Qurbanlı R.

 

O, məni sevir

 

“Yuğ” teatrının səhnəsində Afaq Məsudun

yeni bir əsəri oynanıldı

 

"Yuğ" DövlətTeatrı çoxdan üzərində işlədikləri yeni tamaşanı nəhayət ki, tamaşaçılara təqdim etdi. Yazıçı Afaq Məsudun "O məni sevir" əsərinin tamaşasını səhnəyə teatrın baş rejissoru Vaqif İbrahimoğlunun rəhbərliyi ilə Gümrah Ömər, Tural Mustafayev, Mikayıl Mikayılovdan ibarəf rejissor  qrupu gətirib. Yaradıcı qrup tamaşanın janrını belə müəyyənləşdirib. "O məni sevir" iki hissəli qurtuluş cəhdi.

Niyə "Qurtuluş cəhdi"? Zalda yanaşı oturub səhnədəkilərə tamaşa edən teatrşünas Məryəm xanım Əlizadə ürəyimizdən keçənləri oxumuşdu deyəsən: "Həyatımız boyu hamımız bu cəhddə bulunuruq. Ümumiyyətlə, latın dilində belə bir söz var cəhd edənə maneə yoxdur. Bu cəhd tamaşaya da əsərdən gəlib".

Afaq Məsud bir dramaturq kimi artıq "Yuğ" teatrının müəllifi hesab edilir. Düzdür, bu onun həmin teatrda tamaşaya qoyulan ikinci əsəridir, amma müəllif ümumilikdə teatrın ümumi həyatında iştirak edir, tamaşalarda məsləhət verir, müzakirələrə qatılır. Bu səbəbdən kollektivə doğma adamdır. "Can üstə" əsərinin "Yuğ" teatrındakı uğurlu tamaşa həllindən sonra deyəsən, Afaq xanım özü də buna köklənib və bir qədər də həvəslənib. "O məni sevir" əsrini götür-qoy etmədən teatra təqdim edib. Pyesdə insanın mənəvi təkmilləşmə probleminə tamamilə orijinal bir mövqedən yanaşılır. Afaq Məsud yaradıcılığına xas qadın-məişət, qadın-zaman, qadın-ruh paralelləri burda da var.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlunun da məqsədi tamaşaçıda bir mətləbə inam yaratmaqdan ibarət olub. Əgər insan yüksək mənəvi dəyərlər arxasınca düşmək fikrində qətidirsə onu bu yoldan heç bir maneə çəkindirə bilməz. Əslində bu həyatın özündən tapılmış fəlsəfədir. "Yuğ" teatrını digər teatr kollektivlərindən fərqləndirən cəhətlər var. Bir qədər çətin anlaşılsa belə, bu teatrın tamaşalarından düşünə-düşünə, özün üçün nələrisə kəşf edərək çıxırsan. Afaq Məsud yaradıcılığına meyl də burdan gəlir deyə Vaqif İbrahimoğlu fikrimizi təsdiqləyir: "Bir nasir kimi Afaq Məsudun yaradıcı mövzusu mənə görə, insanın zaman içində üç boyutda, üç ölçüdə var olmasından yaranan mənəvi, psixoloji və ruhsal problemlərin öz baxım bucağından bədii təhlilə keçməsi ilə müəyyənləşdirilə bilər. İç dünyanın guşələrindən duyulan tələbat-çağırışlar Afaq Məsud qəhrəmanlarının mürəkkəb təbiətlərini təmin edir. Afaq Məsud pyeslərinin üzərində işləməyin çətinliyı də məhz bundan qaynaqlanır".

Teatrın baş rejissoru bu tamaşanın teatrın repertuarında sayca 66-cı tamaşa olaraq yeni yaradıcı istiqamətdən xəbər verməsi fikrindədir. Tamaşada teatrın həm yaşlı, həm də gənc nəslə mənsub aktyorları Sonaxanım Mikayılova, Təranə Atacan və Sain Qəhrəman rol alıblar.

Baş rollardan birini isə baş rejissor özü ifa edir. Bu onun bu müddət ərzində öz teatrının tamaşalarında üçüncü roludur. Onlardan ikisini Afaq Məsudun əsərinin tamaşasında oynayıb. Biri isə Ramiz Rövşənin "Gəl gedək" tamaşasında Kor kişi obrazıdır.

 

Gün.- 2007.- 10-16 mart.- S. 24.