Məhərrəmova T.

 

Uğur qazanmaq istəyirsənsə, məşğul

olduğun işi mütləq sevməlisən

 

Sayalı Səfərova: "Biznesin yolu enişli-yoxuşludur"

 

O, Azərbaycanda reklam fəaliyyəti ilə məşğul olan ilk qadındır. Onunla söhbətləşəndə istər-istəməz fikirləşirsən ki, "biznes qadın işi deyil" deyənlər nə qədər yanılırlar. Çünki "Memar SS" şirkətinin rəhbəri Sayalı Səfərovanın

10 ildən artıq çalışdığı reklam işində qazandığı uğurlar çətin və gərgin əməyin nəticəsidir. Özü də çalışdığı iş əksər qadınlar üçün tanış olmayan bir sahədir.

Söhbətimizə yaxın olsanız, hər şeyi özünüz biləcəksiniz.

 

Reklamın yaradıcıları

 

- Biznesə başlamağa necə qərar verdiniz?

- 1991-ci ildə Layihə İnstitutunda işləyirdim. SSRİ dağılandan sonra yeni quruluşa keçidlə əlaqədar bütün layihə institutları da fəaliyyətini dayandırdı. Biz də işsiz qaldıq. Hansı işlə məşğul olmağımız haqqında çox fikirləşirdik. O vaxt həyat yoldaşım Hacıəmi Atakişiyev reklam işi ilə məşğul idi. O, bu barədə elmi iş yazırdı. Mən xarici ölkələri gəzəndə orada reklamların yerləşdirilməsi çox xoşuma gəlirdi. Bizdə belə reklamlar yox idi. O vaxt reklam işi ilə bağlı bir şirkət açmaq qərarına gəldik. 1992-ci ilin dekabrında reklam işini daha yaxından öyrənmək üçün Amerikaya getdim. Amerika reklam bazarında 100-150 il bizdən irəlidədir. Altı ay müddətində Sakramento ştatında olan dizayn şirkəti vasitəsi ilə başqa şatatlarda reklam şirkətlərinin işləri ilə yaxından tanış oldum. Onlar işgüzarlığımı və bacarığımı görüb ayda 10 min dollar əmək haqqı ilə mənə iş təklif etdilər. Həyat yoldaşıma zəng vurub dedim ki, bağışla, daha qayıtmıram, çünki burada mənə iş təklif ediblər. Ancaq yoldaşım qayıtmağımı təkid edib dedi ki, yeni şirkət açmışam, gəl burada çalış, öyrəndiyini də bu şirkətdə tətbiq elə. Mən də geri qayıtdım. Qayıdanda gördüm ki, Hacıəmi müəllim "Memar SS" şirkətini açıb. Mən də bu şirkətdə çalışmağa başladım. Çoxları elə bilirdi ki, yoldaşım "Baksovet"də işlədiyi üçün o məni istiqamətləndirir. Əslində, o mənim heç bir işimə qarışmırdı. Rəhbərlik etdiyim şirkət beləcə, fəaliyyətə başladı. Azərbaycanda reklamla məşğul olan ilk qadın mən idim. Ümumiyyətlə, biz Azərbaycanda reklamı ilk yaradanlardanıq.

- İlk vaxtlar biznesinizdə büdrəmələr oldumu?

- Biznesə başlamağımız Azərbaycanda çoxlu xarici şirkətlərin fəaliyyət göstərməyə başladığı vaxta təsadüf etdi. O şirkətlər ilk növbədə öz reklamlarını yerləşdirməyə başladılar. Biz ilk işimizə reklamla yox, dizayn işi ilə başlamışdıq. Onda cəmi 3 işçim var idi. 95-ci ildə Azərbaycanda reklamın inkişafı başladı. Hacıəmi müəllim onda Bakı şəhərinin baş rəssamı idi. O, "Baksovet"in nəzdində Reklam Departamentini, daha sonra onun şöbələrini və büdcəsini yaratdı. Dövlət qurumları ilə birlikdə reklamın qanunlarını işlədi. Bu qanunlar Milli Məclisdə qəbul olundu. Demək olar ki, o qanunlardan sonra reklamın inkişafı başlandı. Həmin illər bizə ilk dəfə gələn "Coca-Cola", "Blic Tabakon Amerika", "Flirr Mores" şirkətləri özlərini reklam etdirməyə başladılar. 1997-98-ci illərdə bizdə reklamın inkişafı zirvə nöqtəsinə çatdı. Hər gələn şirkət öz malını mütləq bazarda tanıtmaq istəyirdi. O vaxt bizim üçün çətinlik onunla bağlı idi ki, işi o qədər də yaxşı bilmirdik. Yavaş-yavaş mükəmməlləşməyə başladıq.

- Dediniz ki, Amerikada olarkən reklamların gözəlliyi sizi valeh eləmişdi. Sonradan eyniliyi burada yarada bildinizmi?

- Onlardan da yaxşı yaratdıq. 95-ci ildə mərkəzi Nyu-Yorkda, şöbələri Fransada yerləşən Dünya Reklamçılar İttifaqına daxil olmaq üçün ərizə verdik. Bir il sonra həmin qurumun üzvü seçildik. Sonra da həmin ittifaq Hacıəmi müəllimi Orta Asiya və Zaqafqaziya ölkələrinin reklam işi üzrə prezident təyin etdi. O vaxt reklam işi təzə yarandığı üçün maraq həddən artıq idi. 1998-ci ildə Bakıda keçirilən konfransa Dünya Reklamçıları İttifaqının prezidenti də daxil olmaqla üzv olan bir çox ölkənin nümayəndələri qatılmışdı. Dünya Reklamçıları İttifaqının prezidenti reklamın yaradıcılarından biridir. O, gözlərinə inamayıb "3-4 ildə yaranan bir şirkətin işi reklam işində 150 il sizdən irəlidə olan bir ölkənin işinə bərabərdir" - deyə heyrətini bildirdi. O, bizdə "Reklam qanunu", onun bütün şərtləri, küçə reklamları və s.-lə tanış oldu. Bu tanışlıq onu valeh etdi. O, marketlərə girərkən bir çox malların reklamını görmədiyi üçün maraqlandı. Biz də ona bildirdik ki, qaçaqmalçılıqla gətirilən malların reklamını vermirik. Reklam şəffaflıq deməkdir. Hər hansı bir mal özünü reklam etdirirsə, demək o, bazarda öz yerini tutur. İndi insanların düşünmə dərəcəsi çox fərqlidir. O vaxt insanlar fikirləşirdilər ki, əgər hansı mal reklam olunursa, demək, onun keyfiyyəti pisdir. İndi isə insanlar "əgər hansı malın reklamı yoxdursa, ondan ehtiyat etmək lazımdır" - deyə fikirləşirlər. Deməli, reklam olunan mal səhiyyə nəzarətindən, ekspertlərin rəyindən keçir. Getdikcə insanlar bunu düşünürlər.

 

İncəlikləri müştəriyə izah etmək lazımdır

 

- Küçələri bəzəyən, televiziyalarda gecə-gündüz göstərilən reklamlar bizdə reklam bazarının inkişaf etdiyini göstərir. Gerçək vəziyyət necədir?

- Reklam bazarı inkişaf edir. Əvvəllər institutlarda reklam fakültəsi yox idi. İndi isə belə fakültələr açılıb. Gənclər hazırda bu işə çox maraq göstərirlər. Reklamla məşğul olmaq o demək deyil ki, təkcə küçədə bilbord qoyasan. Bu gün Azərbaycandakı böyük şirkətlərdə yaxşı marketoloqlara, piar işləri görən yaxşı menecerlərə ehtiyac var. Bunlar çox vacib və incə işlərdir. Dizaynerlər, rəssamlar indi başqa cür düşünürlər, onların qabaqgörənliyi çox güclüdür və və bunu mərhələlərlə həyata keçirirlər. Biz - köhnə memarlar o vaxt kompyuterlə işləmirdik. İndiki dizaynerlər isə kompyuterlə işləməyi bacarır, xarici dil bilirlər. Bakıda reklam işi təzə yarananda biz nəyə görə bir az işsiz qaldıq? Çünki türklər gəlib bazara girdilər. Onlar layihələri göstərməyə başladılar. Məsələn, evə girirdin, görürdün ki, ev fırlanır. Bu modelləri o vaxt türklər gətirdilər. Bizdə isə insanlar belə şeyləri bilmirdilər. Sonra bizim gənclərimiz də xarici ölkələrə gedib öyrəndilər. Burada da kurslar açıldı. Bu gün binaların tikintisində, onların layihəsinin verilməsində çalışanların 90 faizi azərbaycanlı gənclərdir. Xaricdən gələn işçilər çox pul alırlar. Amma bizim öz memarlarımız bu işi çox gözəl bacarır və öhdəsindən də gəlirlər. Çünki onların çox güclü qabiliyyətləri var. Məsələn, 2001-ci ildə İsveçrədə müsabiqədə iştirak edib birinci yeri götürdük. Sonra orda çıxan yurnalın üzərində uğurumuz öz əksini tapdı və bu, bütün dünyaya paylandı.

Birləşmiş Millətlər Təşkilatında keçirilən "Hər kəs öz ölkəsinin gələcəyini necə görür" adlı müsabiqəyə Azərbaycandan beş iş aparmışdıq. Mən sahibkar qadın kimi BMT-nin iqtisadiyyat üzrə işçi qrupunun üzvüyəm. Tez-tez ora konfranslara gedirdik. Müsabiqədə I-III yerlər üçün nominasiyalar, "Fərqlənmə diplomu", iştirakçılar üçün sertifikatlar nəzərdə tutulmuşdu. Təsəvvür edin, 48 ölkənin iştirak etdiyi müsabiqədə Azərbaycan birinci yerə layiq görüləndə gözlərimə inanmadım. Orxan Hüseynovun işi birincilik qazandı. Həmçinin ikinci yerə də biz layiq görüldük.

- İndicə dediniz ki, Hacıəmi müəllim vaxtilə "Reklam haqqında" qanunu işləyib. Bu gün isə Hacıəmi müəllim özü həmin qanunun qocaldığını deyir.

- Düzdür... O vaxt qanunu başqa ölkənin qanununa uyğunlaşdırdı. Bunu dövlət strukturları təsdiq etdilər. İndi Moskvada qanunu ümumiyyətlə, götürüblər. Çünki bazar iqtisadiyyatıdır və buna uyğun olaraq reklam haqqında qanun formalaşmalıdır. Reklam işi ilə bağlı Milli Məclisə yeni təkliflər təqdim olunub. Ancaq bu o demək deyil ki, qanun yoxdur.

- Reklamla məşğul olan bir şirkətin özünün reklama ehtiyacı varmı?

- Reklam şirkəti o demək deyil ki, "reklam şirkətiyəm, özümü tanıtmamalıyam". Həm də reklam şirkəti ilk növbədə özünə imic yaratmalı, özünü tanıtmalıdır. Həmin şirkətlə işləyən insan da kiminlə çalışdığını bilməlidir. Çünki bu gün Azərbaycanda 90-dan çox reklam şirkəti var. Çoxlarını heç biz özümüz də tanımırıq.

- Rəqabət necədir?

- Rəqabət olmalıdır. Rəqabət olmasa, keyfiyyət olmaz. Xaricdən gəlmiş iş adamı ölkəyə daxil olarkən öncə onun reklam şirkəti ilə maraqlanır, internetdə bu barədə məlumat axtarır. Buna görə də yaxşı imic olmalıdır ki, sahibkar verdiyi pulun əvəzində şirkətin bunu doğruldub-doğrulda bilməyəcəyini bilsin. Reklam o demək deyil ki, malını ver və nə istəyirsən onu et. "Bu necə maldır, reklama ehtiyacı var, ya yox" fikirlərini müştəriyə çatdırmaq lazımdır. Bəlkə heç onun malının keyfiyyəti yoxdur. Bəlkə mal elə maldır ki, hansı kütlə arasında satılırsa, elə orada da reklam olunmalıdır və yaxud evlərə paylanılmalıdır. Əgər sırf qadınlar üçündürsə, qadınlar arasında reklam olunmalıdır və s. Bunların hamısı bir fəlsəfədir. Bunları başdansovdu etmək olmaz. Bəzən şirkət yanlış reklam verir və demək olar ki, pulunu küçəyə atır. Və ya müştəri reklamını küçədə yerləşdirmək istəyir. Bir aydan sonra isə malı satılmadığından "mənim reklamımı küçədən götür, başqa yerə qoy" - deyə bildirir. Bu incəlikləri müştəriyə başa salmaq lazımdır. Mən bunu başa salmaya da bilərəm, çünki ortada qazanc itirirəm. Ancaq mən bunu eləmirəm.

- Reklamların inkişafı ilə bağlı əyalətlərdə vəziyyət necədir? Reklamın lazımlılığı fikri oralarda da formalaşıbmı?

- Əvvəllər çox pis idi. İndi reklamlarla bələdiyyələr məşğul olur. Onların işdən başları çıxdığı üçün işi yaxşı qururlar. Hər bələdiyyə öz nəzdində reklam şöbəsi açıb. İşlərində biz də yardımçı oluruq. Keçmiş qanunda da yazılıb ki, reklam gəlir mənbəyi olduğuna görə bələdiyyələrə verilməlidir. Çünki bələdiyyələrin başqa yerlərdən gəlir mənbəyi yox idi.

 

Kişilər qadın qədər fikir eləmir

 

- Sahibkarlar Konfederasiyasının sorğusunda qeyd edilir ki, bizneslə məşğul olan qadınlarımıza çox vaxt mentalitet mane olur. Bu fikir nə qədər doğrudur?

- Şəxsən mənə heç vaxt mane olmayıb. Ola bilsin ki, bəzi regionlarda bu, problemlər yaransın. Ancaq şəhərdə "mən qadınam, siz kişisiniz" kimi problemləri hiss etməmişəm. Əksinə, bizdə qadına hörmət var. Avropada belə şey yoxdur. Mən düşünürəm ki, əgər bir yerə gedib nəsə istəsəm, kişiyə nisbətən mənə daha tez verərlər. Mən bunu qadına olan hörmətlə əlaqələndirirəm.

- Bu gün cəmiyyətdə işgüzar qadın fikri formalaşsa da, belə qadınların sayı çox deyil.

- Ancaq var... Ətrafımdakı işgüzar olmayan qadınlar "mən də bizneslə məşğul olmaq istəyirəm" deyirlər. Olsalar, uğurlarına sevinərəm.

- İşgüzar qadın olmaq üçün hansı keyfiyyətlər tələb olunur?

- Mən işgüzar olmasam, ölərəm. İlk növbədə götürdüyün işi başa çatdırmağı bacarmalısan. Biznesin yolu enişli-yoxuşludur. Biznesdə həm bata, həm də qalxa bilərsən. Çalışmaq lazımdır ki, yıxılanda maili vəziyyətdə qalxa biləsən. Biznesdə batarsansa, heç vaxt qalxmazsan. Ona görə

gərək sükanı həmişə düz saxlayasan.

- Sizcə qadın sükanı saxlamaq üçün mütləq kişiyə arxalanmalıdır?

- Yox... Sükanı bacarığına görə saxlamalısan. Əgər sükanı əlində düz tuta bilmirsənsə, kişi sənə heç bir kömək edə bilməz. Bunu özün bacarmalısan.

- 10 ildən çoxdur ki, bu sahədə çalışırsınız. Bir çətinliyiniz yarananda Hacıəmi müəllimə müraciət edirsiniz?

- Böyük sözünə həmişə ehtiyacımız olur. Ümumiyyətlə, səndən çox bilən insanlara həmişə ehtiyacımız var. Mənim bir xüsusiyyətim var ki, həmişə bilmədiyim işi soruşmağa çalışıram, çəkinmirəm. Bilməyəndə soruşmaq eyib sayılmır. Lazım gələndə Hacıəmi müəllimlə məsləhətləşirəm.

- Bu gün bütün dünyada qadınların işgüzar imici kişiləri ehtiyatlandırır. Hətta bu imicin onları mətbəxə sıxışdıracaq qədər qorxutması ilə razılaşırsınız?

- Yox, razı deyiləm. Mən çox tədbirlərdə iştirak edirəm. Kişilər həmişə deyirlər ki, bizdə belə qadınların olması ilə fəxr edirik. Xarici ölkələrdə olarkən azərbaycanlıların dilindən də fəxrlə eyni sözləri eşidirəm. Bizneslə məşğul olduğum 10-12 il müddətində özüm haqında "bu qadın məni qıcıqlandırır" sözlərini heç kəsdən eşitməmişəm. Bəlkə kimsə ürəyində demək istəyib, ancaq üzümə deyən olmayıb.

- Çox istərdim, bu sualım kişilərin xətrinə dəyməsin: qadınlar cəmiyyətin bütün sahələrində kişilərlə bərabər işləyirlər. Dənizdə neft çıxarmaqdan tutmuş, ta kosmosa çıxmağa qədər. Niyə bəs qadının mətbəxdəki işi onun bölünməyən əməyi sayılır?

- Yəqin biz qadınlar özümüz belə istəmişik. Şəxsən mən kişinin mətbəxdə olmağını sevmirəm. Hər işi özüm görməyi xoşlayıram. Ancaq elə kişilər də tanıyıram ki, onlar mətbəxdə xanımlarına kömək edirlər. Hesab edirəm ki, əgər qadına mətbəxdə kömək lazımdırsa, yoldaşı bunu etməlidir.

- Bəs həm ev işlərini, həm də buradakı işlərinizi necə çatdırırsınız?

- Ancaq bazar günləri istirahət edirəm. Onda da fikirləşirəm ki, işdən yaxşı heç nə yoxdur. Çünki evin işi heç vaxt qurtarmır. İşləyəndə isə evin işini də çatdırırsan. Özünütərif olmasın - mətbəxi, ev işlərini çox sevirəm. Lazım olanda özüm bişirirəm, evimi yığışdırıram, paltarımı yuyuram. Səhər saat 8.00-da evdən çıxır, axşam 9.00-da da işdən qayıdıram. Bununla bərabər işlərimi çatdırıram.

- Sizcə qadınların ənənəvi istəyi nədir?

- Yəqin ki, xoşbəxt olmaq. Övladını, həyat yoldaşını sağlam görmək. Məncə, qadın üçün ən əsası ailədir. Başqa bir ölkəyə gedəndə mütləq fikrim ailəmin yanında qalır. Kişilər qadınlar qədər fikir eləmir. Qadın bütün hallarda qadındır. O, öz qadınlıq simasını heç vaxt itirməməlidir.

 

Məndə rəsmiyyətçilik yoxdur

 

- Razısınızmı, adi qadınlara nisbətən işgüzar qadınlarda rəsmiyyət hissi daha güclü olur?

- Mən belə deməzdim. O, insanın özündən asılıdır. Məndə rəsmiyyətçilik yoxdur. İstəsəm də alınmır. Bizneslə əlaqədar xaricdə çox oluram. Görürsən ki, senator və ya Dünya Reklamçılar İttifaqının prezidenti səninlə uşaq kimi davranır. Xaricdə belə rəsmiyyət yoxdur. O xüsusiyyətlər sovet dövründə qaldı. İndi gərək iş prosesində səmimi olasan. İnsanla davranış insan kimi olmalıdır. İşçilər çox vaxt mənim müdir olduğumu bilmirlər. Lazım gələndə həyətimdə bel ilə işləyirəm. Mən öz həyətimdə fəhləyəm. Gərək işində də, həyətində də eynən fəhlə olasan.

- Bəs ailədə necə - eyni sənətlə məşğul olan adamlar daha tez dil tapır, yoxsa bu, hardasa maneçilik yaradır?

- Sənət nə qədər uyğun olarsa, bir-birlərini tez başa düşürlər, problemlər yaranmır. Demirəm ki, gənclər seçimi mütləq belə etsinlər. Anlaşma olmalıdır.

- İşinizdə hər hansı bir uğuru taleyin hədiyyəsi hesab edirsiniz?

- Qismət Allahındır. Allah insana yol açır və deyir ki, bacarırsan o yolu get. Bacarmırsansa, bu yolu davam edə bilmirsən.

- İşinizi hər şeydən çox sevirsiniz - belə demək olarmı?

- Mənə elə gəlir ki, işimi sevməsəm, onu bacarmaram. Əgər məşğul olduğun sahədə bir uğur qazanmaq istəyirsənsə, o işi mütləq sevməlisən. Sevgi ilə yanaşdığın işin həmişə yaxşı nəticəsi olur.

- Bayramları sevirsiniz?

- Bütün bayramlar əzizdir. Əgər 8 Marta görə soruşursunuzsa, özüm də hədiyyə edirəm axı.

- Həm də hədiyyə gözləyirsiniz?

- Yox, heç vaxt hədiyyə gözləmirəm. Mənim hədiyyəm məni sevən insanların və hər kəsin cansağlığıdır

 

Kaspi.- 2007.- 10-11 mart.- S. 22-23.