Mükərrəmoğlu M.
İnformasiya
cəmiyyəti yaratmaq başlıca məqsəddir
Ümumdünya
İnformasiya Cəmiyyəti Günü münasibətilə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Əyləncə Mərkəzində böyük tədbir
keçirmişdir.
Artıq 2-ci ildir ki, dünya ölkələrində
olduğu kimi, Azərbaycanda da 17 may “Ümumdünya
İnformasiya Cəmiyyəti Günü” kimi qeyd olunur.
Xatırladaq ki, Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 17 may tarixini
“Ümumdünya İnformasiya Cəmiyyəti günü” kimi
27 mart 2006-cı ildə elan edib. Bu günün may
ayının 17-də qeyd olunmasının tarixi
səbəbləri var: məhz həmin gün 1865-ci ildə
Parisdə 20 Avropa ölkələsinin
nümayəndələri tərəfindən Beynəlxalq
Teleqraf İttifaqının (International Telegraph Union - ITU)
yaradılması haqqında müqavilə imzalanıb.
Belə bir İttifaqın yaradılmasının əsas
məqsədi həmin dövrə məxsus teleqraf əlaqələri
üçün vahid standartları müəyyən etmək
idi.
Müasir dövrdə teleqraf əlaqələri
müəyyən inkişaf mərhələlərindən
keçərək informasiya-kommunikasiya texnologiyalarına
çevrilib və bu texnologiyaların hər bir sahədə
meydana çıxan məlumatların toplanmasında,
emalında və ötürülməsində rolu çox
böyükdür. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi zərurəti
indiki qloballaşma dövründə daha çox hiss olunur
və bu texnologiyaların sürətlə inkişafı
və yayılması bəşəriyyətin inkişafı
üçün geniş imkanlar yaradır. Informasiya
cəmiyyətinin əsas məqsədi,
bütövlükdə cəmiyyətin və ayrı-ayrı
şəxslərin informasiya tələbatını
ödəmək üçün müasir informasiya
texnologiyaları bazasında müxtəlif təyinatlı
informasiya resurs və fəzalarının formalaşdırılmasıdır.
Ölkəmizdə irnformasiya cəmiyyətinin qurulması
dövlət siyasətinin əsas prioritetlərindən biri
kimi qəbul edilmişdir. İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələrinə İC-nin
hüquqi əsaslarının yaradılması, insan amilinin
inkişafı, vətəndaşların məlumat almaq, onu
yaymaq və istifadə etmək hüquqları, şəffaf
dövlət və yerli özünüidarəetmənin,
elektron hökumətin, elektron ticarətin formalaşması,
ölkənin iqtisadi, sosial və intellektual potensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətə davamlı iqtisadiyyatının
qurulması, informasiya və bilik bazarının
yaradılması, tarixi, ədəbi-mədəni irsin
saxlanması, müasir informasiya-kommunikasiya infrastrukturunun
yaradılması, vahid milli elektron informasiya
məkanının formalaşdırılması, informasiya
təhlükəsizliyinin təmini, qlobal informasiya
fəzasına inteqrasiya, milli İKT məhsullarının
istehsalı, ölkənin elektron geriliyinin aradan
qaldırılması və digər vacib
məsələlər daxildir. Ümumiyyətlə,
İnformasiya cəmiyyəti fərdi biliklərin
İnternet-mühitin köməyi ilə
ictimailəşməsi - kollektiv təfəkkürün
formalaşması üçün misilsiz imkanlar yaradır.
İnformasiya cəmiyyəti, eyni zamanda, yeni növ
iqtisadiyyatı - ən ali əmtəə forması olan
biliklərə və informasiyalara əsaslanan iqtisadiyyatı
formalaşdırır.
Dünyada baş verən qloballaşma prosesi,
ölkələrarası inteqrativ münasibətlərin
meydana gəlməsi və inkişafında İnformasiya
cəmiyyəti müstəsna əhəmiyyətə malikdir.
Belə bir şəraitdə, bazar iqtisadiyyatının
tələblərinə müvafiq elmin idarə olunması,
intellektual mülkiyyətin formalaşması, qorunması
və kommersiyalaşdırılması, vaxtilə “beyin
axını” - alimlərin inkişaf etmiş
ölkələrə getməsi prosesinin yerinə onların
biliklərinin İnternet üzərində miqrasiyası
və digər problemlərin həlli yeni konseptual
baxışlar, yanaşmalar, təşkilatı və
iqtisadi-hüquqi mexanizmlər tələb edir.
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev
2003-cü ilin fevral ayında respublikamızda
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq
olunması və inkişaf etdirilməsi haqqında
“Azərbaycanın inkişafı naminə İKT üzrə
Milli Strategiya”nı (2003-2012-ci illər) təsdiq etmişdir. Milli
Strategiyanın qəbulundan ötən müddət
ərzində Azərbaycan hökuməti tərəfindən
bu sahədə bir sıra kompleks tədbirlər həyata
keçirilmişdir. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2003-cü il dekabrın 12-də Cenevrədə informasiya
cəmiyyəti məsələləri üzrə Dünya
Sammitində iştirakı Azərbaycan dövlətinin bu
sahəyə diqqətini beynəlxalq aləmə bir daha
nümayiş etdirdi. Prezident İlham Əliyev sammitdə
çıxış edərək xüsusi qeyd etdi ki,
Azərbaycan dövləti İnformasiya cəmiyyətinin
qurulması istiqamətində bütün imkanlardan
istifadə edəcəkdir. O, Azərbaycanın bu
sahədə dövlət siyasətinin əsas
prioritetlərini şərh etmiş, onun İKT-ni inkişaf
etdirməkdə maraqlı olduğunu bəyan etmişdir. Bu
istiqamətdə dövlət siyasətini həyata
keçirmək məqsədi ilə 2004-cü il fevralın
20-də cənab Prezident İlham Əliyev Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması
haqqında qərar qəbul etdi.
2005-ci ilin noyabr ayında İnformasiya cəmiyyəti
üzrə Ümumdünya Sammitinin Tunis
mərhələsində Azərbaycan Respublikasının
nümayəndə heyətinin iştirakı da
ölkəmizin beynəlxalq əlaqələrinin
genişləndirilməsinə, həmçinin
ölkədə İKT sahəsində inkişaf
barədə geniş ictimaiyyətə məlumat
yayılmasına imkan yaratmışdır. Sammitdə
Cenevrə mərhələsindən keçən iki il
müddətində informasiya cəmiyyətinin
formalaşması istiqamətində əldə etdiyi
uğurlara görə Azərbaycana təşəkkür elan
edilmişdir.
“Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci
illər üçun Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
informasiya cəmiyyətinin qurulmasına və
ümumilikdə dövlətimizin inkişafına xidmət
edir.
Azərbaycanda “Elektron imza və elektron sənəd
haqqında” Qanunun qüvvəyə minməsi
ölkədə elektron sənəd dövriyyəsinin
yaradılmasına və elektron imza tətbiq edilən yeni
proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət
sahələrinin inkişafına şərait yaratdı.
Qanunun qəbulu elektron formada münasibətlərin
təşkili ilə bağlı digər qanunvericilik
aktları üçün hüquqi əsas yaratdı.
“Elektron ticarət haqqında” Qanun şəbəkə
mühitində alqı-satqı əməliyyatlarının
həyata keçirilməsinə, müxtəlif növ
ticarət xidmətləri göstərilməsinə,
yerinə yetiriləcək müqavilələrin elektron
üsulla bağlanılmasına qloballaşan dünyada
ölkələrarası iqtisadi əlaqələrin
inkişafına xidmət edir.
“Telekommunikasiya haqqında” Qanun telekommunikasiya
şəbəkələri və operatorları, onlar
arasında münasibətləri, həmçinin bu
sahənin idarə olunması mexanizmini özündə
əks etdirir.
“İnformasiya əldə etmək haqqında” Qanun
vətəndaşın məlumat əldə etmək
hüququnun demokratik hüquqi dövlətin prinsipləri
əsasında reallaşdırılmasını
tənzimləyən normativ aktdır. Qanunun
tələblərinə uyğun olaraq hökumət və
yerli özünüidarəetmə orqanları İnternet
resurslarından istifadəni təmin etməli və öz veb
resursunu yaratmalıdır.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan
Milli Elmlər Akademiyasının 60 illik yubileyinə həsr
olunmuş iclasda Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə, beynəlxalq aləmə
çatdırılmasında İKT, xüsusən də
internetin müstəsna rol oynadığını bir daha vurğuladı,
“BAKUTEL-2006” XII Beynəlxalq İKT sərgi-konfransında son
illərdə bu sahədə görülən
işlərdən razı qaldığını bildirdi
və ölkəmizin İKT sahəsində daha da irəli
gedəcəyinə əminliyini ifadə etdi.
Son zamanlar ölkənin müxtəlif regionlarında
İnternetin inkişafına güclü zəmin
yaradılmışdır. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ölkənin müvafiq sahə
üzrə xarici əlaqələrinin genişlənməsinə
və onun beynəlxalq təşkilatlarda
üzvlüyünə nail olmuşdur. Ölkədə
İKT-nin inkişafı üçün əlverişli
şərait var. Ən əsası budur ki, dövlətimiz
və onun rəhbəri bu sahənin inkişafına xüsusi
qayğı göstərir.,
Xalq qəzeti.-2007.-20 may.-S.6.