Turanə
Mədəniyyət
və Turizm Nazirliyi Şuşanın işğalının
15-ci ildönümü ilə bağlı tədbir
keçirib
Dünən M.F.Axundov
adına Kitabxanada Şuşanın işğal
olunmasının 15-ci ildönümü ilə bağlı
tədbir keçirilib. Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə reallaşan
tədbirdə həm də Çingiz Qacarın rus dilində
qələmə aldığı "Qədim
Şuşa" kitabının təqdimatı olub.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev artıq 15 ildir ki, Azərbaycanın mirvarisi sayılan Şuşanın həsrətində olduğumuzu deyib. Tədbirdə həm də gənc nəslin nümayəndələrinin olduğunu nəzərə alan nazir xatırladıb ki, böyük imperiyanın siyasətini həyata keçirən bədnam qonşularımız, onlara havadarlıq edən qüvvələrin köməyi nəticəsində musiqimizin beşiyi olan Şuşanı işğal edib. Qərbi Azərbaycan torpaqlarında məskən salan ermənilər yurdumuza öz məskənləri kimi yiyələnməyə çalışıblar. Nazir işğalçıların zəbt olunan torpaqlarda mədəni abidələri, milli sərvətlərimizi dağıtdığını diqqətə çatdırıb. Bu günü kədərli də olsa tarixin unudulmaz səhifəsi adlandıraraq qeyd edib ki, bütün beynəlxalq ictimaiyyətin səylərinə, Azərbaycanın sülhsevərliyinə baxmayaraq, ermənilər hələ də təcavüzkar siyasətini davam etdirir. Nazir Şuşa itkisinin Azərbaycan xalqının hər bir vətəndaşının könül yarası olduğunu deyib. Bu gün ölkə başçısının siyasətinin əsas məqsədinin ədalətin bərqərar olmasından ibarət olduğunu vurğulayan nazir yaxın gələcəkdə Şuşada Azərbaycan bayrağının dalğalanacağını əminliklə söyləyib.
"Bu toplular faciəni
yaşamaqla yanaşı,
həm də xalqımız arasında birlik yaradacaq" deyən Ə.Qarayev kitabın tək azərbaycanlılar
üçün deyil,
rusdilli oxucular üçün təşkil
olunduğunu diqqətə
çatdırıb. Şuşanın İcra
Hakimiyyətinin başçısı Nizami Bəhmənov
isə Azarbaycanın ən gözəl mədəniyyət
ocağı olan Şuşa ilə bağlı
xatirələrindən danışıb. AMEA-nın müxbir
üzvü Fəridə Məmmədova, millət
vəkilləri Hüseynbala Mirələmov, Elman Məmmədov,
Azərbaycan Mədəniyyətinə Yardım Dostları
Fondunun katibi İbrahim Quliyev Azərbaycanın
Konservatoriyası sayılan, cənnətməkan Şuşa
ilə bağlı hisslərini bölüşüblər.
Ulu Qacarlar
nəslindən olan, nəşrin müəllifi Çingiz
Qacar isə kitabın qələmə alınmasında ona
yaxından köməklik göstərən
şuşalılara minnətdarlığını bildirib.
Tədbirdə
"Dağlıq Qarabağ İcması" İctimai Birliyinin
əldə etdiyi kadrlar əsasında ekranlaşdırılan
Şuşa ilə bağlı sənədli film
nümayiş olunub. Filmdə Şuşanın işğaldan
sonra və son dövrə aid olan görüntüləri yer
alıb.
Yeni Azərbaycan.- 2007.- 9 may.- S. 12.