Nizamiqızı G.

 

Nəşriyyatlar Milli Kitabxanaya 4 manatı qıymırlar

 

Kərim Tahirov: “Onlara qarşı ciddi tədbirlər görüləcək”

 

Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli qərarına əsasən, M.F.Axundov adına Dövlət Kitabxanasına Milli Kitabxana statusu verildi. Bununla da kitabxana qarşısında bir sıra vəzifələr qoyuldu. Onlardan biri də Azərbaycan mətbuatlarının, ədəbiyyatının, kitabiyyatının arxiv fondunun yaradılmasıdır.

Qanuna əsasən, respublikada bütün dövlət və özəl nəşriyyatlar, poliqrafiya müəssisələri çap etdikləri bütün məhsullardan məcburi nüsxələri Milli Kitabxanaya verməlidirlər. Kitab və kitabçaların 4, qəzet və jurnalların 2 nüsxəsi kitabxanaya təqdim olunmaqdır. Qanunun qüvvədə olmasına baxmayaraq, buna çox az nəşriyyat əməl edir. Milli Kitabxana hələ də nəşriyyatların məcburi nüsxələri verməmələrindən əziyyət çəkir. Kitabxananın direktoru Kərim Tahirovun sözlərinə görə, bu qanunun icra edilməsi indiki hadisələrin gələcək nəsillərə ötürülməsi üçün vacibdir: 'Tarixi yaşatmaq üçün bunu mütləq etməliyik. Yadda saxlamalayıq ki, bu gün vaxtsa tarixə çevriləcək. Bunu etməsək, gələcək nəsil sözsüz ki, bizi qınayacaq. Kitabxanaya daxil olan hər bir ədəbiyyatdan bir nüsxə arxiv fonduna verilir və o, heç bir oxucuya verilmir, tarix üçün saxlanılır. Qalanı isə oxucuların ondan istifadə etmələri üçün fonda daxil edilir. Əgər yalnız bir nüsxə daxil olursa, həmin kitab arxivə qoyulur və rəhbərliyin icazəsi ilə oxucuya verilir. Çox nadir hallarda bir nüsxə gəlir. Bu məsələ həm "Kitabxana işi haqqında" qanunun 15-ci maddəsində, həm də "Nəşriyyat işi haqqında" qanunun 22-ci maddəsində yer alıb. Yəni bütün özəl, qeyri-özəl təşkilatlar, ayrı-ayrı müəlliflər, bütün hüquqi, fiziki şəxslər çap etdirdikləri kitabların 4 nüsxəsini Milli Kitabxanaya pulsuz verməyə borcludur. Çox təəssüf ki, bu vətəndaşlıq borcunu hamı yerinə yetirmir. İlk növbədə mən müəlliflərdən, ziyalılardan inciyirəm. Onlar özləri gərək bu işə təşəbbüs göstərsinlər. Müəllif özü nəşriyyatı kitabın bir nüsxəsini kitabxanaya verməsinə məcbur etməlidir. Çünki Milli Kitabxanaya verilməyən kitab tarixin yaddaşında qalmır. Həmin kitab əllərdə gəzir, dost-tanışa bağışlanır və sonda itib-batır. Arxivə verilən kitabı isə bu təhlükə gözləmir". K.Tahirovur sözlərinə görə, kitabxana arxivində üç əsr yaşı olan kitablar da qorunmaqdadır. Onlar üçün xüsusi şərait-hava şəraiti müəyyənləşib. Belə kitablar saxlanılan otağa yalnız oranın işçisi daxil ola bilir. Direktor belə, həmin otağın kodunu bilmir. Burada yalnız ehtiyacı olan kitablar xüsusi məhlulla təmizlənir ki, korlanmasın. Kitabxana direktoru nəşriyyatın kitablarının nüsxəsini təqdim etməkdən boyun qaçırmalarını kommersiya maraqları güddükləri kimi qiymətləndirir. Yalnız bir neçə nəşriyyat nüsxəni verməkdən yayınmır. Həmin kitabların arxasınca isə kitabxana işçiləri özü gedir: "Kitab müəiliflərinin onların xeyrinə olan işdən boyun qaçırmalarını sadəcə olaraq, başa düşə bilmirəm. Bu gün nəşriyyatlar kommersiya maraqlarını güddüklərinə görə bu məsələni aktiv həyata keçirmirlər. Yalnız bəzi nəşriyyatlar bu işdə fəaldırlar. Daha doğrusu, az hissəsi Azərbaycanda hardasa 100-dən artıq kitab çap edən nəşriyyat var. Onların 12-13-nü aktiv hesab etmək olar. Qanuna əsasən, onlar özləri bura gətirməli əvəzində sənəd almalıdırlar. Amma belə deyil, onlar kitabları ayırır biz özümüz kitabların arxasınca getməli oluruq. Bunu işimizin xətrinə edirik. Kitabxananın saytı elektron kitabxanası var. Hazırda kitabların elektron variantının yaradılması ilə məşğuluq. 100-dən artıq kitabın mətni dünyaya yayılır. Nəşriyyatlara müraciət edirik ki, kitabın nüsxələri ilə yanaşı disk variantını da göndərsinlər ki, elektron kitabxanaya salaq. Mədəniyyət Turizm nazirinin müavini Sevda Məmmədəliyeva artıq bununla bağlı bütün nəşriyyatlara müraciət ünvanlayıb. Bu gün yalnız "Vektor" beynəlxalq nəşriyyat evi buna əməl edir. Həm çap etdirdiyi kitabları, həm onların elektron variantını göndərir". Poliqrafiya nəşriyyatlara bir daha bununla bağlı müraciət edəcəyini deyən K.Tahirov əsərlərin məhz elektron saytda yerləşdirildiyi təqdirdə dünyaya yayıla bilməsinin mümkün olduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, Xocalı soyqırımına həsr olunmuş "Xocalı: şəhidlər şahidlər" kitabı məhz elektron çapından sonra bir sıra ölkələrdə oxunmağa başlandı. Onun sözlərinə görə, artıq bir neçə ölkədən kitabın çapı ilə bağlı müraciətlər ünvanlanıb. Kitabxana direktoru kitabların nüsxəsini təqdim etməkdə aktiv olan nəşriyyat evlərinin adlarını da açıqladı. Belə ki, "Azərbaycan", "Gənclik", "Maarif, "Şirvannəşr", "Elm", "Atatürk mərkəzi", "Qanun", Təhsil", "Nağıl evi", "Vektor" beynəlxalq nəşriyyat evi, "Parni iz Baku", "Çinar çap" sairələri daim kitabxana üçün nüsxələr ayırır. Digər nəşriyyatların qaydaya əməl etməsi üçün isə tədbir görüləcək. Bu tədbir elmi konfransının keçirilməsindən ibarətdir: "Mədəniyyət Turizm Nazirliyinin informasiya nəşrlər şöbəsi ilə respublika nəşriyyatlarının, poliqrafiya müəssisələrinin elmi konfransını keçirmək istəyirik. Orada məcburi nüsxələrin sisteminin təkmilləşməsi problemlərini müzakirə edəcəyik. İstəyirik ki, nəşriyyatlarla ortaq məxrəcə gələk". K.Tahirov bu qanuna əməl etməyənlərə qarşı cəza tədbirlərinin mövcudluğunu, lakin bunun icra olunmadığını bildirdi: "Çox təəssüf olsun ki, bu günə kimi heç bir nəşriyyata cəza tətbiq olunmayıb. "Kitabxana işi haqqında" qanunun ayrı-ayrı maddələrini pozan insanlar müəyyən olunmuş qaydalar əsasında cəzalanmalıdırlar. Amma biz elm məbədiyik. Nəşriyyatlarla məhkəmə ilə danışmaq istəmirik. Çalışacağıq ki, bu işi konfransda həll edək. Mən belə başa düşürəm ki, nəşriyyatlar kitabxana üçün nüsxə ayırmırlar. Bu gün onlar 4 manatı bu dəyərli işdən üstün tuturlar. Nəşriyyatların başında duranlar hamısı ziyalı insanlardır. Ötən əsrin əvvəlində "Orucov qardaşları"nın mətbəəsi fəaliyyət göstərib. Onlar bütün kitabların nüsxələrini göndərməklə vətəndaşlıq borclarını yerinə yetirirdilər. O vaxt qanun da yox idi ki, kimisə bunu etməyə məcbur etsin. Sovet dövründə bunlara baxan var idi. 1989-cu ilə kimi ənənə davam etdi. Belə çıxır ki, bizimkilərin üstündə gərək həmişə kimsə dayansın. Qanun isə heç bir əhəmiyyət kəsb etmir. Bu, çox yanlış psixologiyadır. Azərbaycanda yalnız Milli Kitabxanaya bütün kitabların nüsxəsi məcburi verilməlidir. AMEA-ya, Prezident Aparatına və başqa yerlərə isə sahəvi xüsusiyyətlərinə görə müəyyən kitablar verilir". K.Tahirovun sözlərinə görə, ötən il kitabxana fonduna 16 min nüsxəyə qədər vəsait daxil olub. Onların 75-80% latın qrafikasında çap olunub. Kitablar əsasən ayrı-ayrı elm sahələri, elmi-kütləvi ədəbiyyat, tarix, hüquqa həsr olunmuş vəsaitlərdir.

 

Olaylar.- 2007.- 1 mart.- S. 11.