Əsədov B.

 

Köhnə təzə saray, təmirdən sonra görüşənədək!

 

"Bakıda bir saray ucalır, çal-çağırlı, min bir nəğməli saray. Böyük görüşlər, ali məclislər sarayı. Qapılarını yenicə açıb, işıqlarını təzəcə yandırıb. Tamaşasına gələnlər ona ilk baxışdan vurulublar, müasir üslübüna, gözəl hüsnünə heyran qalıblar. Yanından keçən, içini görən, eşidib-bilən hamı, hamı deyir: əladır, qəşəngdir, çox mübarək!"
Bu sətirlər 1972-ci ilin dekabrında "Kommunist" qəzetində dərc edilmiş reportajımdandır. Həmin günlərdə "Ədəbiyyat İncəsənət" qəzetində Bakının indiki Bülbül prospektində tikilmiş möhtəşəm saray haqqında məqaləm çıxmışdı: "Sarayla ilk görüşdən sevinclə ayrılırıq. Ondan göz doyur, ürək. Buyurun, sizi burada maraqlı şənliklər, müxtəlif görüşlər, dünya Azərbaycan incəsənətinin görkəmli nümayəndələri ilə yeni tanışlıqlar gözləyir". Hər iki yazını hazırlayarkən Bakı Şəhər Sovetinin sədri Əliş Ləmbəranski ilə söhbət etmişdim. O, Azərbaycan xalqına bu böyük töhfənin, müasir arxitekturası ilə fərqlənən, paytaxtımızın bəzəyi olan bu çox yaraşıqlı, ecazkar binanın həm layihələşdirilməsində bilavasitə iştirak etmiş, həm tikintisində zəhmət çəkmişdi. Bir dəfə şahidi olmuşam: dizlərini yerə qoyaraq əyilib səhnəni səliqə-sahmana salmaqda nəyi necə etməyi inşaatçılara başa salırdı. Məni görcək (tanıyırdı, əvvəllər həmsöhbət olmuşduq, indi özü dəvət etmişdi) gözləməyimi rica etdi. Gözləməyim isə bir saatdan çox çəkdi, yalnız işini qurtarıb dikələrək üst-başını təmizlədikdən sonra, - , mən hazır, başlayaq,- dedi. Elə fərəhlə, elə həvəslə, elə ilhamla danışırdı ki: "Bakı sarayı son dərəcə nadir tikintidir. Bir səhnəyə diqqət yetir, gör necə nəhəngdir. O, üç hissədən ibarətdir, rejissorun istənilən fikrini həyata keçirməyə qadirdir. Bizim saray dostluğun gücü ilə boy atıb, qardaşlığın hünərinə ucalıb, onun inşasında Macarıstan, ADR, Çexoslovakiya müəssisələrinin məhsullarından geniş istifadə olunub. Bakının yaraşığı bu saray memarlarımızdan, inşaatçılarımızdan, quraşdırıcılarımızdan gələcək nəsillərə əbədi yadigardır, həmişə qorunmalı, bəslənməli, himayə olunmalı, qayğı ilə əhatə edilməlidir".
İndi hər dəfə ulu öndər Heydər Əliyevin adını da
şıyan sarayın yanından ötəndə mərhum Əliş Ləmbəranskinin son sözlərini xatırlayıram. Düz otuz beş il sonra sarayın əsaslı təmirinə başlanıb. Bu, adi təmir deyil, o, tamam yenidən qurulacaq, müasir standartlar səviyyəsinə yüksəldiləcək. Bunun təşəbbüskarı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Ümummilli liderimiz Heydər Əliyevin böyük səyi sayəsində ərsəyə gəlmiş saray dövlət başçısı İlham Əliyevin himayəsi, qayğısı ilə bu gün təzə görkəm alır, cildini dəyişir. Ulu öndərin saysız-hesabsız yadigarlarından biri olan Saray yenicə təmirə dayandırılanda Prezident İlham Əliyev buraya gəlmiş, görüləcək işlərin layihəsi ilə maraqlanmışdı. Bu günlərdə dövlətimizin başçısı yenə Sarayda aparılan əsaslı təmir yenidənqurma işləri ilə tanış olub. Cənab Prezidentə bildirilib ki, təmir-bərpa yenidənqurma ən müasir texnologiyalar əsasında aparılır, mütəxəssislər konstruksiyaların mühəndis qurğularının faktik vəziyyətini ekspertizadan keçirdikdən sonra təmir işlərinin mexanizmi müəyyənləşdirilir. Prezident İlham Əliyev Sarayın fasadında edilən dəyişikliklərlə maraqlanıb, binanın daha baxımlı əzəmətli görkəm alması üçün hər bir işi dəqiqlik incəliklə görməyi tövsiyə edib.
Saray təmirdən sonra necə olacaq, bizi hansı libasda qarşılayacaq? Bakı Şəhər İcra Hakimiyyətində sualımızı cavablandıran tapılmadı (Allah Əliş Ləmbəranskiyə rəhmət eləsin, belə anlarda redaksiyalarla əlaqə saxlayar, jurnalistləri özü məlumatlandırardı), bunu Mədəniyyət Turizm Nazirliyindən öyrəndik. Sarayın əsaslı şəkildə yenidən qurulması işlərini bu sahədə kifayət qədər təcrübəli "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti Türkiyənin tanınmış "Pim proje" şirkəti görür. Layihədə binanın fasadında, ətrafında interyerində köklü dəyişikliklər edilməsi nəzərdə tutulub.
Sarayın fasadında pillələrə, pilləkənaltı pilləkənüstü meydançaya mərmər döşənəcək. Bayır tərəfinə xüsusi texnologiya əsasında üzlük çəkiləcək, bu, üzlüyün uzunömürlü, seysmik cəhətdən davamlı olmasına imkan verəcək. Qarşıdakı Bülbül prospektində avtomat sədlər qoyulacaq, onlar konsertdən çıxan tamaşaçıların yolu rahat adlamaları üçün dərhal nəqliyyat vasitələrinin üzünə bağlanacaq.
Sarayın giriş hissəsinin hündürlüyü bir metr artırılacaq. Əvvəlki kimi səkkiz qapı olacaq, ancaq onlar avtomatlaşdırılacaq, özləri açılıb örtüləcək. İşıqlandırma sistemi tamam təzələnəcək. Dövlət tədbirləri kütləvi tədbirlər monitorlar vasitəsilə binanın xaricindən izlənə biləcək.
Binanın ümumi görünüşü kiçik elementlər tətbiq etməklə modernləşdiriləcək. Hazırda memarlar bunun üzərində işləyir, eyni zamanda texniki tədqiqatları davam etdirirlər. Bütün tikinti materialları avadanlıq ABŞ-dan, Yaponiyadan, Almaniyadan, İtaliyadan Avstriyadan gətiriləcək.
Sarayın foyesi başdan-başa yenidən qurulacaq. Burada qeyri-adi saat, lazer fəvvarələr olacaq. Tamaşaçılar foyedən ekranların köməyi ilə səhnədə görülən işləri müşahidə edəcəklər. Qarderobda xüsusi oturacaqlar qoyulacaq, o, dizayna uyğun işıqlandırılacaq. Foyenin mərkəzini isə ulu öndər Heydər Əliyevin büstü bəzəyəcək.
Salonda oturacaqların sayı çoxaldılacaq. Kreslolar bir rəngdə eyni tonda olacaq, onlarda xüsusi qulaqcıqlar quraşdırılacaq. Bu sistem bütün dünyada tətbiq edilir çıxışları tərcümədə dinləməyə imkan verir.
Ali qonaqlar üçün VIP-otaqlar, sənətçilərin qrim otaqları tanınmaz dərəcədə müasirləşdiriləcək, günün tələbləri səviyyəsinə qaldırılacaq.
Dinləyicilərdən tamaşaçılardan ötrü əsas məsələ akustikanın yaxşılaşdırılmasıdır. Bu istiqamətdə müvafiq işlər görüləcək. Türkiyənin Orta Şərq Texniki Universitetinin mütəxəssisləri artıq salonun akustikasının təkmilləşdirilməsini başa çatdırıblar.
Otuz beş il əvvəl yazmışdım: əladır, qəşəngdir Bakı sarayı. Gələn ilin sentyabrında işıqlarını yandıranda o, daha əla, daha qəşəng olacaq.
Köhnə təzə saray, təmirdən sonra görüşənədək!

Azərbaycan.-2007.-20 may.-S.1.