“Qədim Şuşa” kitabının təqdimatı keçirildi

 

Mayın 8-də Axundov adına Milli Kitabxanada Şuşanın işğalının 15-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Şuşanın və şuşalıların acı taleyindən bəhs etdi. "Artıq 15 ildir ki, Azərbaycanın mirvarisi olan Şuşanın həsrətindəyik.

Böyük imperiyanın siyasətini həyata keçirən bədnam qonşular onlara havadarlıq edən qüvvələrin köməyi nəticəsində, musiqimizin beşiyini işğal edib. Öncə Qərbi Azərbaycan torpaqlarında özlərinə yer edən insanlar torpağı özününkü bilib genişləndirmək iddiasına düşüblər. Özləri də buna inanıb dünyaya haray salıblar. Faciənin səbəbkarına çevrilən ermənilər Şuşanın mədəni obyektlərini bir sözlə, torpağımızı darmadağın ediblər, Bütün beynəlxalq ictimaiyyətin səylərinə, Azərbaycanın sülhsevər niyyətinə baxmayaraq təcavüzkarlar bu gün də öz siyasətlərinə davam edirlər.

Bu gün Prezidentin siyasətinin əsas məqsədi ədaləti bərpa etmək, məhz Şuşada Azərbaycan bayrağını dalğalandırmaqdır: Bizim hər birimiz bu gün bu siyasəti dəstəkləyir, çalışırıq ki, ədalət bərqərar olsun".

Nazir "Qədim Şuşa" adlanan yeni nəşri təqdim etdi. Sonra bildirdi ki, nəşrin ortaya çıxmasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi olub.

Kitab rus dilindədir. Bu eyni zamanda tək azərbaycanlıların deyil, həm də beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulduğundan rus dilində nəşr edilib. "Qədim Şuşa" ümumilikdə Azərbaycan xalqının zəngin xəzinəsini nümayiş etdirir.

O eyni zamanda yaxın dövrlərdə ermənilərin qəsb etdiyi torpaqlarda 700-dən artıq tarixi abidə və mədəniyyət müəssisələrini yenidən bərpa etmək niyyətinə qarşı olduqlarını və bu barədə müvafiq təşkilatlara məlumat göndərdiklərini bildirdi. Aydın oldu ki, beynəlxaiq ictimaiyyət də bu rəyə qoşulub.

Sonra nazir tədbir iştirakçılarını İran jurnalistlərinin yaxın zamanlarda Şuşada olarkən çəkdikləri videolentə baxmağa dəvət etdi.

Nümayişin ardından Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov danışdı. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdi. Xüsusilə Qacarlar sülaləsinin davamçısı olan kitabın müəllifi Çingiz Qacarın əməyini qiymətləndirdi. O, ermənilərin Şuşanın işğalı günü ərəfəsində hazırladıqları saxta baş plana bir Azərbaycan vətəndaşı kimi qarşı çıxdığını söylədi.

Sonra Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova qeyd etdi ki, kitabın faciəvi tarixlə əlaqədar nəşr olunması vətənpərvərlik addımıdır. Burada ölkənin hərtərəfli fəaliyyəti, Şuşa, eləcə də yurdumuzun bütün bölgələrinə xas olan mədəniyyəti, musiqisi, adət-ənənələri, ədəbiyyatı, incəsənəti işıqlandırılıb. Millət vəkili, dramaturq, publisist Hüseynbala Mirələmov bu unikal kitabı Qarabağın ağısına bənzətdi, Şuşasız Qarabağın ola bilməyəcəyini vurğuladı. Danışıqlar yolu ilə olmasa da müharibə yolu ilə torpaqlarımızın qayıdacağına ümid etdiyini bildirdi.

Azərbaycan Mədəniyyəti Dostla Fondunun katibi İbrahim Quliyev bizim bəyliyimizin, xanımlığımızın rəmzi olan füsunkar Şuşanın itkisindən duyulan ağrını ifadə etməyə çalışdı.

Tədbirdə Milli Kitabxananın fondundan olan Qarabağa aid kitablar da nümayiş olundu.

Sonda millət vəkili Elman Məmmədov və kitabın müəllifi Çingiz Qacar bu günün faciəsindən və yeni nəşrin əhəmiyyətindən danışdılar".

 

Kino+.- 2007.- 11 may.- S. 2.