Salmanov R.

Milli Park milli sərvətimizdir

 

1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq, “Milli Park” statusu verilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə paytaxtımızın əhalisinin ən sevimli istirahət məkanı olan Bakı bulvarına Milli Park statusu verilməsindən on ilə yaxın vaxt ötür. Bu illər ərzində ölkəmizdə gedən geniş miqyaslı abadlıq və quruculuq işləri Milli Parkımızdan da yan ötüşməyib. Yeni çəmənliklər salınmış, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilmiş, yeni attraksionlar quraşdırılmışdır. “Azneft” meydanında bu günlərdə istifadəyə verilmiş musiqili fəvvarə, elə oradaca ucaldılmış Azərbaycanın üçrəngli nəhəng milli bayrağı parkın ümumi mənzərəsini daha da gözəlləşdirmişdir. İllərdən bəri nostalji hisslərlə Bakı bulvarının xiffətin çəkən ağsaqqal sakinlərimiz, onu öz nəğmələrində vəsf eyləyən müğənni və bəstəkarlarımız bu gözəlliyi görməyə bilməzlər. Bütün bunlar ilk növbədə ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımızın milli mənəvi irsinə, milli sərvətlərimizə göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir. Məhz bu diqqətin nəticəsidir ki, bu günlərdə Prezident sərəncamı ilə yüksək fəxri adlara layiq görülmüş mədəniyyət xadimləri içərisində Milli Parkın direktoru, “Əməkdar mədəniyyət işçisi” adı almış Vətən Kərimov da var...
Vətən Kərimovdan milli sərvətimiz olan bu unikal parkın dünəni, bu günü və sabahı barədə oxucularımıza məlumat verməsini xahiş etdik.
— Bu yüksək fəxri ada görə ilk növbədə möhtərəm Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Mədəniyyət, memarlıq abidələrimizin qorunması elə mədəni irsimizin qorunması deməkdir. Təməli ulu öndərimiz, müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu olan Heydər Əliyev tərəfindən qoyulmuş bu missiyanı nə yaxşı ki, möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Hamımız şahidiyik ki, böyük dövlət qayğıları içərisində cənab Prezident gündəlik olaraq bu məsələlərlə də məşğul olmağa vaxt tapır. Ona öz adımdan, rəhbərlik etdiyim kollektivin, eləcə də bu parkın daimi qonaqları olan yüz minlərlə insan adından dərin təşəkkürümü bildirirəm.
1909-cu ildə Dənizkənarı bulvarın salınması Bakı şəhər Duması tərəfindən qərarlaşdırılmış və o vaxtlar Dumada çalışan mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bilavasitə sıx bağlıdır. İki il müddətində buraya kənardan münbit torpaq gətirilmiş, Azərbaycanın ayrı-ayrı bölgələrindən, hətta Avropadan müxtəlif nadir bitki nümunələri gətirilib əkilmişdir. İllər keçdikcə Dənizkənarı bulvar inkişaf etmiş 1950-60-cı illərdə “Mirvari”, “Bahar” kafeləri, S.Vurğun adına yay kinoteatrı, “Venesiya” su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilib sakinlərin ixtiyarına verilmişdir. 1970-ci illərdə dövlət tərəfindən respublikada, ilk növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətində genişləndirildi.
Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Mənə elə gəlir ki, yaxın gələcəkdə Milli Parkımız öz füsunkar gözəlliyi ilə onu da ötüb keçəcək — deyə Vətən Kərimov iftixarla parkın bu günü və gələcəyinlən söz açdı. Uzunluğu üç kilometr, sahəsi 70 hektar olan Milli Park gələcəkdə Zığ və Şıx çimərliyi ilə birləşib böyük bir istirahət zonasına çevriləcək. Hələlik bu, layihə olsa da, bu yönümdə işlər gedir. Və bu layihənin reallaşması üçün dövlətimizin hər cür imkanı, ən başlıcası isə bu məsələni daim diqqət mərkəzində saxlayan möhtərəm Prezidentimiz var. Dövlət başçımızın parka mütəmadi gəlişləri, tədbirlərdə iştirak etməsi, parkda aparılan abadlıq və quruculuq işlərilə yaxından tanış olması bizdə bir əminlik yaradır. Son bir neçə ayda dövlət rəmzi olan üçrəngli nəhəng bayrağımızın Azneft meydanında ucaldılması, musiqili fəvvarənin işə salınması, parkın ərazisində muğam mərkəzinin inşasına başlanması deyilənlərə sübutdur.
Doğma Bakımız günü-gündən gözəlləşir. Ölkəmizə gələn qonaqların da sayı artır. Bu gözəlliyi qoruyub saxlamaq isə hər birimizin müqəddəs borcudur. 1990-cı ildə mən bu parka direktor təyin olunanda Bakı bulvarının yalnız xoş sədası qalmışdı. Sahil bağı tam yararsız hala düşmüşdü. İstirahətə aid olmayan onlarla obyektin yerləşdirilməsi, onların məişət tullantılarının, bir yandan da Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin çoxu məhv oldu. Buna görə də istirahət sahələri tam yararsız hala düşmüşdü. Yaşıllıqlar baxımsızlıq üzündən qurumuş, qeyri-qanuni tikililər, çadırlar, alaçıqlar xalqın istirahətinə deyil, daha çox bəzi adamların gəlir mənbəyinə çevrilmişdi.
Ulu öndərin yenidən hakimiyyətə qayıdışı bu nadir təbiət guşəsini tamam məhv olmaqdan xilas etdi. Qanunsuz tikililərin sökülməsi haqda məlum göstərişdən sonra dövlət başçısının özünün şəxsən parkın abadlığına diqqət yetirməsi sayəsində Bakı bulvarı az bir zamanda əvvəlki görkəmini aldı. Ən böyük işlər isə ulu öndərin sərəncamı ilə buraya Milli Park statusu veriləndən sonra həyata keçirildi. Ölkə rəhbərliyinin Milli Parkımıza olan diqqət və qayğısı sayəsində tam əminliklə deyə bilərəm ki, parkımız bu gün də, sabah da həmişə olduğu kimi uşaqların, gənclərin sevimili guşəsi , ahıl qocaların isə əsl istirahət yeri olacaqdır.

Xalq qəzeti.-2007.-20 may.-S.4.