Babayeva T.

 

Başında Dostoyevski havası…

Tamaşaçının baxması üçün aktyor gərək səhnədə ürəyini parçalasın



Ötən əsrin 90-ci illərinin əvvəli kamera teatrı hərəkatının inkişaf dövrünə təsadüf edir.
Həmin ərəfədə dünyanın bir çox yerlərində, həmçinin MDB ölkələrində çoxlu sayda kamera teatrları yaranmağa başlayır. Amma o dövrdə Azərbaycanda ənənəvi teatra alternativ sayılan bir kamera teatrı açılır və elə indi də kəmiyyət dəyişməz olaraq qalmaqdadır. 16 il öncə fevral ayında rejissor Cənnət Səlimovanın rəhbərliyi altında bir qrup gəncin iştirakı ilə fəaliyyətə başlayan Bakı Kamera Teatrı artıq bu gün öz auditoriyası olan, dəst-xətti ilə fərqlənən sənət ocağıdır.
Bu illər ərzində repertuarı milli və dünya yazarlarının əsərləri ilə zəngin olan teatr ölkəmizdə keçirilən mono və eksperimental tamaşalar festivalları ilə yanaşı, bir çox beynəlxalq müsabiqələrdə, tədbirlərdə iştirak edərək, böyük nailiyyətlər əldə edib.

Kollektiv bu yaxınlarda Rusiyanın Novqorod vilayətinin Staraya Russa şəhərində baş tutan F.Dostoyevskinin əsərlərindən ibarət kamera tamaşaları beynəlxalq teatr festivalından qayıdıb. Sayca X festivala Teatr xalq artisti, İrina Perlovanın rejissorluğu ilə "Ağ gecələr" və "İdiot" romanı əsasında hazırlanmış "Peterburqdan İsveçrəyə geri dönən uzun yol" tamaşalarını aparıb. İkinci tamaşada knyaz Mışkin rolunun ifaçısı, əməkdar artist Nofəl Vəliyev "aktyor cazibəsi" nominasiyasında mükafata layiq görülüb. Dünya şöhrətli yazıçının ev muzeyində monotamaşa ilə çıxış edən aktyor təəssüratlarını bizimlə bölüşdü.
- Mən, adətən, festivallarda daha aşağı səviyyədə çıxış edirəm. Hətta Bakıda olan festivallarda belə nəsə qəribə gərginlik basır məni, ifama baxıb qiymət verəcəklər deyə, bəzən acığım da tutur. Amma orada hər iki tamaşanı birnəfəsə oynadım. "Ağ gecələr" tamaşası ümumiyyətlə gözəl alındı. İmkan edib hər şeyi tamaşaçılara yerli-yerində çatdıra bildik. Tək münsiflər deyil, başqa teatrların kollektivləri də bizə xoş sözlər deyir, ifamızı müzakirə edirdilər. Bilmirəm, bəlkə də bu, Dostoyevskinin evinin aurasından irəli gəlirdi. Elə şeylər var ki, onlara inanmıram. Məsələn, tək, ya cüt səbir gəldi, yolumdan qara pişik keçdi və s… Amma elə inanclar var ki, onlara çox inanıram. Misal üçün, teatrda heç vaxt bir aktyor o biri aktyora öz paltarını vermir. Çünki paltara insanın biotokları hopur. Dostoyevski evindəki o skamyaya, stola toxunub, orada əsərlərini yazıb. Və təbii ki, onun ab-havası evdəki əşyalara hopub. Bu çox gözəl duyğu idi. Həm evdəki atmosfer, həm Rusiyanın soyuğu, tutqunluğu, dumanı, evin pəncərəsindən görünən böyük kanallar, balaca göllər öz təsirini göstərirdi. Dostoyevskinin əsərlərində tez-tez bu ifadə işlənir:"Mən özümü suya atıb boğacam". "İdiot" romanında bunu Nastasiya Filippovna, "Ağ gecələr"də Nastinka deyir. Məncə, bu əhval-ruhiyyə nəticəsində hər iki tamaşamız böyük uğurla keçdi.
- Ümumiyyətlə, dramaturq və ya yazıçılardan sizə daha yaxın olanı kimdir? Hansı personajlar xaraktercə sizə uyğundur?
- Elə Dostoyevski mənə daha yaxındır. Onun hissləri, insana münasibəti… Mən bütün müharibələrin əleyhinəyəm. Artıq valideyn olduğum üçün belə fikirləşməyə başlamışam. Özüm cavanam, müharibə olsa, mən özüm də getməliyəm. Amma valideyn olandan sonra müharibənin gətirdiyi faciələri daha yaxşı başa düşməyə başlamışam. Və Dostoyevski söyləyib ki, yer üzünün bütün müharibələri və inqilabları bir körpənin göz yaşına dəymir. Dostoyevski, ümumiyyətlə, mənə uğur gətirən yazıçıdır. "İdiot" romanı üzərində işləyəndə Cənnət xanıma dedim ki, bilmirəm nə alınacaq, nə alınmayacaq… O isə cavab verdi ki, istənilən halda böyük bir hadisə olacaq. Sənin həyatın iki hissəyə-Dostoyevskiyə qədər və Dostoyevskidən sonrakı dövrlərə bölünəcək. Həqiqətən də belə oldu. Çünki bu yazıçının təsvirini oynadıqdan, onu dərk etdikdən sonra hətta Şekspir, Mirzə Cəlil də səninçün rahatlaşır. Həm də baxmayaraq ki, Dostoyevski heç vaxt pyes yazmayıb, amma onun əsərləri səhnələşdirmək üçün çox əlverişlidir. Elə yazıçılar var ki, onların romanlarını səhnələşdirirsən, amma oynamaq çox çətin olur. Çünki həmin romanlar oxumaq üçün yazılıb.
- Bəs, arzusunda olduğunuz hansı rollar var?
- Səhv etmirəmsə, Qurçenkodan soruşurlar ki, hansı rolları oynamaq istəyirsiniz? Deyir ki, cavan vaxtı çox rol arzulayırdım. Amma həyatım boyu mənə nəyi təklif ediblərsə, onu oynamışam. Mənə təklif edilən bütün rolları oynayıram. Demək olar ki, arzuladığım rolların çoxunu oynamışam. Təbii ki, hamı baş rolu, tamaşanın ideyasına xidmət edən rolu oynamaq istəyir. Hər bir aktyor elə düşünür ki, o, bunu daha yaxşı çatdıra bilər. Mən səhnədə böyük ideya yükü daşıyan personajı oynamaq istəyirəm. Fərqi yoxdur, Hamlet və ya Romeo olsun, sevən insanı oynamağı çox sevirəm. İndi bir çox aktyorlar, xüsusən də komediya ustaları deyirlər ki, komediyanı oynamaq çətindir. Amma, məncə, səhnədə sevgini oynamaq daha çətindir. Mən bu çətinliyi çox sevirəm. Əslində, peşəkar aktyor üçün bütün rollar həm çətindir, həm də asan.
- Uğurlu ifanı təmin edən amillərdən biri də aktyorun tərəf-müqabilidir. Bu baxımdan, bəxtiniz gətirib?
- Partnyor partnyorunu sevməli və qiymətləndirməlidir. İnanın ki, mən hər hansı bir tərəf-müqabilimin paltarını başqa paltarların içində iyindən tanıyıram. Tərəf-müqabili səhnədə hər şey deməkdir. Onlar həm də səhnədə bir-birinə yaraşmalıdır. Desəm ki, tərəf-müqabillərimin hamısı əladır, qeyri-səmimi cavab olardı. Amma elələri var ki, bir-birimizi sözsüz başa düşür, kimin bu anda nə istədiyini bilirik.
- Xanımınız Leyli Vəliyeva da Bakı Kamera Teatrının aktrisasıdır. Onunla bir səhnəni bölüşmək çətin deyil ki?
- Ümumilikdə çətin deyil. Amma onda bir şey alınmayanda mənə təsir edir, tərəfini saxlayıram. Həm də mən səhnədə artıq yaddan çıxarmışam ki, o, mənim xanımımdır. Yeri gəlmişkən, biz onunla səhnədə sevgi münasibətlərini çox az oynamışıq. Əsasən, ana-bala, ata-qız rollarını bölüşdürmüşük.
- Bu gün dünyada kamera teatrı dəbdədir. Teatrın böyük zallardan kiçik zallara keçməsi aktyorla tamaşaçı arasındakı məsafəni minimuma endirib. Səhnədə olarkən tamaşaçıların reaksiyası sizə mane olmur ki?
- Mane olur. Amma biz bu reaksiya üçün yaşayırıq. Tamaşaçının reaksiya verməsi səssiz oturmasından daha yaxşıdır. Aktyorla tamaşaçı arasında dördüncü divar var. O, tamaşaçı zalını görməməli, eyni zamanda da görməyi bacarmalıdır. Peşəkar və istedadlı aktyor tamaşaçını kürəyi ilə də hiss edir. Biz pərdənin arxasında da olanda zaldakı ab-havanı tuturuq. Bilirsiniz, hər stilin öz çətinliyi var. Bizdə tamaşaçı aktyorun qaşı tərpənəndə də, gözləri dolanda da onu görür. Kamera teatrının çətinliyi ondadır ki, tamaşaçı baxır, ya bəyənir, ya da üzünü çevirib gedir. Çünki burada yalan danışmaq mümkün deyil. Yalan danışmaq ümumiyyətlə, heç yerdə mümkün deyil. Əgər böyük səhnənin aktyorları fikirləşirlərsə ki, onlar yalan danışacaqlar və bunu tamaşaçı görməyəcək, səhv edirlər. Tamaşaçı ən son cərgədə otursa belə, yalanı görəcək. Amma Kamera Teatrında bu, daha çox nəzərə çarpır. Bu gün kino, texnika, televiziya çox inkişaf edib. Şəxsən mən özüm bir tamaşaçı kimi Robert De Niro və Merl Strip duetinə, onların böyük orqanik oyununa baxandan sonra gedib teatrda süni oyuna baxa bilməyəcəm. Mən tamaşada aktrisa ilə aktyor arasındakı sevgi bağlarının nə qədər təbii olduğunu görmək istəyəcəm. Ona görə də indi otaq teatrları dəbdədir. Düzdür, bu haqda müxtəlfi fikirlər var. Bəzi sənətçilər bunu qəbul edir, bəziləri yox.
- Bir az da tamaşaçılardan danışaq. Müasir tamaşaçı nəyə baxmağa üstünlük verir, ona nəyi göstərmək lazımdır?
- Azərbaycan tamaşaçısının nə istədiyi sualına cavab vermək çətindir. Çünki tamaşaçı özü bilet alıb tamaşaya gəlməlidir ki, onun nə istədiyini müəyyənləşdirmək mümkün olsun. Biz təzəlikcə açıq kassalarla tamaşalar oynamağa başlamışıq. Bəzi günlər zal dolu olur, bəzən də zalda adam az olur. Amma bu, tamam başqa bir ləzzətdir. Çünki zalda oturan əsl tamaşaçıdır. Kütlə və tamaşaçı ayrı-ayrı şeylərdir. Mənə elə gəlir ki, tamaşaçı canlı şeyə baxmaq istəyir. Və Kamera Teatrı da çalışır ki, canlı oynasın. Mən başqa teatrların tamaşalarına gedirəm - adlarını çəkmək istəmirəm - baxa bilmirəm, ürəyim darıxır. Bu, heç də aktyorun, aktrisanın günahı deyil. Bizdə rejissor problemi var. Rejissorlar çoxdur, amma əsl rejissor istər teatrımızda, kinomuzda, istərsə də televiziyamızda çox azdr. Tamaşaçının baxması üçün gərək aktyor səhnədə ürəyini parçalasın. Bizim bir çox artistlərimiz ekrana çıxıb şikayətlənirlər ki, tamaşaçı teatra gəlmir, bizə baxmır. Ağlamaq lazım deyil, tamaşa qurmaq lazımdır. Onlara ona görə baxmırlar ki, onlar hər kəlmə sözü oynayırlar. Stanislavski yazırdı ki, səhnədə sözü oynamaq qəti qadağandır. Səhnədə ancaq daxili hərəkəti, məqsədi oynamaq lazımdır. Əks halda teatr nəyə lazımdır? Elə pyesi götürüb evdə oxuyarlar da. Kim Çexovun, Mirzə Cəlilin mətninə baxmaq istəyər? Çıxırlar, müəllif yazan mətni ifadəli şəkildə oxuyurlar. Təəssüflər olsun ki, bizim teatrlarda canlı sənət yoxdur. Deyirlər, tamaşaçı həmişə haqlıdır. Mən bununla tam razı deyiləm. Haqsız olan vaxtları da olur. Amma ümumiyyətlə, tamaşaçının zövqünü nəzərə almaq lazımdır.

 

Xəzər.- 2007.- 3 mart.- S. 18.