Bəzi kitabxana filialları fəaliyyətini dayandıracaq

 

Mədəniyyət Turizm Nazirliyinin bəzi kitabxanaların fəaliyyətini dayandırması ilə bağlı məlumatı özünü doğruldur. Nazirliyin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədovanın sözlərinə görə, bəzi kitabxana flliallarının bağlanması nəzərdə tutulub. Onun dediklərindən bəlli oldu ki, filiallar bağlandıqdan sonra vaxtilə onlara ayrılan vəsait bir kitabxanaya sərf ediləcək. L.Məmmədova söyləyir ki, burada söhbət əsasən kənd kitabxanalarından gedir: "Yəni 100-150 adam yaşayan yerlərdə kitabxana inşa edilib. Az əhali yaşayan yerlərdə çox yaxınlıqda yerləşən kitabxanalara ehtiyac yoxdur. Ona görə qərara alınıb ki, kitabxanaların filiallarının işi dayandırılsın. Əvəzində digər kitabxanalara ayrılan maliyyə vəsaitinin həcmi artacaq. Yəni kiçik lazımsız kitabxanalara ayrılan vəsait indi bir kitabxanaya sərf ediləcək ki, bu həm dövlətin vəsaitinə qənaət edilməsinə səbəb olacaq, həm böyük kitabxanaların fondunun zənginləşməsi ilə nəticələnəcəkdir".

Mədəniyyət Turizm Nazirliyi əməkdaşının dediyinə görə, artıq bu məqsədlə layihə hazırlanıb. Layihə təsdiqləndikdən sonra başlayacaq. L.Məmmədova əlavə etdi ki, kitabxanaların fəaliyyəti kütləvi şəkildə dayandırıla bilməz. Çünki kitabxanaların böyük əhəmiyyəti var burada xeyli sayda insan çalışır. Ona görə hələlik 4 rayonda bu layihə həyata keçiriləcək. Layihə nəticəsində yalnız bir-birinə yaxın yerləşən kitabxanaların bağlanması nəzərdə tutulub.

 

Ayna.- 2007.- 13 mart.- S. 8.