Dünya İnformasiya
Cəmiyyəti günü
münasibətilə ümumrespublika
toplantısı
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları
İnstitutunun birgə
təşkilatçılığı ilə Bakı
Əyləncə Mərkəzində Dünya İnformasiya
Cəmiyyəti gününə həsr olunmuş
ümumrespublika toplantısı keçirilmişdir.
Tədbirdə dövlət
orqanlarının, elm
və təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının,
biznes sektorunun nümayəndələri iştirak
etmişlər.
Toplantıdan əvvəl
mərasim iştirakçıları
Fəxri xiyabana gələrək, ümummilli
liderimiz Heydər Əliyevin məzarını
ziyarət etmişlər.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov tədbirin əhəmiyyətindən
danışmış, Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkədə
informasiya cəmiyyətinin
qurulması istiqamətində
həyata keçirilən
tədbirlər barədə
məlumat vermişdir.
Nazir ötən dövr ərzində informasiya-kommunikasiya texnologiyaları
sahəsi üzrə bir sıra mühüm
qanunların qəbul edildiyini, rabitə və informasiya texnologiyaları üzrə
(İKT) BMT-nin İnkişaf
Proqramı, Dünya Bankı və digər beynəlxalq təşkilatlarla birgə
bir sıra əhəmiyyətli layihələrin
həyata keçirildiyini
bildirmişdir. "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə
2005-2008-ci illər üçün
Dövlət Proqramı
(Elektron Azərbaycan)"nın məqsədindən
danışan natiq proqramın yerinə yetirilməsi üzrə növbəti mərhələnin
(2012-ci ilə kimi) tədbirlərinin müəyyənləşdirildiyini
qeyd etmişdir.
Sonra
AMEA-nın prezidenti Mahmud Kərimov, Azərbaycan Respublikası
Prezidenti İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin
müdiri Elmir Vəlizadə, Milli Məclisin Elm və təhsil məsələləri daimi
komissiyasının sədri,
professor Şəmsəddin
Hacıyev, Naxçıvan
Muxtar Respublikasının
rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov ölkəmizdə
informasiya cəmiyyətinin
qurulması istiqamətində
aparılan tədqiqatlar,
informasiya cəmiyyəti
quruculuğu sahəsində
əldə edilən nailiyyətlər, informasiya
cəmiyyətinə keçidi
təmin edən hüquqi-normativ bazanın
yaradılması və
inkişaf etdirilməsi
istiqamətində görülən
işlər, "Elektron Azərbaycan"
Dövlət Proqramı
çərçivəsində Naxçıvan bölgəsində
həyata keçirilən
tədbirlər barədə
məlumat vermişlər.
Çıxışlardan sonra
rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov
"Elektron Azərbaycan"
Dövlət Proqramının
icra vəziyyəti
barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
İ.Məmmədov müvafiq
Dövlət Proqramının
qəbul edilməsindən
keçən ilyarım
ərzində onun reallaşdırılması istiqamətində
görülən işlər
barədə ətraflı
məlumat vermişdir.
Sonra məruzə ətrafında müzakirələr
aparılmışdır.
Azərbaycan Texniki Universitetinin
rektoru, professor Havar Məmmədov, AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun
direktoru Rasim Əliquliyev, "Ultra"
şirkətinin baş
direktoru Tahir Mirkişili və digər natiqlər müasir İKT üzrə
kadrların hazırlanması
prosesindən, təhsil
sistemində İKT-nin
tətbiqi sahəsində
görülən işlərdən
danışmış, ölkədə
biznes sektorunun inkişaf etdirilməsi, iqtisadi innovasiya fəaliyyətinin həyata
keçirilməsi, bu
sahəyə yerli və xarici sərmayənin cəlb edilməsi ilə bağlı təkliflər
vermişlər.
Müzakirələrdən sonra RİTN-nin rəsmi veb-portalının təqdimatı
keçirilmişdir.
Azərbaycan.-2007.-18 may.-S.7.