Məmmədli B.

 

Buzovna qəsəbəsində yeni istirahət parkı istifadəyə verildi

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə Əzizbəyov rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Buzovna qəsəbəsində yeni salınmış istirahət parkının açılışı olmuşdur. Buzovna bələdiyyəsi tərəfindən inşa olunan qəsəbə parkının açılışını bildirən qırmızı lenti kəsən Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov qeyd etdi ki, bütün həyatını quruculuğa və xalqın rifahının yaxşılaşdırılmasına həsr etmiş böyük öndər Heydər Əliyevin doğum günü ərəfəsində belə bir parkın buzovnalıların ixtiyarına verilməsi əlamətdar hadisədir. Bu, ümummilli liderimizin əsasını qoyduğu inkişaf startegiyasının ölkəmizin hər yerində uğurla davam etdirildiyini, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin parlaq nəticələr verdiyini göstərir. Artıq elə bir kənd, şəhər və qəsəbə yoxdur ki, orada möhtəşəm quruculuq işləri aparılmasın. Bu baxımdan Əzizbəyov rayonunda reallaşdırılan layihələr daha çox diqqəti cəlb edir, əhalinin qarşılaşdığı problemlər uğurla həll olunur.

Daha sonra çıxış edən YAP Əzizbəyov rayon təşkilatının sədri Namiq Əhmədov və digər natiqlər bildirdilər ki, Buzovna bələdiyyəsinin qəsəbənin abadlığı və quruculuğu yönündə atdığı addımlar səmərəli nəticələr verir, bütün imkanlar sakinlərin rahatlığının təmin olunması üçün səfərbəliyə alınır. Sözsüz ki, bu uğurların qazanılmasında rayon icra hakimiyyətinin başçısı Hacı Gülağa İslamovun diqqət və qayğısı xüsusi rol oynayır.

Onu da qeyd edək ki, Əzizbəyov rayonunda böyük öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar yunan-Roma güləşi üzrə turnir və "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur" mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Bütün bu tədbirlər RİH, YAP rayon təşkilatı, Mərdəkan və Buzovna bələdiyyələrinin təşkilatçılığı və dəstəyi ilə reallaşmış, fərqlənənlər və qaliblər mükafatlandırılmışdır.

 

Respublika.- 2007.- 12 may.- S. 7.