Səttarova M.

 

Yaralı turacın rəqsi


Onunla söhbətdən doymaq olmur.
Doğulduğu mahalı tərk etməsindən 80 ildən artıq bir zaman kəsiyinin keçməsinə baxmayaraq, şirin Qazax ləhcəsini hələ də yadırğamayıb. Söhbət boyu özünü Bakının mərkəzində deyil, sazlı-sözlü bu mahalda hiss edirsən. Ötənlərdən gənclik həvəsiylə söz açır. Dönə-dönə danışdıqlarını təkrar dilə gətirməkdən usanmır. Xəyalı onu gah dədə-baba yurduna, gah da dünyanın axırı adlandırdığı Seneqala aparıb çıxarır.
Xəyal atı Moskvadan vurub Bağdaddan çıxır. Üz-gözündə təbəssüm xanım-xatınlıq ədasıyla yaddaş dəftərçəsindəki xatirələri çözür. Ömür-gün həmdəmi Əhməd-Cövdət Hacıyevin adının çəkilməsiyləsə bu təbəssümü kədər buludu əvəzləyir. Cövdətini vəfasızlıqda qınayır rəqqasə Əminə Dilbazi. Ömür-gün həmdəminin əhdə vəfasızlıq edib fani dünyanı ondan öncə tərk etməsini hələ də bağışlaya bilmir…
* * *
İlk dəfə neçə yaşında və hansı musiqiyə qol qaldırıb oynamasını xatırlaya
bilmir. Bildiyi tək şey fani dünyadakı günlərinin musiqisiz, rəqssiz olmamasıdır. Oynadığı rəqslərin say-hesabını itirsə də, rəqsə tamarzı qalmadığını deyir. Ancaq vaxt vardı, onu canından artıq sevdiyi rəqsə tamarzı qoymaq istəyirdilər. Çox insanların "burjuy, kulak, xalq düşməni" kimi gedər-gəlməzə göndərildiyi zamanlar idi. Bəy qızının rəqs meydanında at oynatmasına da paxıllıq edirdilər. Ayağının altını qazıyanlar da vardı, "ləkəli keçmiş"inə aid material toplayanlar da. "KQB"nin Əminə Dilbazi ad-soyadını qara siyahıya salması üçün gərək olan hər şey hazır idi. Çıxış yolunu ölkə rəhbərinə məktub yazıb, ondan yardım istəməkdə görür. Rəhbərin gənc rəqqasənin ünvanına göndərdiyi "kimsə sənə gözün üstə qaşın var deyə bilməz" ismarıcı hələ açılmamış istintaq işinin materiallarının zamanın arxivinə gömülməsinə səbəb olur…
19 yaşında professional səhnəyə çıxmışdı. Rəqs
qanunlarına görə, 20 il sonra istəməsə də, səhnəyə vida etməli olur. Ancaq bu 20 il ərzində dünyanın bir sıra ölkələrində səfərdə olur, dövlət tədbirlərində keçmiş ittifaqı təmsil edir. 1959-cu ildə Moskvadakı çıxışını izləmək üçün ovaxtkı mədəniyyət naziri də konsertə təşrif gətiribmiş. Nazirin gəlişiylə əlaqədar səhnədə xüsusi işıqlandırma effektleri qurulur. Projektorlar rəqqasənin alışdığı kimi bütün səhnəni deyil, yalnız onun olduğu yeri işıqlandıracaqdı. İşıq selinin ortasında tək qalması və gur işığın onu qarabaqara izləməsindən narahatlıq keçirdiyindən etirazını bildirir. Ancaq bu dəyişikliyə nazirin özünün imza atdığını öyrənincə razılaşmaqdan başqa çıxış yolu qalmır. Daxili narahatçılığı, həyəcanı səhnəyə çıxdığı andanca onu tərk edir. Onu kölgə kimi izləyən projektorları da, nazirin zalda oturmasını da unudur. Meydanda yalnız o və qavalı vardı. Lirik, ağır rəqs olan "Qaval"ın Moskva tamaşaçıları tərəfindən bəyəniləcəyinə ümidi az idi. Ancaq hər şey gözlədiyinin əksinə olur. Üstəlik, bu rəqs ona Xalq artisti adını qazandırır. Mixaylov Azərbaycana telefon açaraq ovaxtkı mədəniyyət nazirinə Əminə Dilbazinin xalq artisti adına layiq görülməsi haqqında göstəriş verir…
Rəqsləri, onların yaranma tarixləri və ifaçısına qazandırdığı uğurlar haqqında yerli-yataqlı danışmağı xoşlayır. İfasında rəqs tarixinə düşən
"Turacı" repertuarındakı ən ağır rəqslərdən olub. 7 dəqiqə davam edən rəqs Dilbaziyə səhhəti bahasına başa gəlib. Yaralı turacın yerə yıxılma səhnəsində diz qapağını zədələdiyindən bir müddət xəstəxanada yatmalı olub…
Bir-birinə caladığı səfərlər, xatirələr arasında Bağdad səfərinin öz yeri var. Altmışıncı illərdə sovet rəsmilərinin Bağdada işgüzar səfəri təşkil olunur. Qrupa Mərkəzi Komitənin ovaxtkı məsul işçilərindən olan Anastas Mikoyan rəhbərlik edirdi. Bağdad valisi Əbdül Kərim Qasım həddən artıq qaraqabaqlığı ilə tanındığından rəsmi görüşdən öncə sovet incəsənət xadimlərinin ifasında çal-çağır təşkil etmək və sonra işgüzar mərhələyə keçmək nəzərdə tutulur. Ancaq ilk ifadan sonra qaraqabaq valinin sifət cizgiləri daha da sərtləşir. İfanı bəyənmədiyi açıq-aşkar hiss olunur. İkinci çıxış Əminə Dilbazinin olur. Əlində içi su dolu armudu stəkanlar "Mirzəyi" havasının sədaları altında səhnəyə çıxır. Deyir, səhnədə oynadığı yerdə sanki birdən-birə yuxudan ayılır: "Bura bir ərəb ölkəsiydi və biz müsafiri olduğumuz bu ölkənin adət-ənənələrinə uyğun hərəkət etməli idik. Qaydalara görə, valiyə baş əyməliydim. Ancaq bunu elə etməliydim ki, bu hərəkətim öz tərəfimizdə narazılıq doğurmasın".
Səhnədən düşüb öncə valiyə, sonra Mikoyana təzim edir, ardınca da vali stəkandakının şərab olduğunu düşünməsin deyə, onun suyunu yerə boşaldır. Rəqqasənin bu hərəkəti valinin xoşuna gəlir, üz-gözünü təbəssüm bürüyür. Əminə Dilbazinin bu çıxışından sonra bədii hissəyə dərhal ara verilir. Belə bir fürsəti əldən vermək istəməyən Mikoyan Bağdad valisi ilə danışıqlara başlayır. Elə həmin axşam valinin iqamətgahında nümayəndə heyətinin şərəfinə böyük ziyafət verilir. Mikoyan uğurlu danışıqların səbəbkarı olan rəqqasəni böyük büllur vaza ilə mükafatlandırır. Valinin Mikoyana dediyi "sizin rəqqasə istedadlı sənətkar olmaqla yanaşı, həm də bacarıqlı bir siyasətçidir. Onun təziminin də, stəkanların suyunu yerə boşaltmasının da mənası mənə aydındır" sözləri Bağdad səfərinin Dilbazi ömrünün unudulmaz anlarına çevrilməsinə səbəb olur. Bu səfərdən bir müddət sonra Moskvada Azərbaycan yazıçılarının ongünlüyündə iştirak edən Dilbazi yenidən Mikoyanla qarşılaşır. Gözəl rəqqasəni dərhal tanıyan ittifaqın məsul işçisi Bağdad görüşünün xatirəsi olaraq onu ikinci bir büllur vazayla mükafatlandırır…
Bağdad səfəri rəqqasənin yaddaş kitabçasında özünə ömürlük yer tapdığı kimi, onun repertuarına da ər
əb rəqsinin salınmasına səbəb olur. Bu rəqsə uyğun olaraq, ifaçının bel-qarın hissələri açıqda qalırdı. İlk ifası Bakıda olan "Ərəb rəqsi"nin şöhrəti tezliklə bütün Azərbaycanı bürüyür. Canlı konsertlərdə bu rəqsi tez-tez ifadan imtina edirdi. Gəncə səfərində də rəqsin ifasından boyun qaçırmağa çalışsa da, gəncəlilərin inadını qıra bilmir. Deyir, bütün qohüm-əqrəba zalda olduğundan onların qarşısına göbəyi açıq çıxmaq istəməyib. Üstəlik, Gəncənin Bakıdan fərqli məkan olması, istənilən xoşagəlmiəz hadisəylə üzləşmək ehtimalı da onu bu addımı atmaqdan çəkindirib. Ancaq gəncəlilərin "bu rəqs olmayacağı təqdirdə, kosertin davamına ehtiyac yoxdur" sözləri Dilbazini çıxılmaz vəziyyətdə qoyub. Xəcalətdən üz-gözü qızarmış halda səhnəyə çıxıb. Ön cərgədə iki cavan oğlan oturubmuş. Rəqsin şirin yerində onlardan biri digərinin qulağına nə deyirsə, o, oturacağın qoltuq hissəsini çıxarıb onun başına vurur. Gəncin başından axan qan düz səhnəyə fışqırır…
Xatirələr onu Qazaxa aparır. İsmayıl adlı bir əsgərin toyunda qol götürüb oynamasından danışır. Deyir, rəqs şahzadəsi adını toy rəqqasəsi adına dəyişməmək üçün dəvət aldığı toylardan daim imtina edib. Ancaq Qazaxda əsgər İsmayılın valideynlərinin xahişini yerinə sala bilməyib. Qara zurnanın, aşıq Ədalətin sazının sədaları altında qol götürüb oynayıb. Özü demiş, saz havasına elə süzüb ki, Ədalət göyə çıxıb…
Üz-gözündə təbəssüm xatirəni xatirəyə calayan Əminə Dilbazi ömür-gün həmdəmi Gövdət
Hacıyevdən söz güşən kimi dəyişir, təbəssümünü kədər buludları əvəzləyir. Cövdətsiz günlərində Cövdətli günlərindən söz açmaq, o şirin, əlçatmaz xatirələri paylaşmaq istəmir. Cövdətiylə hər kəsə nəsib olmayan bir ömür, əbədiyaşar sevgi yaşadığını deyir. Evlilik tarixçələri isə lap nağıllardakı kimi başlayıb. Günlərin birində gənc bəstəkar öncədən xəbərdarlıq etmədən onu nikah bürosuna aparıb. Sən demə, "hələ tezdir" deyən Əminənin razılaşmayacağından ehtiyat edərək, hər şeyi Mirvarid Dilbazi ilə əvvəlcədən düzüb-qoşublarmış. Beləcə, almanların Minvoda gəlib çatdıqları bir dövrdə xoşbəxt bir ailənin bünövrəsi qoyulur. Biri digərinin ölümünə dözə bilməyəcəyindən bu dünyanı birgə tərk edəcəklərinə söz vermişdilər. Sevgililər gərək ayrılmasın, öləndə belə, deyirdilər. Ancaq Cövdəti əhdinə "vəfasızlıq" etdi. Bu dünyanı Əminəsindən öncə tərk etməklə onu bir ömürlük xatirələr və məlhəmi olmayan bir ağrıyla baş-başa qoydu

 

Xəzər.- 2007.- 17 mart.- S. 14.