Abbasov P.

 

Telekanallarda reklamlar Azərbaycan dilində verilməlidir

 

Elşad Quliyev: "Nəyə görə reklamlar rus dilində olmalıdır?"

 

Xəbər verildiyi kimi, Milli Televiziya Radio Şurasının (MTRŞ) Azərbaycan telekanallarında əcnəbi dillərdə filmlərin (bədii, sənədli, cizgi) nümayiş etdirilməsini qadağan edən qərar çıxaracağı gözlənilir. Bu, bəlkə gecikmiş qərar olacaq, amma hər halda təqdirəlayiqdir. Lakin telekanallarda təkcə filmlər deyil, bəzi reklamlar da əcnəbi dildə verilir. Bunu, reklamların görüntü hissəsinə aid etmək olar.

Azərbaycan Dövlət Televiziyasının sabiq rəhbəri, televiziya sahəsi üzrə tanınmış mütəxəssis Elşad Quliyev bizimlə söhbətində xatırlatdı ki, hələ bir neçə il öncə imlanmış prezident fərmanına əsasən bütün telekanallar, ələxsüs da Dövlət Televiziyası filmləri Azərbaycan dilində səsləndirməlidir: "Bununla bağlı qərar çox düzgündür. Çünki bura Azərbaycandır burada dövlət dili Azərbaycan dilidir".

Elşad Quliyev deyir ki, filmləri Azərbaycan dilində verməkdən ötrü onlar gərək doğma dilimizdə dublyaj olunsun. Dublyaj etmək isə yaradıcılıqdan başqa, ciddi, mürəkkəb texnoloji prosesdir: "Bu, eyni zamanda maliyyə vəsaiti tələb edən bir işdir. Hazırda məsələn, Dövlət Televiziyası dövlət tərəfindən maliyyələşdirilir orada xüsusi dublyaj şöbəsi var. Həmçinin İctimai Televiziya bəzi özəl telekanallarda serial bədii filmlər Azərbaycanca nümayiş etdirilir. Digərləri isə filmləri rus dilində verirlər. Onların göstərdiyi səbəb budur ki, "bizim filmləri dulyaj etməyə maddi texniki cəhətdən imkanımız yoxdur". Əslində bu, təbiidir. Amma özəl kanal açmısansa, deməli bunların hamısını televiziyanı açanda nəzərə almalıydın. Amma reallıq başqa şeydir, nəzəriyyə başqa. Reallığın tələb etdiyi dövlət başçısının kinomotoqrafiyanın inkişafı ilə bağlı qərarında göstərilib. Yəni, dublyaj məsələsi bir bazada - Azərbaycan Kinostudiyasının bazasında həll olunmalıdır. Başqa sözlə, bütün telekanalların sifarişi ilə həmin studiyada dublyaj prosesi həyata keçirilməlidir". Mütəxəssisin sözlərinə görə, bununla həm dublyajla bağlı pərakəndəlik aradan götürülər: "Amma hazırda eyni filmi bir telekanal bir cür dublyaj edir, digəri isə başqa cür, yəni hərə özü bildiyi kimi edir".

Reklamlarda dil məsələsinə gəlincə, Elşad Quliyev bildirdi ki, bu, telkanalın rəhbərliyindən asılıdır: "Sadəcə olaraq telekanal rəhbərliyi reklam verənlərə deməlidir ki, bunlar Azərbaycan dilində getməlidir. Niyə reklamlar rus dilində olmalıdır?! Amma məsələ burasındadır ki, hazırda ölkədə elə telekanal var ki, onun yayımının 60 faizi rus dilindədir. Belə telekanalda azərbaycanca ya başqa dildə reklam verilməsinin elə bir əhəmiyyəti yoxdur. Gərək əvvəlcə verilişlər Azərbaycanca olsun, sonra da reklamlar. Şübhəsiz ki, yayım bütövlükdə Azərbaycanca olanda, bu vaxt reklamlar da mütləq doğma dildə olmalıdır. Bu gülməli olar ki, Azərbaycanca verilişin arasında rus dilində reklam verəsən". Mütəxəssis qeyd etdi ki, filmlər Azərbaycan dilində göstərilərsə, rusdilli tamaşaçıların onu başa düşməsi o qədər problemə çevrilməyəcək. Belə ki, bundan çıxış yolu var bu o qədər çətin deyil.

Elşad Quliyev onu da dedi ki, filmlərin Azərbaycan dilində verilməsi ilə bağlı yalnız bəzi istisnalar ola bilər: "Məsələn, çox məşhur bir film var: "İtalyanca evlənmə". Sofi Lorenin çəkildiyi bu film vaxtilə "Mosfilm" tərəfindən yüksək səviyyədə dublyaj olunub. Bu filmi həmin dublyajda da göstərmək olar".

 

Xalq cəbhəsi.-2007.-6 mart.-S.11.