Hacıyeva V.B.

 

Milli Kitabxanaşünaslığımıza elmi töhfə

 

Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrası elmi tədqiqat sahəsindəki fəaliyyəti ilə daim seçilib. Respublikamız müstəqillik əldə etdikdən sonra kafedranın bu sahədəki fəaliyyəti daha da genişlənib.

Kafedranın müdiri, Əməkdar elm xadimi, professor A.A.Xələfovun və dos. A.Qurbanovun nəşr etdirdikləri "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" adlı yeni dərsliyi bakalavr və magistrantların ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Dərsliyin rəyçiləri BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosentləri R.Ə.Kazımov və E.Y.Əhmədovdur. Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə cəmiyyətin informasiyalaşmasında kitabxanaların tarixi rolu, kitabxanaların kompüterləşməsinin əhəmiyyəti izah olunur, kompüterləşmənin baza prinsipləri, kitabxanaları kompüterləşdirmək üçün tələb olunan texniki-proqram təminatı haqqında qısa, lakin dolğun məlumat verilir. Bu fəsildə həmçinin, İRBİS Avtomatlaşmış Kitabxana İnformasiya Sistemi vasitəsilə kitabxanada yerinə yetirilən əsas texnoloji proseslər-komplektləşdirmə, kataloqlaşdırma, ədəbiyyat axtarışı və sifarişi texnoloji proseslərinin, abonement xidmətinin kompüterləşdirilməsi şərh olunub. Qeyd olunan proseslərin kompüterləşməsi üçün istifadə olunan Avtomatlaşmış İşçi yerlərinin iş prinsipi izah olunub. Bu fəsillə tanış olan oxucular, həmçinin kitabxananın fəaliyyəti haqqında bir sıra statistik informasiyaların əldə olunması, normativ standartlara uyğun snədlərin hazırlanması üsulları ilə tanış olacaqdır.

Kitabın ikinci fəsli kitabxanalarda elektron informasiya xidmətlərindən bəhs edir. Bu fəsildə elektron sənəd göndərişi xidmətinin yaranma tarixinə qısa nəzər salınıb, onun təyinatı, bu xidmətin təşkil edilməsi üçün tələb olunan proqram-texnoloji vasitələrin təhlili verilib. Bu fəsildə, həmçinin elektron kitabxanaların təyinatı və yaradılması üsulları şərh olunub. Kitabın sonuncu paraqrafında elektron informasiyanın təhlükəsizlik və qorunma üsulları izah edilib. Ümumiyyətlə, dərslik milli kitabşünaslığımızın müasir mərhələsi üçün yenidir və beynəlxalq standartlara uyğundur.

 

Yeni Azərbaycan.- 2007.- 7 mart.- S. 8.