Elektron Azərbaycanın növbəti mərhələsi hazırlanır

 

Mayın 18-də Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının qərargahında yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
Ə.Abbasov "Azərbaycan Respublikasında rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan) istiqamətində görülən işlər barədə məlumat vermişdir. O, proqram üzrə struktur yenidənqurması, telekommunikasiya bazarının liberallaşdırılması, telefon şəbəkələrinin müasirləşdirilməsi, poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması s. istiqamətlərdə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Bu sahədə görülən işlərin nəticələri barədə məlumat verən nazir demişdir ki, cari ilin I rübü ərzində qurumun nəzdindəki birlik müəssisələr üzrə proqnozlaşdırılmış 35,6 milyon manat əvəzinə, 45,3 milyon manat gəlir əldə edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Həmin müddət ərzində dövlət büdcəsinə 4,9 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna isə 2,2 milyon manat vəsait ödənilmişdir. Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən 300 min nəfər artaraq 3 milyon 600 minə çatmışdır. Bu, hər yüz nəfərə 42,1 mobil abinəçinin düşməsi deməkdir.
Dövlət proqramının məqsədindən danışan natiq "Elektron Azərbaycan"ın yerinə yetirilməsi üzrə növbəti mərhələnin (2012-ci ilə kimi) tədbirlərinin müəyyənləşdirildiyini qeyd etmişdir.
Ə.Abbasov əhalini güzəştli şərtlər əsasında kompyuterlə təmin etmək, yerli istehsalı genişləndirmək üçün nazirliyin təşəbbüsü ilə "Microsoft" "İntel" şirkətləri ilə birgə "Xalq kompyuteri" layihəsi üzrə işlərə başlanıldığını bildirmişdir. O, dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələrin genişləndirildiyini, respublikamız üçün müasir informasiya-kommunikasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması barədə razılıq əldə olunduğunu söyləmişdir.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan.-2007.-19 may.-S.2.