Əsədov B.
Kitabxanalar
biliklər cəmiyyətinin ayrılmaz hissəsidir
Biliklər əsri adlandırılan müasir dövrdə elmə, kitaba, kitabxanalara münasibət
tamam başqadır. Hələ yaxın keçmişdə kitabxana-oxucu
əlaqələri yalnız
ənənəvi iş
üsullarına, xidmət
növlərinə əsaslanırdısa,
bu gün daha irəli gedərək mahiyyət və forma etibarilə
xeyli dəyişikliyə
uğrayıb. Müasir
kitabxanalar nəinki informasiyanı toplayır,
mühafizə edib istifadəçiyə çatdırır,
həm də informasiya mənbəyinə,
məlumat yaradıcısına
çevrilir, informasiya
ehtiyatiları ilə cəmiyyətin maariflənməsinə
xidmət göstərir.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru,
filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli ilə söhbətimiz bu mövzu ətrafındadır.
-Aybəniz xanım, cəmiyyətin qloballaşdığı
bir zamanda kitabxanalar öz əhəmiyyətini nə
dərəcədə qoruyub
saxlaya bilib?
- Vətəndaşların cəmiyyətdə, həyatın
müxtəlif sahələrində,
elmdə, təhsildə
baş verən yenilik və dəyişiklikləri mütəmadi
izləyə bilməsi,
bu yenilik və dəyişikliklərə
müvəffəqiyyətlə uygunlaşması kitabxanalarla
əlaqədar bir prosesdir. Əgər XIX əsrdə aqrar cəmiyyət, ötən
yüzillikdə sənaye
cəmiyyəti mövcud
idisə, indi bilik-informasiya cəmiyyəti
formalaşır. Yəni cəmiyyət
artıq kənd təsərrüfatı və
sənaye məhsullarının
istehsalından götürülən
gəlirin hesabına yox, intellektual məhsulların hesabına
inkişaf etmək mərhələsinə qədəm
qoyub. İnformasiyanın
əldə olunmasında
və müvafiq istiqamətə yönəldilməsində kitabxanaların
rolu kifayət qədər böyükdür.
Məhz bu baxımdan əminliklə söyləyə
bilərik ki, öz xidmət növlərini, oxucularla iş vərdişlərini,
yeni texnologiyların iş proseslərinə tətbiqini inkişaf etdirən kitabxanalar qloballaşan dünyanın,
biliklər iqtisadiyyatının
və ümumilikdə
informasiya cəmiyyətinin
ayrılmaz tərkib hissəsidir. Bu və digər səbəbdən cəmiyyətin
inkişaf dinamikası
ilə ayaqlaşa bilməyən kitabxanalar isə təbiidir ki, gedən proseslərin arxasında qalacaq. Azərbaycanda mədəniyyət, elm, təhsil sahələrinə
dövlət qayğısı
ölkəmizdəki kitabxanaların
cəmiyyətin inkişafındakı
rolunu daha da artırmağa, kitabxanalarımızın əvvəlki
nüfuzunu bərpa etməyə yönəlib.
"Kitabxana işi haqqında" qanun, bu günlərdə hökumətə təqdim
olunmuş "Kitabxanaların
inkişafı Dövlət
Proqramı" bunun bariz nümunəsidir.
- Bir sıra şəhər və rayon kitabxanalarında ictimai hüquqi-informasiya mərkəzlərinin yaradılması
hansı zərurətdən
doğub?
- Bu layihəni möhtərəm
Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Proqramı"na müvafıq surətdə Mədəniyyət
və Turizm Nazirliyi həyata keçirir. Bu məqsədlə
nazirlik YUNESKO-nun "Hamı üçün informasiya" Proqramının
Rusiya Komitəsi ilə danışıqlar
aparıb, bir sıra nazirlik, idarə və kitabxanaların Rusiya Federasiyasının hüquqi
bazasına daxil olmaları barədə razılıq alıb. Ümumilikdə Azərbaycanda
35 belə məntəqə
yaradılacaq. Buraya
Prezident Kitabxanası,
Milli Məclisin Kitabxanası, Nazirlər Kabinetinin Kitabxanası, Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinin Kitabxanası,
Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası, Milli Kitabxana və başqaları daxildir. Həmin məntəqələrin təşkili ilə bağlı tədbirdə
YUNESKO rəsmilərinin, Mədəniyyət
və Turizm nazirinin, digər təşkilat rəhbərlərinin
iştirakı ilə
"Kitabxanalar biliklər
cəmiyyətində" adlı
kitabın təqdimat mərasimi də keçirildi. Bütünlükdə
bu hadisələr Azərbaycan kitabxanalarının
YUNESKO kimi bir təşkilatla, xüsusilə
onun "Hamı üçün informasiya"
Proqramı ilə daha sıx əməkdaşlığına
təkan verəcək.
Bu isə kitabxanalarımızın beynəlxalq
əlaqələrinin genişlənməsinə,
Azərbaycan elminin dünya müstəvisinə
çıxmasına xidmət
edəcək.
- "Kitabxanalar biliklər
cəmiyyətində" kitabı
mütəxəssislərin fikrincə, kifayət qədər sanballı, elmi tutumlu nəşrdir.
- Qurulmaqda olan biliklər cəmiyyətinin
ayrılmaz tərkib hissəsi kimi kitabxanalarda ənənəvi
proseslər davam etdirilməklə yanaşı
müasir texnologiyalara
əsaslanan işlər
də görülür.
Haqqında danışdığımız
kitab rusiyalı həmkarlarımızla birgə
hazırladığımız ilk ikidilli nəşrdir.
Kitabda məqalələri
dərc olunmuş mütəxəssislərin əksəriyyəti
bu sahədə öz sözünü demiş adamlardır. Mən professor Abuzər Xələfovu, Rasim Kazımovu, Yevgeni Kuzmini və başqalarını
nəzərdə tuturam.
Məcmuənin "Əlavələr"
hissəsindəki "Biliklər
iqtisadiyyatının Azərbaycan
modelinin konsepsiyası"
və "2015-ci ilədək
Azərbaycan Respublikasında
kütləvi kitabxanalar
şəbəkəsinin inkişaf
konsepsiyası" ilk
dəfə işıq
üzü görüb.
Bu nəşrdə Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası
"Kitabxana informasiya
cəmiyyətinin əsas
infrastruktur elementidir"
adlı məqalə ilə təmsil olunub. Məqaləmizdə biz çalışmışıq
ki, bilik və informasiya cəmiyyətində kitabxanaların
üzərinə düşən
vəzifələri bu
və digər formada araşdıraq, yeni təkliflərimizi verək, kitabxanamızın
qlobal cəmiyyətdəki
yerini, funksiyalarını,
nailiyyətlərini oxucuların
diqqətinə çatdıraq.
- Sizcə, bu qəbildən nəşrlərin
kitabxanalarımızın inkişafına
nə xeyiri dəyəcək?
-Qeyd etdiyim kimi, "Kitabxanalar bilik cəmiyyətində"
kitabı ikidillidir. Yəni məqalələr
Azərbaycan və rus dillərində verilib. Bu da
kitabın daha geniş oxucu auditoriyasına ünvanlandığından
xəbər verir. Məcmuənin kitabxanalarımızın inkişafına təsir imkanlarına gəlincə
deyə bilərəm
ki, burada qarşıya qoyulan məsələlər əslində
Azərbaycan və Rusiya kitabxanalarının
dünya informasiya məkanına inteqrasiya edilməsinə yönəlib.
Ümidvaram ki, Azərbaycan kitabxanaları
ən yaxın gələcəkdə
bu məkanın aparıcı qüvvəsi
olacaq.
- Kitabxanalarda yeni texnologiyaların tətbiqi
vacibdirmi, bəlkə
onlarsız da keçinmək olar?
- Bilirsiniz ki, dövlət başçısı
cənab İlham Əliyev ilk rəsmi səfərini
2003-cü ildə Cenevrəyə
edib, İnformasiya cəmiyyəti üzrə
dünya sammitinə qatılıb. Həmin sammitdə qara qızılı insan qızılına çevirmək
prioritetini elan edən Prezidentimiz eyni zamanda kitabxanalarımız
üçün də
proqram xarakterli tezislər irəli sürmüşdür. Bu
sammitin və onun davamı olan Tunis sammitinin
öhdəliklərində müasir kitabxanalarda informasiya və kommunikasiya texnologiyalarının
tətbiqi zərurət
kimi qarşıda qoyulub. Odur ki, inkişafda
olan kitabxanalar öz ənənəvi kataloq sistemlərini elektron kataloqla əvəzləyir, kağız
fondlarını rəqəmsal
kitabxanalara konvertə
edir, kitab verilişini, oxucu qeydiyyatını, beynəlxalq
informasiya mübadiləsini
yüksək texnologiyaların
köməyi ilə həyata keçirirlər.
Bütün bunlar kitabxana-oxucu münasibətlərinin
daha operativ şəkildə qurulmasına
xidmət edir.
Azərbaycan.-2007.-8 may.-S.10.