Sarbonna Elmi Tədris
Mərkəzinə dəvət etdilər. Orada
Şövkət xanım maraqlı repertuarla Fransa tamaşaçılarını
heyran etdi. Bu ölkədə ona özünün səsi
yazılmış valları bağışladılar. İki
il sonra isə müğənni İtaliyaya təhsil almağa
getdi.
...İllər
keçə-keçə o, sənət salnaməmizin
qızıl səhifələrini yazacaq. Azərbaycan
və dünya səhnələrində özünün
məlahətli, şaqraq səsi ilə bir ömürdə
Gülçöhrənin, Nərgizin, Şahsənəmin,
Rozinanın və başqalarının taleyini
yaşayacaqdı. Bütün bunlar onun sənətkar
ömrünün görünən tərəfidir.
Bəs bir insan, qadın, ana kimi necə?
Qızı
Cəmilə xanımın dediklərindən:
- Mən
anamın yeganə övladı olsam da, anam öz
təmənnasız, ülvi ana məhəbbətini mənim
və sənətinin arasında iki yerə bölməyi
bacarıb. Özü də bunu elə edib ki, mən
qətiyyən qısqanmamışam. Gözümü
dünyaya sənət yanğısı ilə yaşayan bir
insanın yanında açdığım üçün
onun öz işinə vurğunluğuna da adi baxmışam.
Olduqca mehriban, istiqanlı, ailəcanlı idi. Xeyirxahlıqdan
yorulmurdu. Tələbələri ilə dərsdən
əlavə, evdə də məşğul olurdu.
Bəzən süfrəmizin başında on-on beş
nəfər birdən əyləşir, evi olmayanlar bizdə
gecələyərdi. Anam onların yemək-içməyinin,
dincəlməyinin də qayğısına qalırdı.
Ancaq onu da deyim ki, bu mehribançılığın
içində çox ciddi tələbkarlığı da
vardı. Sənətdə saxtalıqla, laqeydliklə,
ögeyliklə heç barışa bilmirdi. Bir də
vaxtını düzgün bölməyi, dediyini eləməyi
bacarırdı. Anamın bütün həyatı
gözlərim önündədir. Hər tamaşasında bir
ömür yaşayırdı elə bil. Deyirdi ki, hər
səhnəyə çıxanda sanki ilk dəfə oxuyuram. Doğrudan da, son günlərinə qədər
sənəti adiləşmədi gözündə. Üzeyir
bəyin təklifi ilə sənətin sirlərini gənc
istedadlara öyrətməyi daha üstün tutaraq
konservatoriyada da eyni həvəslə, eyni yanğı ilə
işlədi. Ümumiyyətlə, mən də daxil olmaqla bütün
gəncləri mədəni, hərtərəfli savadı
görmək istəyirdi. Özü səkkiz dil bildiyi
üçün xarici dilləri öyrənməyi
hamımıza məsləhət görürdü.
Onun
sənət taleyində uğurlu anlar, günlər çox
olub. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti dekadasında
onun unudulmaz Bülbüllə çıxışı
xüsusi qarşılanmışdı. Elə orada SSRİ
Xalq artisti adına layiq görülmüşdü. Anamı
heç vaxt o cür xoşbəxt görməmişdim.
Anam təkcə mənim
üçün, ailəsi və qohumları üçün
deyil, tələbələri, həmkarları
üçün də nümunə olmağa
çalışırdı. Vaxtını düzgün
bölər, dediyini yerinə yetirərdi. Dörd
çağırış Respublika Ali Sovetinin deputatı kimi
öz seçiciləri ilə tez-tez görüşər,
onların dərd-sərini öyrənib vaxtında
kömək edərdi. Çoxu zəif
görünüşlü, incə təbiətli bu
qadının iradəsinə, çevikliyinə həsəd
aparırdı.
Şövkət xanımın
nəvə və nəticələri bu insanı heç
görməyiblər. Onu şəkillərdən,
lentlərdən, bir də səsindən tanıyırlar.
Çünki bu evdə, bu ocaqda Şövkət xanıma
sonsuz məhəbbət, ehtiram var. Bunu evlərinə
qədəm qoyduğun andan hiss edirsən. Barmaqlarının
hərarəti, səsinin istisi hopmuş yadigar royal da,
üzərindəki iri portreti də sağlığında
qoyulduğu yerdəcə durub. Hər səhər ailə
üzvlərini şəkildən baxan gülümsər
gözləri ilə salamlayıb balalarına xeyir-dua verir.
İndi onlara qalan xoş xatirələri, şirin
söhbətləri, bir də heç zaman qocalmayan
səsidir...
Kaspi.- 2007.- 29 mart.- S. 14.