Əhmədov M.

 

Kitabxanalarımızda informasiya texnologiyalarının tətbiqi onları keyfiyyətcə yeni təsisata çevirəcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti seçildikdən az sonra, 2003-cü ilin dekabr ayında BMT-nin təşkil etdiyi İnformasiya cəmiyyəti üzrə Cenevrə Sammitində çıxışı zamanı cənab İlham Əliyev bəyan etmişdi ki, informasiya cəmiyyətinin təşəkkül tapması ölkəmizin də məramlarına uyğundur. Dövlət başçısı eyni zamanda, ölkəmizdə “Elektron Azərbaycan” Dövlət Proqramının hazırlanması barədə də sammit iştirakçılarına məlumat vermişdi. Sammitdən keçən qısa zaman kəsiyində bu proqram qəbul edildi və hazırda respublikamızda onun tətbiqi istiqamətində pilot layihələr həyata keçirilir.
Qloballaşmanın müasir dünyada dönməz prosesə çevrildiyi bir dövrdə, xalqımızın bəşəri dəyərlərdən vaxtında bəhrələnməsi, informasiya cəmiyyətinə inteqrasiyasının təmin edilməsi məqsədilə dövlət başçısı bu günlərdə informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqinin prioritet vəzifə olduğunu bir daha bəyan etmişdir. Bu vəzifənin məhz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ildönümü münasibətilə keçirilən konfransda bəyan edilməsi onun xüsusilə mühüm əhəmiyyət daşıdığını göstərir. Dövlət başçısı konfransda demişdir: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik və görmüşük ki, onlar nəyin hesabına inkişaf ediblər. Təbii sərvətlər hesabına, yaxud da hansısa xüsusi coğrafi vəziyyət hesabına. Elə ölkələr var ki, onlardan heç bir dəhliz keçmir, adadır və heç bir təbii sərvətləri yoxdur. Amma ən inkişaf etmiş ölkələrdir. Nəyin hesabına? Savad, bilik, təhsil! Ona görə mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Mənim informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərim də məhz bundan qaynaqlanır ki, onlar Azərbaycana gəlsinlər. Azərbaycana yeni investisiyalar gəlsin, biz özümüz dövlət tərəfindən, Dövlət İnvestisiya Şirkəti tərəfindən bu investisiyaları qoyaq. Azərbaycanda çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq. Bu, gələcəkdir, gələcəyin inkişafıdır.”
Artıq ölkənin gələcək inkişafının prioritetləri müəyyənləşib: SAVAD, BİLİK, TƏHSİL - yəni, informasiya cəmiyyətinin, bilik cəmiyyətinin formalaşmasının vacib amilləri. Göründüyü kimi, dövlət başçısının məqsədi də ölkənin gələcək yüksək inkişafını təkcə təbii sərvətlər hesabına deyil, həm də intellektual potensialın, insan kapitalının inkişafı hesabına təmin etməkdən ibarətdir. Prezident bu məqsədini bir neçə gün əvvəl Almaniyada rəsmi səfərdə olduğu zaman etdiyi çıxışlarında bir daha bəyan etmişdir.
İnformasiya-kommunikasiya texnologiyaları özündən əvvəl mövcud olan heç nəyə bənzəməyən xüsusi bir vasitədir.
O, insanın istənilən növ fəaliyyət formasına tətbiq edilə bildiyinə görə, cəmiyyətin və iqtisadiyyatın bütün sahələrinin simasını dəyişməyə qadirdir. Elektron mühitdə innovasiya insanın sağlamlığının və qidalanmasının yaxşılaşmasına yeni imkanlar yaratmaqla bərabər, onun bilik dairəsini genişləndirir, iqtisadi durumunun daha da yaxşılaşmasını, cəmiyyətin həyatında daha fəal iştirakını stimullaşdırır. İnformasiya-kommunikasiya texnologiyaları idarəetmə prosesində şəffaflığı artırır, icra orqanlarına nəzarət funksiyasının yerinə yetirilməsini təmin edir. Ancaq onun geniş tətbiq edilməsi üçün infrastruktur – kompyuter texnikasının məcmusu, informasiya sistemləri, rabitə xətləri, verilənləri ötürən şəbəkə və kanallar yaradılmalı, həmçinin əhalinin kompyuter və informasiya savadının səviyyəsi yüksəldilməlidir.
2000-ci ildən YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramı f
əaliyyətdədir. Proqramın məqsədi informasiya cəmiyyətinin qurulmasına nail olmaqdan ibarətdir. İnformasiya cəmiyyəti informasiya məkanına ümumiliklə daxil olmağa imkan yaradır. İnformasiya cəmiyyətinin başlıca meyarı ondan ibarətdir ki, bu cəmiyyətin hər bir üzvü onu maraqlandıran istənilən məlumatı vaxtında almaqda və ondan istifadə etməkdə bərabər hüquqa və imkana malikdir.
Hər hansı bir ölkədə informasiya cəmiyyətinin formalaşması həmin ölkədəki elmi-texniki tərəqqinin səviyyəsinə uyğun olur. İlk dəfə cəmiyyətin informasiyalaşdırılması prosesinə XX əsrin 50-60-cı illərində ABŞ-da, Yaponiyada və Qərbi Avropa ölkələrində başlanılıb. Bu ölkələrdə informasiya cəmiyyətinə tam keçid ABŞ-da 2020-ci ilə, Yaponiya və Qərbi Avropa ölkələrində 2030-2040-cı illərə, Rusiyada isə 2050-ci ilə nəzərdə tutulur.
Cəmiyyətin informasiyalaşdırılmasının təmin edilməsi prosesi elmi-texniki tərəqqinin yüksəldilməsini, möhkəm maddi - texniki baza yaradılmasını və böyük investisiya qoyulmasını tələb edir. Nəzərə alsaq ki, ölkəmizin iqtisadiyyatı bu gün inkişaf tempinə görə çox yüksək səviyyəyə çatıb, dövlət başçısının informasiya-texnologiyalarının ölkəmizdə tətbiqini məhz indi prioritet elan etməsinin mahiyyəti aydın olur. Fikrimi bir nümunə ilə əsaslandırmaq istəyirəm. Bu gün ABŞ-da informasiyalaşdırma işinə (informasiyanın yaradılması, istehsalı və tətbiqinə, müxtəlif səviyyəli informasiya şəbəkələrinin və sistemlərinin, verilənlər bazalarının yaradılmasına) çəkilən xərcin miqdarı ölkənin hərbi xərclərindən xeyli çoxdur. Nəzərə alsaq ki, hazırda ABŞ-ın hərbi xərcləri 600 milyard dollar ətrafındadır, onda informasiyalaşdırma sahəsinə qoyulan xərcin həcmini təsəvvür etmək olar. ABŞ-ın bugünkü inkişaf səviyyəsi sübut edir ki, cəmiyyətin informasiyalaşdırılması sahəsinə qoyulan investisiyalar özünü doğruldur.
O da məlumdur ki, bu gün dünyada kəskin informasiya bolluğu problemi yaranıb. Hər gün internetə 1.000.000-dan çox informasiya, məlumat daxil olur ki, bu məlumatların hətta az bir hissəsini belə təhlil etmək, işləmək, sistemləşdirib istifadəçilərə çatdırmaq müşkül bir məsələyə çevrilməkdədir. Mütəxəssislərin məlumatına görə, xüsusilə də sənaye, idarəetmə və elm sahəsinə daxil olan informasiyanın həcmi daha ciddi həyəcan doğuran həddə çatıb. Statistik məlumatlara görə, insanın ümumi biliyinin həcmi hər 5 ildən bir ikiqat artır. Elmi biliklərin həcmi isə daha sürətlə, son 10 illikdə 2-3 ildən bir, bəzi məlumatlara görə isə, son vaxtlar hər il ikiqat artır. Hətta ən yüksək səviyyəli elmi işçi belə, hər il öz sahəsinə dair elmi yeniliklərin ən çoxu 10-12 faizi ilə tanış ola bilir. YUNESKO-nun məlumatına görə, təkcə 2006-cı ildə 100.000 addan çox elmi jurnal nəşr olunub. 1900-cü ildə isə bu rəqəm 10.000 olub. Digər bir statistik məlumata görə son 25 ildə nəşr edilən kitabların miqdarı, əvvəlki 500 ildə buraxılan bütün kitabların miqdarı qədərdir.
Müasir dövrdə informasiya yayımını ən sürətlə təmin edən vasitə internetdir. Hazırda informasiya məkanında olan məlumatı əldə etmək üçün internetə qoşulanların sayı durmadan artır. Əgər 1990-cı ildə dünyada internetdən istifadə edənlərin sayı 1,5 milyon nəfər idisə, 1996-cı ildə onların sayı 60 milyon nəfər, 2006-cı ildə isə 880 milyon nəfər olub. İnternetə qoşulanların sayına görə, ölkələr içərisində ABŞ irəlidədir – 160 milyon nəfər. Rusiyada internet istifadəçilərinin sayı 16 milyon nəfər, Azərbaycanda isə 400 min nəfərdən çox, yəni ölkə əhalisinin cəmi 5 faizi qədərdir.
Cəmiyyətin informasiyalaşması sahəsində xüsusi yeri və əhəmiyyəti olan təsisatlardan biri də kitabxanadır. Müasir tipli kitabxananı informasiya cəmiyyətinin, bilik cəmiyyətinin qəlbi, ürəyi hesab edirlər. Çünki məlumat bolluğu şəraitində, məhz kitabxana, lazım olan məlumatı sistemli, təhlil edilmiş və seçilmiş vəziyyətdə istifadəçiyə təqdim edir. Müasir kitabxana öz elektron sənəd fondunu, elektron resurslarını mütəmadi olaraq zənginləşdirir, verilənlər bazası yaradır, sənədləri annotasiyalaşdırır, açar sözlər tətbiq edərək, elektron materialı istənilən sayda istifadəçiyə bütün sutka boyu, həm də kitabxana binasından kənarda belə çatdıra bilir. Yəni, kitabxana bu gün öz ənənəvi funksiyasını (kitab əldə etmək, onu saxlamaq, qorumaq və oxuculara müvəqqəti istifadəyə vermək) yerinə yetirməklə yanaşı, həm də bütün kitabxana proseslərinin tam kompyuterləşdirilməsi nəticəsində virtual (elektron) informasiya mərkəzinə çevrilməkdədir.
Göründüyü kimi, informasiya kommunikasiya texnologiyalarının tətbiq edilməsi kitabxanaların əsas funksiyasının, strukturunun, təyinatının dəyişməsinə gətirib çıxarır, onları çoxfunksiyalı bir təsisata çevirir. Müasir kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində modernləşən bu təsisat həm kitabxana, həm informasiya mərkəzi, həm mədəniyyət mərkəzi, həm də təhsil (maarif) mərkəzi funksiyasını özündə birləşdirir. Bu çoxşaxəli fəaliyyət sahəsi cəmiyyətdə onun ictimai əhəmiyyətini getdikcə artırır. Məhz buna görə də kitabxanalara müasir informasiya texnologiyalarının tətbiq edilməsi son dərəcə vacib bir məsələdir. Bu işə başlamaq üçün fikrimizcə, respublikada fəaliyyət göstərən kitabxanaların monitorinqi aparılmalı, onların mövcud vəziyyəti - fondu, texniki təminatı, kadr potensialı öyrənilməlidir. Hansı kitabxanaların informasiya-kommunikasiya texnologiyaları ilə ilk növbədə təmin edilməsinin zəruri olduğu müəyyən edildikdən sonra bu proses mərhələlərlə həyata keçirilməlidir. Zəngin kitab fonduna malik olan böyük kitabxanaların hamısında müasir informasiya texnologiyaları, avtomatlaşdırılmış kitabxana sistemləri tətbiq edilməli, elektron kataloq, elektron resurslar yaradılmalıdır. Elektron resurslar yaradılarkən kitabxanaların profili əsas götürülməli, pərakəndəliyə, sistemsizliyə, səthiliyə yol verilməməlidir. Ölkənin siyasi, iqtisadi, mədəni həyatına, onun tarixinə, beynəlxalq əlaqələrinə, elmi potensialına, incəsənətinə, Dağlıq Qarabağ probleminə, Xocalı soyqırımına, diasporlarımıza aid müxtəlif dillərdə mükəmməl elektron resursların hazırlanıb lokal və qlobal şəbəkələrdə yerləşdirilməsi aparıcı kitabxanaların əsas vəzifələrindən biri olmalıdır. Bizim kitabxanamız bu vəzifələrin yerinə yetirilməsi sahəsində artıq müəyyən işlər görmüşdür. Burada kitabxana proseslərinin əksəriyyəti avtomatlaşdırılmış, Avtomatlaşdırılmış Kitabxana Proqramı tətbiq edilmiş, mükəmməl elektron kataloq, prioritet sahələr üzrə bir neçə elektron resurs yaradılmışdır. Lokal şəbəkədə işləyən tammətnli verilənlər bazası oxucuların istifadəsinə verilmişdir və hazırda onun Web səhifəyə qoşulması üçün tədbirlər görülür. Kitabxanada sənədin elektron çatdırılması, məsafədən xidmət üsulu uğurla tətbiq edilir. Əlbəttə, günbəgün artan informasiya seli içərisindən lazım olanını seçib, sistemləşdirib təyinatı üzrə qruplaşdırmaq və arxivləşdirmək üçün təbii ki, kitabxanaçıdan da xüsusi səriştə, peşəkarlıq və operativlik tələb olunur.
Kitabxanaların yeni kitablarla vaxtlı-vaxtında komplektləşdirilməsi, elektron nəşrlərin, elektron resursların, dövri nəşrlərin alınması və abunəsi işi də kitabxana fəaliyyətinin çox vacib sahəsidir. Kitabxananın fondu nə qədər zəngin olarsa, oxucunun, istifadəçinin sorğusuna və sifarişinə uyğun daha mükəmməl informasiya vermək olar. Buna görə də, ilk növbədə kitabxana fondunun fasiləsiz olaraq sənəd-informasiya təminatı məsələsi də həll edilməlidir.
Fikrimizcə, bu gün hər bir kitabxana, dövlət başçısının respublikamızda informasiya - kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verməsinə rəğmən cəmiyyətin informasiyalaşdırılması prosesində fəal yardımçı olmaq, çevik informasiya mərkəzinə çevrilmək vəzifəsini yerinə yetirmək üçün yollar axtarmalıdır. Çünki bu, zamanın tələbidir.

Xalq qəzeti.- 2007.- 14 mart.- S. 4.