Əhmədov Q.
Xızıda daha üç
yeni ünvanın təməli qoyuldu
Xızı bütünlüklə
təbiət və torpaq muzeyidir, onun sinəsini bəzəyən dağların,
dərələrin, yamacların,
qayaların, çay və bulaqların hər biri bu
muzeyin canlı eksponatlarıdır. Burada
təbiət olduqca əsrarlı və bərəkətlidir. Giləzidən Xızıya dönəndə
yol boyu sıralanmış xınalı
dağlar, əlvan yamaclar, tala və keçidlər, sərt döngə və dolaylar, Qədəşmirdi yenişi
və digər "ünvanların" hər
biri əsl təbiət möcüzəsidir.
Bu yerlərdə dağ, dəniz, çöl və bağ havası ilə nəfəs alan xızılılar son illər ölkəmizdə bərqərar
olmuş sabit müstəqillik ab-havasından qəlbən daha da gümrahlaşmış,
yeni həyat quruculuğuna həvəslə,
inamla girişmişlər.
Prezident İlham Əliyevin bölgələrin
inkişafına şəxsi
qayğısı Xızıda
öz bəhrəsini
verməkdədir.
Zəngin təbiəti,
misilsiz fauna və florası, qədim tarixi, rəngarəng folklor və etnoqrafiya yaddaşı olan Xızı-Bərmək mahalı hələ tam öyrənilməmiş
sirli-sehrli bir aləmdir. Həm də daxili və xarici turizm baxımından onu xoşbəxt gələcək gözləyir.
Bunun üçün
burada müasir mədəniyyət obyektlərinin
və lazımi infrastrukturların yaradılmasına
böyük ehtiyac var. Respublika Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi
kimi, biz ilk öncə Tanrının bizə bəxş etdiyi zəngin təbii sərvətlərimizə doğru
yol açmalıyıq.
Bu il mayın
10-da, ulu öndərimiz
Heydər Əliyevin təvəllüd günü
dağlar səltənəti
Xızıda Heydər
Əliyev muzeyinin, rayon tarix-diyarşünaslıq
muzeyinin və 320 yerlik mədəniyyət sarayının təməli
qoyuldu. Xızılıların iştirak etdiyi
təntənəli toplantıda
rayon icra hakimiyyətinin başçısı
Vaqif Abdullayev çıxış edərək
dedi ki, ötən əsrin 70-ci illərindən etibarən
respublikada muzey şəbəkəsinin inkişafı
daha intensiv şəkil almış və demək olar bütün rayon mərkəzlərində yeni-yeni muzeylər yaradılmışdır.
Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri,
görkəmli şəxsiyyətlərin,
ədəbiyyat və
incəsənət xadimlərinin
ev, xatirə muzeyləri təşkil edilmişdir. O cümlədən
C.Cabbarlı və M.Müşviqin Xızıdakı
ev muzeyləri də bu qəbildəndir.
Əlbəttə bu, sürətli yüksəliş
dövrü yaşayan
ölkəmizdə milli
mədəni sərvətlərin
qorunması və gələcək nəsillərə
çatdırılması işinə dövlətimizin lazımi
diqqət və qayğısının təzahürüdür.
Respublikanın artan iqtisadi
potensialı əsasında
yüksək inkişaf
tempinə uyğun olaraq, mədəniyyət
sahəsində ardıcıl
işlər aparılır,
bir sıra mədəniyyət ocaqları
yaradılır, mövcud
mərkəzlər üçün
isə yeni binalar inşa edilir. Təəssüf ki, Xızı
rayonu bir müddət bu inkişafdan geri qalmışdı. Halbuki Xızı rayonu xalq təbabəti, ziyarətgahları, tarixi abidələri, rəngarəng
faydalı bitki aləmi, şəfalı
suları, qədim adət-ənənə, folklor nümunələri
ilə o qədər zəngindir ki, bunların hər biri üçün ayrıca muzey yaratmaq olar.
Bütün bunları
nəzərə alan Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində
Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində
müntəzəm olaraq
lazımi tədbirlər
görülür. O cümlədən
regionlarda muzeylər şəbəkəsinin inkişafında
nəzərəçarpan irəliləyiş əldə
olunmuşdur. Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
Respublikasının paytaxtı
Bakı şəhərində
İstiqlal abidəsinin
ucaldılması haqqında"
2006-cı il 18 dekabr, "Müasir İncəsənət Muzeyinin
yaradılması haqqında"
2006-cı il 19 dekabr və "Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında" 2007-ci il
6 mart tarixli sərəncamları
muzey işinə yeni vüsət vermişdir. Cari siyasi tariximizi əks etdirəcək Heydər Əliyev muzeyi və keçmişi, bu günü gələcək
nəsillərə çatdıracaq
tarix-diyarşünaslıq
muzeyi də məhz bu nəcib
məqsədə xidmət
edir. Doğrudan da əgər insan yaşayır və yaradırsa, o, yaddaşının da qayğısına qalmalıdır. Bu baxımdan rayonda çox iş görülmüş və
görülməkdədir.
Müstəqilliyimizin yaşıdı
olan Xızı rayonu əsasən heyvandarlıq, qoyunçuluq,
əkinçilik və
quşçuluqla məşğul
olur. Xızı-Bərmək mahalının
əhalisi ötən
15 ildə həm sayca artmış, həm də öz təsərrüfatlarını
xeyli inkişaf etdirmişlər. Xızıya
rayon statusu verildikdən sonra bütün sahələrdə
müəyyən irəliləyiş
baş vermişdir. Rayonun telefonlaşdırılması,
ayrı-ayrı kəndlərə su kəməri və yol çəkilişi sahəsində konkret işlər görülmüşdür.
Rayon statusunu xızılılar
müstəqilliyin ilk
bəhrəsi kimi yüksək qiymətləndirirlər.
Çünki qabaqlar bir neçə rayonun tərkibində ucqar və əlçatmaz
yer kimi unudulmuş Xızı kəndləri tədricən
boşalır və əhali müntəzəm
olaraq şəhərlərə
axışırdı. Bunun
nəticəsidir ki, vaxtilə
120 yaşayış məskəni
olan Xızı ərazisində indi təxminən 90 kənd və qışlaq qalmışdır. Əhali,
xüsusən gənclər
məşğuliyyət və
təhsil ardınca Sumqayıt və Bakı şəhərlərinə
üz tutmuşlar.
Axırıncı illər,
xüsusən son bir ildə vəziyyət
kökündən dəyişmişdir.
Təkcə rayon mərkəzində deyil, hər bir qışlaq,
hər bir xırda kənd sakini bu dəyişikliyi
öz şəxsi həyatında və məişətində görüb
dərk edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı rayonda uğurla icra olunur.
Nəticədə Dağlar
diyarı görkəmini
dəyişir. Yeni müəssisələr açılır,
yollar çəkilir,
kəndlər abadlaşır.
Aparılmış tikinti-abadlıq, quruculuq işləri nəticəsində
Xızı rayonu yeni görkəm alır. Uzun illər ətalət və durğunluğun hökm sürdüyü dağlar diyarı artıq hərəkətə
gəlmiş və respublikada gedən ümumi yüksəliş
yoluna qədəm qoymuşdur.
Azərbaycan.-2007.-19 may.-S.5.