Qaliboğlu E.

 

Yuğ teatrında Yunus Əmrə gecəsi...

 

"Olsun" adlı tamaşa nümayiş etdirili

 

Bir neçə gün qabaq "Yuğ" teatrında "Savalan" qrupunun iştirakı ilə "Olsun" adlı tamaşa gerçəkləşdi. Düzdür, əslində bu, tamaşa anlamına gəlmirdi, özləri demişkən, "bəzmi-ürfan" idi. Tamaşanın ideya müəllifi Vaqif İbrahimoğlu, quruluşçu rejissoru Rasim Aşindir. Səhnədə ənənəvi şam vardı: zəif, həzin işığıyla toplaşanları məclisin əhvalı üstə daim kökləyirdi. "Savalan" qrupunun üzvləri - Novruz Novruzlu, Fəxrəddin Salim, Həlimət Sultan daxilən, ruhən Yunus Əmrə dünyasında idilər. Onlar əvvəlcə növbə ilə çıxış edərək iştirakçılara "Sizlərə salam olsun" dedilər. Ardıcıl olaraq oxumalar həm şeirlərlə, yəni Yunus Əmrə ilahilərilə müşaiyət olundu. Novruz Novruzlunun səsindəki daxili yetkinlik əhvalının rəvanlığından xəbər verirdi. Həmin məqamda onun öz dünyasında olduğunu görmək mümkün idi. Həlimət Sultanın həzin səsi, vücudunu saran ilahi həyəcan seli sifətində ifadəsini tapmışdı. Fəxrəddin Salimin udda, türk sazında ardıcıl ifaları, arada bir oxuyanlara qoşulması, həm mövzu ilə bağlı qənaətlərini bildirməsi ümumiyyətlə, tamaaşaçıların ağlında müəyyən bir təəssürat yarada bildi: "Sizlərə könlünüzü tanıtmaq məqsədimizdir. Könlümüzün səslərini birgə dinləyəlim"- dedilər.

Tamaşanın əhvalında insanın həqiqətə doğru sufiyanə yüksəlişi vardı. İnsanın pillə-pillə həqiqətə doğru yüksəlməsi, sonda yetməsi, həqiqətində qərarlaşması Yunus Əmrə ilahilərinin timsalında özünün gözəl ifadəsini tapırdı. "Savalan"çıların birgə ifaları gözəl bir vəhdət təşkil etdi: xüsusilə sonda bu, daha yaxşı alındı.

Tədbir boyunca bir qənaət yenə təsdiqini tapdı: o şeyi

ki, şeirlə tamaşaçıya çatdırmaq olmur, onu musiqi bütün halıyla insana çatdırır. Musiqi insanın ümid səsidir o, insanın ən ümidsiz çağında belə onu ayağa qaldırmağa, nəfəs verməyə qadirdir. Heç təsadüfi deyil ki, qədimliyin təsdiqi olan muğamatı sufilər yaradıblar. Muğamat insanın pillə-pillə kamilliyə yüksəlməsini, nəhayət, kamilliyə yetməsini dahiyanə şəkildə insana anladır. Amma təəssüf ki, xanəndələr bu kamilliyi fitrətən anladıqları dərəcədə kamilliyi ömürlərində təsdiq edə bilmirlər. Müəyyən mənada Qədir Rüstəmovun halında sufiyanəlik hiss olunmaqdadır...

Tamaşa sanki hücrə əhvalı aşılayırdı. İştirakçıların da sayı az idi. Adətən soydaşlarımız sorağı uzaqlardan gələn, ehtişam "dozası" yüksək olan tədbirlərə məmnuniyyətlə gedirlər. Amma belə tədbirlərə demək olar, gəlmirlər. Çünki əksəriyyət çətin sənətin tamaşaçısı, dinləyicisi belə olmaq istəmir. Tədbir boyunca Mövlana Cəlaləddin Rumi dünyasına da müraciət edildi.

Yunus Əmrənin halında, ömründə zamandan üstünlük vardı. O, haqqa sevgisində tam, bütöv idi. Onun məşhur -

"Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır, məndə məndən içəri"

- beytilə başlayan ilahisi insanın daxili aləminin hüdudsuzluğunu, ilahiliyini, tükənməzliyini bənzərsiz səviyyədə bizə çatdırır. Deməli, insan təkcə görünəndən ibarət, yəni ölümlü, keçici deyilmiş. Onun imkanlarını ilk təəssüratdaca gerçəkliyə, mövcud zamana bağlamaq yanlışlıqdır. Yunus Əmrə şeirlərində insan ilahi imkanlarını görür, bilir, əslində görmədiyini görür, bilmədiyini bilir.

Yeri gəlmişkən, türk-aşıq ədəbiyyatının məşhur nümayəndələrindən biri olan Yunis Əmrə 1240- ildə Əskişəhərə bağlı Sivrihisarın Sarıkök adlanan kəndində anadan olub. Professor Maarifə Hacıyeva bildirir ki, bu kənd Porsuq çayının Sakaryaya töküldüyü yerdədir: "Hazırda həmin kənd Yunis Əmrənin adını daşıyır. Əmrənin bir neçə şeirindən məlum olur ki, o, mədrəsə təhsili alıb. Onun ailə həyatı, anası, atası haqqında ətraflı məlumat zamanımıza qədər gəlib çatmayıb. Şeirlərində bu barədə işarə yoxdur. Bir rəvayətə görə, iki dəfə evlənib, başqa bir rəvayətə görə isə mürşidi Tapdıq Əmrənin qızına aşiq olub. Şairin adı, həyatı, məzarı rəvayətlərə dönüb. Anadolunu gəzən şairin daha sonralar Azərbaycana, Şama gəlməsi, Konyada Mevlana Rumi ilə görüşdüyü, son günlərini Sarıköydə keçirərək 1320-ci ildə həmin kənddə öldüyü tədqiqatçılar tərəfindən yazılmaqdadır. Anadolunun bir çox yerlərində şairin məzarları olduğu söylənsə , məzarının Sarıköydə (indiki Yunis Əmrə bələdiyyəsində) olduğu artıq qəbul olunub".

M.Hacıyeva bildirir ki, şairin adı Azərbaycanla da bağlıdır: "Mürşidi Tapdıq Əmrənin, Yunus Əmrənin Qax rayonunun Oncalı kəndindəki Oğuz məzarlığında qəbirləri olduğu yazılmaqdadır. Professor Məşədixanım Nemət qeyd edir ki, Qax rayonunun Oncalı kəndində yerləşən qəbristanlıqdakı Şeyx Yunus Hacı Tapdıq baba pirləri yerli əhali tərəfindən müqəddəs sayılan ziyarətgahlardan biridir. Yunus Əmrənin ilahiləri əsrləri aşaraq xalqın könlündə, dərgahlarda, təkkələrdə yaşayıb yaşamaqdadır. Onun bir çox əsərləri ölümündən sonra yazıya alınıb. Şairin ölümündən 118 il sonra onun divanı Mahmud Mustafa Bin Xan tərəfindən yazdırılıb. Bu divanda onun xeyli şeiri var. Sonradan professor Fuad Köprülü professor Abdulbakı Gölpınarlı bu divanı nəşr etdirmişlər".

Yunis Əmrənin əfsanəyə dönmüş həyatı haqqında danışan M.Hacıyeva daha sonra deyir ki, onun şeirlərinin sayı haqqında bir neçə rəvayət var. Bir rəvayətə görə, onun 3 min şeiri var imiş: "Bir divan halında toplanmış bu şeirlər Molla Qasım adlı bir xocanın əlinə keçir. Molla Qasım şeirləri oxuyur, şəriətə uyğun görmədiklərini yandırırmış. Min dənə şeir yandırdıqdan sonra usandığı üçün minini suya atmağa başlayır. Üçüncü minə başlayınca aşağıdakı beytlə qarşılaşır:

Dərviş Yunus, bu sözü əyri-buyru söyləmə,

Səni sığaya çəkən Molla Qasım gəlir.

Bu beyti oxuyar-oxumaz Molla Qasım Yunus Əmrənin ərənlərdən olduğuna kəramətinə inanır, divanı öpüb başına qoyur. Amma artıq gec idi. Çünki onun əlində cəmi min şeir qalmışdı".

Tanınmış Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz hələ 1929-cu ildə yazdığı bir məqalədə Yunus Əmrə Həsənoğlunun müasiri olan Molla Qasımın 13-cü əsrdə yaşamış Azərbaycan şairi olduğunu qeyd edib: "Molla Qasımdan ədəbiyyatımıza iki təcnis bir şeir yadigar qaldığını yazan Mümtaz bu şeirlərin birinə Yunis Əmrənin nəzirə yazdığını da qeyd edib, Molla Qasımın Yunus Əmrənin şeirlərini məqalədə nümunə olaraq göstərib. Hazırda Yunus Əmrənin elm aləminə iki əsəri məlumdur. Bunlardan biri bütün şeirlərindən ibarət divanın, digəri isə "Öyüdlər kitabı" adlı əsəridir. Bu əsər 573 beytlik məsnəvi olmaqla şairin görüşlərini əks etdirən nəsihətlərdir".

1957-ci ilin mayından başlayaraq Türkiyənin Əskişəhər adlı şəhərində "Uluslararası Mədəniyyət Sənət həftəsi" adlı Yunus Əmrəni anma proqramları keçirilir. YUNESKO-nun qərarı ilə 1991-ci il bütün dünyada Yunus Əmrə ili elan olunub.

Tədqiqatçının fikrincə, təsəvvüf yoluna qədəm qoymuş Yunus Əmrə türk-xalq ədəbiyyatının, türk düşüncə təkkə (təsəvvüf) ədəbiyyatının ilk böyük şairidir: "Təsəvvüfə görə, kainatın tamamı Tanrının təcəllisidir. Bu inancla ikilik ortadan götürülür, yaradan ilə yaradılan birləşmiş olur. Kamil insan Tanrıya qovuşmaq, onun varlığında olmaq istəyir ki, buna "vəhdəti-vücud" deyilir".

 

Xalq cəbhəsi.- 2007.- 15 mart.- S. 15.