Heydər Əliyev
Fondunun daha bir xeyirxah layihəsi
Heydər Əliyev
Fondunun milli-mədəni dəyərlərimizin
öyrənilməsi, təbliği və gələcək
nəsillərə çatdırılmasına, Azərbaycan
həqiqətlərinin dünyaya yayılmasına
yönəldilmiş daha bir xeyirxah layihəsi
reallaşmışdır. "Heydər
Əliyev Fondu təqdim edir..." seriyasından nəşr olunan növbəti kitab "Müharibə və tarixi mədəniyyət abidələrimiz"
adlanır. Kitab respublikamızın tanınmış
alimlərinin, mütəxəssislərin
iştirakı ilə
hazırlanmışdır.
Bu kitaba işğal altında qalan Azərbaycan ərazilərindəki tarixi-mədəniyyət abidələrinin,
ziyarətgahların, məscid
və məbədlərin
adları toplanmış,
haqlarında maraqlı,
zəngin məlumatlar
verilmişdir. Hazırda həmin
siyahının genişləndirilməsi,
erməni işğalçılarının
viran qoyduqları abidələrin, inanc yerlərinin müəyyənləşdirilməsi
və mədəniyyətə,
mənəviyyata qarşı
soyqırımı faktlarının
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində araşdırma
və tədbirlər davam etdirilir.
Kitab Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ön sözü ilə açılır.
Nəşrin mahiyyətini
və məzmununu incəliklərinə qədər
açıqlayan "Ön
söz"də deyilir: "Azərbaycan xalqı çox böyük sivilizasiya tarixinə malikdir. Dünya xalqları sırasında tarixi ənənələrinə və
yüksək maddi-mənəvi dəyərlərinə
görə özünəməxsus
yeri olan xalqımız zaman-zaman ağır sınaqlara məruz qalsa da, bu dəyərləri
itirmədən, qoruya-qoruya
bu günümüzə
çatdırmışdır. Mədəni
irsimizin zənginliyi, tarixi kökümüzün
saflığı, əqidəmizin,
inancımızın möhkəmliyi,
milli düşüncəmizin
əhatəliliyi və
bütün insanlığa
açıq baxışlarımız
xalqımızın üstün
məziyyətlərindəndir.
Biz, bəlkə də çoxlarının
həsəd apara biləcəyi daha bir keyfiyyətimizlə seçilməkdəyik. Təkcə
əqidə və inanc məsələlərində
deyil, ictimai şüurun bütün sahələrində tolerantlıq
- dözümlülük və
xoşgörü başqa
mədəniyyətlərə ehtiram bizlərə xasdır. Heç şübhəsiz, milli tariximiz əsrlər boyu dini əqidəmizlə,
müqəddəslərə ehtiramla, əcdadlarımızın
ərməğan qoyduğu
maddi-mənəvi abidələrə qayğı
və məhəbbətlə
səciyyələnir. Hər
bir xalqın bu gününə və sabahına münasibəti onun öz tarixinə münasibət ilə ölçülür. Nə
gözəl ki, xalqımız özünün
müstəqilliyinə qovuşduqdan
sonra tarixin unutdurmağa çalışdığı
bir çox məsələlərə yenidən
qayıtmaq şansı
əldə etmişdir.
Bu məsələlərdən
biri də mənəvi tariximizdə
böyük rol oynamış pirlər, xanəgahlar və sairə ziyarətgahlarımızın
qorunması və öyrənilməsidir. Həmin
müqəddəs yerlər
tariximizin müxtəlif
dövrlərində sufi
ordenlərinin geniş
yayılmasından və
bu ideoloji sistemin daşıyıcıları
olan dərvişlərin
fədakarlığından xəbər verir. Geniş sosial-mədəni təsisatlara
çevrilmiş dərviş
hərəkatı özündə
dərin fəlsəfi-poetik anlayışlarla yanaşı, pak və ilahi bir
dünyagörüşü təbliğ etməkdə
idi. Diyarbədiyar dolaşan bu insanlar, eyni zamanda, milli mədəniyyətimizin daşıyıcıları
və bu mədəniyyətin böyük
islam sivilizasiyasına
qovuşmasına yol açan səyyar maarifçilər, əqidə
fədailəri idilər.
Fikir tariximizin yüzlərlə ustadı,
kəlam və hikmət sahibləri bu xanəgahlardan dünya söz xəzinəsinə töhfələr
verərək, xalqımızın
adını yüksəklərə
ucaltmışlar.
Pirlər və digər müqəddəs
yerlər həmişə
insanlar üçün
mənəvi saflaşma,
özünüdərketmə, bir sözlə, kamilləşmə məkanı
olmuş və olmaqdadır. Azərbaycanda
belə səcdəgahlar
çoxdur.
Lakin təəssüflə qeyd
etmək istəyirəm
ki, bu gün
işğal altında
olan ərazilərdə
yerləşən müqəddəs
ziyarətgahlarımız vəhşicəsinə
dağıntıya məruz
qalır ki, bu da bütün
beynəlxalq normalara zidd vandalizmdən başqa bir şey deyil. İnanırıq ki, tarixə əl uzadanların cavabını elə tarix özü verəcəkdir.
Möhtərəm oxucularımıza
təqdim olunan bu kitab, əminəm
ki, hər bir soydaşımız üçün maraqlı
bir vəsait olacaqdır".
Azərbaycan.- 2007.- 4 mart.- S. 2.