Milli mədəniyyətimizin inkişafına dəyərli töhfə olan bu kitablar hər bir evin ən qiymətli zinəti olacaqdır

 

10 cildlik "Fəlsəfi incilər kitabxanası" seriyasından 6 kitab nəşr edilmişdir



10 cildlik "Fəlsəfi incilər kitabxanası" seriyasından artıq 6 kitab nəşr edilmişdir. Bu xeyirxah təşəbbüsün ideya müəllifi, tərcümə nəşrinin maddi yardımçısı (Vidadi Məmmədovla birlikdə), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, tanınmış hüquqşünas ziyalı İsa Nəcəfov birinci kitaba ön sözündə yazır: "Kitab zamanın dalğaları üzərində səyahət edən öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir. Mən kiçik bir təkanla bu fikir gəmisinin daha uzaqlara üzüb getməsinə çalışdım. Əgər əlimdə imkan olsaydı, hər kəsin qəlbini bircə anlığa onun limanına çevirərdim. Mütəfəkkirlərin onların yaratdıqlarının isə milliliyindən söhbət gedə bilməz. Onlar bəşəridir hamıya məxsusdur. Əminəm ki, ixtiyarınıza verilən məşhur şəxsiyyətlərdən bəhs edən bu nəşrlər ruhunuzun acgözlüklə həzm edəcəyi, zövqünüz təfəkkürünüzün qida alacağı kitablar olacaq".
"Adiloğlu" nəşriyyatının oxuculara təqdim etdiyi nəfis tərtibatlı bu kitablarda qədim yunan, Şərq Azərbaycan fəlsəfi fikir tarixinin görkəmli nümayəndələrinin əsərləri ilk mənbədən tərcümə olunmuşdur. İndiyədək işıq üzü görən kitablarda dahi filosoflar Siseron, Plutarx, Platon, Əbu Həmid əl-Qəzali, Mənsur Həllac, Eynülqüzzat Həmədani, Əl-Kindi, Fərabi, İbn Sina, İbn Bəcca, Sihabəddin Ömər Suhrəverdi başqa mütəfəkkirlərin azərbaycanlı oxuculara ya ümumiyyətlə məlum olmayan, yaxud çox az tanış olan əsərləri təqdim edilmişdir.
Vətənə, xalqa təmənnasız, uzaqgörən xidmətin əyani nümunəsi olan bu kitablar ölkəmizin tanınmış şərqşünas tərcüməçilərinin gərgin zəhmətinin, yüksək peşəkarlığının layiqli bəhrəsidir. Bu kitablar, heç şübhəsiz, ümumbəşəri mənəvi dəyərlərin təşəkkülündə misilsiz rol oynamış zəngin klassik Şərq fəlsəfəsinin öyrənilməsi, tədqiqi, ən başlıcası isə insanlarımızın yüksək əxlaqi-mənəvi fəzilətlərə yiyələnməsi baxımından çox qiymətlidir, milli mədəniyyətimizin inkişafına layiqli töhfə olacaqdır. "Fəlsəfi incilər kitabxanası", heç şübhəsiz ki, ziyalıların, tədqiqatçıların, irfan sahiblərinin stolüstü kitabına, etibarlı həmdəminə çevriləcəkdir. Çünki əsrlər boyu hökmdarların, şahzadələrin, zəka sahiblərinin bol-bol bəhrələndiyi, dərin fəlsəfi fikir, elm-sənət, ədəbiyyat nümunələrinin toplandığı bu bilik xəzinəsinə sahib olmaqla daha da zənginləşmək mümkündür.

 

Azərbaycan.- 2007.- 15 mart.- S. 8.