Mükərrəmoğlu M.
"Kitabxanalar
biliklər cəmiyyətində"
Müasir informasiya
texnologiyaları kitabxanaların iş prosesinə də öz
təsirini göstərməkdədir. Hazırda informasiya
texnologiyalarının kitabxanalara tətbiqi məsələsi
çox ciddi problem kimi qarşıda durur. Bu sahədə
beynəlxalq əlaqələr də genişlənir.
Azərbaycan və Rusiya mədəniyyət nazirlikləri bu
istiqamətdə səmərəli əməkdaşlıq
edirlər. Bu yaxınlarda çap olunmuş "Kitabxanalar
biliklər cəmiyyətində" ikidilli layihə də bu
əməkdaşlığın nəticəsində yaranmışdır.
Bu gün ölkələr arasında rəqabətin
ağırlıq mərkəzi intellektual sahəyə, idrak
sahəsinə tərəf dəyişməkdədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev informasiya
cəmiyyəti məsələlərinə dair
Cenevrədə keçirilmiş ümumdünya sammitindəki
çıxışında demişdir: "Biz inanırıq
ki, ölkəmiz həm regionda İKT-nin inkişafı,
həm də inkişaf üçün İKT
məsələlərində sistemli inteqratora çevrilə
bilər". Bu kitabın nəşrində məqsəd
də məhz müasir dövrdə İKT-nin kitabxanalara
tətbiqini reallaşdırmaq yollarını araşdırmaqdır.
Burada uzunmüddətli perspektiv üçün kitabxana siyasətinin
və biliklərin idarə edilməsinin strategiyasını
yaratmaq, Azərbaycanda və Rusiyada mədəniyyət,
təhsil və kitabxana işi ilə məşğul olan
praktiki işçilər və tədqiqatçılar arasında
əlaqələri möhkəmləndirmək
məsələləri qoyulmuşdur. Kitaba giriş
məqaləsində Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev yazır: "Bu nəşr müasir
kitabxana işinin əsaslarının şərh edildiyi,
biliklər cəmiyyətində kitabxanaların rolunun və
funksiyalarının müəyyən olunduğu,
dövlətin intellektual kapitalın idarə edilməsi
baxımından kitabxanaların malik olduğu imkanlarının
təsvir edildiyi əsas sənəddir". Kitabda qeyd olunur
ki, qarşıda bizi çox mühüm bir vəzifə ölkəmizdə biliklər
cəmiyyəti qurmaq vəzifəsi gözləyir. Qeyd
edək ki, kitaba Rusiya tərəfdən giriş
məqalələrini bu ölkənin mədəniyyət
və kütləvi kommunikasiyalar naziri A. S. Sokolov,
mədəniyyət və kinematoqrafıya üzrə Federal
Agentliyin rəhbəri M. Y. Şvidkov yazmışlar. Kitab
üç bölmədən ibarətdir. Birincisi bölmə
"Azərbaycanın kitabxana şəbəkəsi biliklər
cəmiyyəti milli modelinin tərkib hissəsi kimi"
adlanır. Bu mövzuda Mədəniyyət və Turizm
nazirinin müavini Sevda Məmmədəliyevanın
"İnformasiya cəmiyyəti və informasiya
mədəniyyəti problemləri qloballaşma konteksində,
nazirliyin bölmə müdiri Lətifə
Məmmədovanın "Biliklər cəmiyyətinin
Azərbaycan modeli: qlobal informasiya və milli
ənənə", professor Abuzər Xələfovun
"İnformasiya xidməti" və başqa
məqalələr verilmişdir. "İnformasiya
cəmiyyətində kitabxana" adlı II bölmədə
də bir neçə məqalə dərc edilmişdir. Bu bölmədəki
məqalələrin müəllifləri əsasən
rusiyalı mütəxəssislərdir. Burada "İnformasiya
hamı üçün" YUNESKO Proqramının Rusiya
Komitəsinin sədri, Yevgeni Kuzmin, Rusiya Federasiyasının
Mədəniyyət və Kinematoqrafıya üzrə Federal
Agentliyinin işçiləri Viktoriya Kraslinişikova, Mark
Uçaçev, professor Tanya Kuznetsova, dosent Yelena Smolina, professor
Yuri Qrixanov və başqalarının mövzu ilə
bağlı çox maraqlı, elmi əsaslara
söykənən məqalələri ilə tanış
olmaq mümkündür. III bölmədə də çox
maraqlı məsələlər verilmişdir. "Biliklərin
menecmentinin Arxangelsk məktəbi" adlı bu bölmədə
"Kitabxana şəbəkələrində biliklərin
idarə edilməsi", "İntellektual azadlıq yolları
Kitabxana və kütləvi sfera", "Kitabxana və
qeyri-aşkar biliyin idarə edilməsi" və s.
məqalələr oxucuların kitabxana işinin praktik
məsələləri ilə tanış edir. Bu layihənin
reallaşması xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına imkan yaradacaqdır.
Xalq qəzeti.- 2007.- 17 mart.- S. 6.