Qaliboğlu E.

 

Bakı Kamera Teatrında Ruh

 

Və yaxud tərkidünyalıq xilas yönü yaratmır...

 

Bakı Kamera Teatrının səhnəsində bu yaxınlarda nümayiş olunan Kamal Abdullanın "Ruh" tamaşasının mövzusu tamaşaçıya mistik bir əhval aşılayır. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Rolları əməkdar artist Gülər Nəbiyeva (Qorxacaq qadın), əməkdar artist Seyidşah Məmmədov (Tərki Dünya), əməkdar artist Nofəl Vəliyev ( ciyər), əməkdar artist İlqar Cahangirov (Şübhəli Məxluq),

Mətləb Səfərli (Kimsəsiz), əməkdar artist Şövqi Hüseynov (Narahat Adam), əməkdar artist Leyli Vəliyeva (Ruh) ifa edirlər.

Bu vaxta kimi insanın özünü, həyatı, dünyanı dərk etməsi ilə bağlı müxtəlif qənaətlər olub. Zahirən insan hər şeyə bələd görünsə , əslində əksər hallarda qənaətlərində yanılıb. Mahiyyətcə dünya həmişə sirli-sehrli olacaq; inamlı insan üçün ağlında yaşamın sirri açılır. Amma elə ki, insan düşüncələrində, qənaətlərində sözün əsil mənasında yanlışlığa varır, o zaman bu, yanlışlıq ölçüləşir.

Zaman-zaman adamların dünyanı, həyatı, insanı anlamağa, dərk etməyə olan cəhdləri çox hallarda xəyal səddini aşıb, xülyəviliyə yuvarlanıb. İnsanın gerçəkliyi, ilk növbədə isə özünü anlaması bu gün problem olaraq qalır.

Sözügedən "Ruh" tamaşasında müəllifin yanaşmasında problemin həllində özünəməxsusluq cəhdi duyulsa da, əslində bu vaxtacan deyilənlərdən fərqli bir şey görünmür. Çoxsaylı surətlərin tərəddüdlü, şübhəli, özünəinamsız xarakterləri mahiyyətcə bir adamın xislətinə sığır: adamlar dünyanın sirrini anlaya bilmədiklərindən dəhşət içərisindədirlər. Adamlar hər şeyə vaxt tapırlar, amma azca da olsa, özlərilə məşğul olmaq, daxili aləmlərinə bələd olmaq istəmirlər. Döyüş meydanındakı ölümdən fərqli olaraq adi həyatda ölümün gəlişi əksər hallarda hiss olunmur. Adamlar şüuraltı olaraq bir gün ölümün gələcəyini gözləyirlər. Lakin elə ki, ölüm qəfil gerçəkləşir, ətrafdakılara onu anlamaq, qəbul etmək dəhşət olur...

Tamaşa hadisələrin qeyri-müəyyən bir məkanda cərəyan etməsilə başlayır. Sonradan məlum olur ki, keçmiş məktəb yoldaşları ötən günləri xatırlamaq məqsədilə bir yerə yığışıblar. Ortada yemək-içmək məclisi var: gənc adamların hərəsi bir yana dağılışıb. Otaqda yad, şıdırğı musiqi səsləndirilir. Qorxacaq Qadınla Şübhəli Məxluq yenidən süfrə arxasında əyləşirlər. Qəfildən Narahat Adam gəlir, stolun üstündəki süfrəni qab-qacaq qarışıq yığışdır, Ağciyər bir kəlməylə: "Öldü"- deyir.

Az qala otaqda həyat donur. Bayaqdan yeyib-içən, həyatın nəşəsindən sərməst olan adamlar özlərini itirirlər. İndi etsinlər? Amma isə etmək lazımdır. Beyinlərin donması tamaşaçıda belə təəssürat yaradır ki, deyəsən, dünyanın axırı gəldi. Ölən qadın ailəlidir. Çoxdandır ki, görüşməyən tanışlar onun son məqamda vəsiyyət etdiyini bilmək istəyirlər. Amma artıq gecdir. Hərə bir söz deyir, aydınlıq yaranmır. Qorxacaq qadın təklif edir, qədər ki, ölənin ruhu otağı tərk etməyib, onun ruhunu çağırmaq lazımdır.

Tamaşanın bu məqamından sonra artıq "mediumluq" başlayır. Bu gün Azərbaycanda da "mediumluq" çiçəklənməkdədir. Ruh bir kütlə, "danışan", xəyali bir varlıq kimi təsəvvür edilir, onu hər kəsin görmədiyi haqqında təsəvvürlər yaradılır. Əslində ruh insanı insan edən bir neçə cəhətin, o cümlədən inamın, idrakın, mənəviyyatın iradənin vəhdətidir.

qədər ki, ruh çağırılmayıb, onun necə çağırılması üçün yollar aranır, hətta Narahat Adam ruhu çağırmaq üçün "muşqurmağı" da təklif edir. Onların içərisində "bu dünya ilə o dünya arasında əlaqə olmasına" inananlar az deyil.

Bu zaman Tərki Dünya gəlir. O, ətrafdakılardan fərqli xarakterə malikdir. Hamı ondan ölənin ruhunu çağırmağı xahiş edir. Bu məqamda Tərki Dünyanın hətta özündən razı məqamları da qabarır. O, ruhlarla danışmaq imkanının olmasını sezdirir. Ətrafındakıları kin-küdurətdən təmizlənməyə çağırır. Bu ərəfədə surətlərin bir-biri ilə didişmələri, ittihamları artır. Adam xislətinə xas biri-birlərinin mənfi cəhətlərini qabardır, bundan ləzzət alırlar.

Tərki Dünya bildirir ki, bu gün hamının paxırı açılacaq. Hamıya məsləhət görür ki, hər kəs ürəyində uşaqlıq dostunu çağırsın, uşaqlıq xatirələrini yada salsın.

Artıq hamı həyəcanlıdır. Tərki Dünyanın ehtiraslı çağırışlarından sonra Ruh səhnədə xəyali varlıq kimi görünür. Onun cisminin tez ölməsinin səbəbi məlum olur. Ruh 10 ildir ki, ruhlar dünyasına həsrət olduğunu deyir, onu əvvəllər yaşadığı dünyaya heç bağlamadığı qənaətinə gəlir. Otaqdakıları ölən qadın axtarıb tapıb. Amma görüş zamanı onların hamısı dünənindən danışır, bu günləri isə yoxdur. Ölən qadın üçün "otaqdakıları qorxu içində qoyub getmək maraqlıdır". O, bir-bir hər kəsin uşaqlıq xatirəsini yada salır. Bunların içərisində keçmişlərə qayıtmaq istəməyənlər, bu günün balaca fərəhlərinin içində azıb qalanlar daha çoxdur. Əslində onlar keçmişi qorxu qarışıq həyəcanla xatırlayırlar, həm uşaqlıq dövrünü yenidən yaşadıqca həyatın mənasını bir azca anlayan kimi görünürlər. Ruh əlini adamların çiyninə qoyan kimi onların hamısı uşaqlıq dövrünü xatırlayır. Narahat Adam xatırlayır ki, o, uşaq olarkən atası tez-tez anasını döyürdü. Buna görə o, uşaq vaxtı özünü öldürmək istəyirmiş. Atası anasına o qədər zülm edib ki, indiyə qədər anası atasının qəbrinin üstünə qorxa-qorxa gedir.

Ağciyərin isə nakam uşaqlıq sevgisi yadına düşür. O, qonşu qızını dəlicəsinə sevirmiş. Xatirəli məqamlar seli onun sifətini işıqlandırır, bayaqkı ittihamlı, qorxaq əhvalı demək olar, qeybə çəkilir. Kimsəsizin uşaq həyatı bu birilərinkindən fərqlənir. O, qonşularının yalnız onlarda televizor varkən evlərinə müti yaltaq təbəssümlə gəlib qısıla-qısıla oturmalarını xatırlayır. Onu uşaqkən sevindirmək çox asan idi. İndi isə həmin günlərdən əsər-əlamət yoxdur. Artıq o, xoşbəxt deyil, bədbəxtin bədbəxtidir. Bayaqdan daim bağıran Şübhəli Məxluq da bir andaca yumşalır. Surətlərin uşaqlıq dünyası onlar üçün əslində başqalarının yaratdığı dünyadır. Uşaqlar bu dövrü adətən sövqi-təbii yaşayırlar, baxmayaraq ki, bu dövrdə insanın aqibətində fitri uşaqlıq hikməti aparıcı olur. Kimsəsizin 3 qəpikliyi sürtüb 20 qəpik adı ilə həyətdəki qoca qarıya verərək günəbaxan tumu alması indi ona xəcalətli gəlir. Onun xatirindən çıxmayan budur ki, həmin qadın bir dəfə o pula baxmırmış: həmişə çay stəkanını ağzına kimi tumla doldurub verərmiş.

Beləcə, surətlərin uşaqlıq xatirələrini danışması ilə tamaşa başa çatır. Hamı etiraf etdikdən sonra sanki yüngülləşir. Qorxacaq Qadın isə ayrıca danışmır. Əslində o, bayaqdan hamının danışdıqlarında vardı. Surətlərin içərisində Ruhla həsrətli, hərarətli cəsarətli danışan təkcə Tərki Dünya olur. O, tamaşanın sonunda Ruhla səhnənin arxasındakı ilğımda yox olur. Aktyorların hər birinin inadlı, yaradıcı oyunu yadda qalandır.

Tamaşaçı təzadlar məngənəsinə düşür. Tərki dünyalıq ənənəsinin tarixi qədim olsa da, bu, xilas yönü yaratmır. Tərkidünyalıqda insan özünü müəyyən səviyyədə təsdiq etsə , yenə cəmiyyətdəki eybəcərliklər qalır, daha da təkmilləşir. Həyatın əzabına, dəhşətinə qarşı dözüb durmaq, usanmamaq, həyatdakı eybəcərliklərlə döyüşmək, həyatı insaniliyin tələbi səviyyəsində dəyişmək indiki qədər zərurətə çevrilməmişdi. Bu mənada sənətin qarşısında daha vacib işlər durur...

 

Xalq cəbhəsi.- 2007.- 2 mart.- S. 15.