Azərbaycanın Avstriya
ilə kitabxana və muzey işi sahəsində
əlaqələri genişlənir
Avstriya Milli Kitabxanasının
baş direktoru Cohanna Raxinger, həmin ölkənin Təhsil, Elm və Mədəniyyət
Nazirliyinin nümayəndəsi
Britte Bökün, muzey işi üzrə mütəxəssis
Doris Karnerin ölkəmizdə səfərdədirlər.
Səfərdən əsas
məqsəd Azərbaycanla
Avstriya arasında mədəni əlaqələrin
gücləndirilməsi, kitabxana
və muzey sahələrində əməkdaşlığın
genişləndirilməsidir. Qonaqlar M.F.Axundov adına Milli Kitabxana, İncəsənət,
Musiqi Mədəniyyəti
muzeylərində, Caz
Mərkəzində olublar.
Onlar həmçinin Maştağa
qəsəbəsindəki kütləvi
kitabxanaya, Qobustan və Şamaxı rayonundakı kitabxana və muzeylərə gediblər. Ötən gün isə avstriyalı nümayəndələr
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə
görüşüblər. Görüşdə Ə.Qarayev Azərbaycanda bu sahədə Avstriya şirkətlərinin
fəaliyyətindən danışıb:
"Xalça Muzeyinin
yenidən qurulmasında,
bəzi turizm sahələrinin inkişaf
etdirilməsində Avstriya
şirkətlərinin fəaliyyəti
danılmazdır. Son vaxtlar Avstriya cəmiyyətində ölkəmiz
haqqında məlumatlar,
mədəni əlaqələrimiz
genişlənməkdədir. Avropanın Mədəni İrs Həftəsinə
qatılmaqda da Avstriya tərəfi bizə dəstək verəcək". Nazir Bakıda dahi bəstəkar Motsartın
heykəlinin qoyulmasının
da iki ölkə
arasında mədəni
əlaqələrin bəhrəsi
kimi dəyərləndirib.
Avstriya Milli Kitabxanasının baş
direktoru da mədəni əlaqələrin
səviyyəsindən söz
açıb: "Dövlətlərimiz
arasında kitabxana işi ilə əlaqədar memorandum imzalanacaq. Bu memorandum kitabxanalarımız
arasındakı əlaqələrin
genişləndirilməsinə daha geniş imkanlar yaradacaq". Tədbirdə bildirilib ki, Avstriyadan gələn nümayəndələr
yerli muzey işçilərinə bu
sahə ilə bağlı məşğələlər
keçəcəklər. Qeyd
edək ki, Avstriya Milli Kitabxanası 1990-cı ilin əvvəllərindən
başlayaraq, "Kitab
himayədarlığı" adlı layihə gerçəkləşdirir. Sözügedən
kitabxanada Azərbaycanla,
görkəmli tarixi şəxsiyyətlərimizlə bağlı sənədlər,
əlyazmalar xüsusi
şəraitdə qorunub
saxlanılır. Avstriyalı
qonaqların martın
12-də başlayan səfəri bu gün başa çatacaq.
525-ci
qəzet.- 2007.- 15 mart.- S. 7.