Hacızadə A.

 

Leyla Əliyeva: 2008-ci ildə Azərbaycan gənclərinin forumunu keçirmək planlaşdırılır

 

2008-ci ildə Rusiyada Azərbaycan gənclərinin birinci forumunu keçirmək planlaşdırılır. Bunu Moskvada jurnalistlərə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva bildirmişdir.
L.Əliyeva xatırlatmışdır ki, Moskvada Azərbaycan gənclərinin 1-ci regionlararası forumu ilə eyni vaxtda Brüsseldə, Avropa Parlamentinin binasında Avropa azərbaycanlı gənclərinin forumu keçirilir. O demişdir: “Gələn il Avropadakı gənclərimizi Rusiyaya dəvət edib, onlarla birgə forum keçirməyi planlaşdırırıq”. Bu tədbirlərin vacibliyini, Azərbaycan gənclərinin həmrəyliyinin əhəmiyyətini vurğulayan gənclər hərəkatının lideri demişdir: “Biz hamımız Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün eyni işi görürük”. Gənclərimizin məqsədyönlü fəaliyyətindən və müsbət əhval-ruhiyyəsindən məmnun qalan L.Əliyeva bildirmişdir ki, Azərbaycanı dünyada şərəflə təmsil etmək üçün bu, olduqca vacibdir.

Xalq qəzeti.- 2007.- 15 may.- S. 2.