Yasəmən

Muzey - tarixin yaddaşı

 

Nədənsə tamaşaçılar qədim yaddaşımıza ekskurs etmək istəmir

 

Dünən muzey günü idi. Hansısa bir muzeyə baş çəkmək fikriniz varmı? Bu sualla paytaxt əhalisinə müraciət etdik. Amma təəssüf ki, aldığımız cavablar elə ürəkaçan olmadı. Nədən ki, respondentlər muzeylərə getmək üçün özlərində maraq olmadığını söylədilər. Onlardan bəziləri bunu maraqlı eksponatların olmaması, bəziləri isə sadəcə olaraq bunun üçün pul xərcləməyin əhəmiyyətli olmamasından danışdılar...
   
   Amma muzeylər tariximizin bir hissəsidir. Çünki hər hansı bir tarixə qayıtmaq üçün bu barədə olan kitabları oxumaq, arxivləri ələk-vələk etməyə ehtiyac yoxdur. Tariximizi yaşadan vizual görüntü isə məhz muzeylərimizdir. Qədim orta əsrlərə aid mədəni, məişət eksponatlarından tutmuş, həmin dövrün gerçəkliyini əks etdirən əşyalar evimizdə deyil, məhz muzeylərdə qorunur. Həmin o muzeylər ki, orada istədiyin zaman həmin dövrlərə ekskurs edə bilərsən. Reallıqda necə, muzeylərimiz tarixi eksponatları qorumaq, nəsildən-nəsilə ötürmək üçün tələblərimizə cavab verirmi? Tariximizin bir parçası olan muzeylərimizin hazırkı durumu necədir? Muzey günündə paytaxtımızdakı bəzi muzeylərə baş çəkməyi qərara aldıq.
   
   Cəfər
   Cabbarlı
   Muzeyində
   eksponat azdır
   
   Araşdırmamıza Cəfər Cabbarlının ev muzeyindən başladıq. Sakit məkana daxil olmağımız bizdə təəccüb doğurdu. Çünki biz muzeydə daha çox adam, xarici qonaqlar görməyi düşünürdük. Lakin...
   Muzeyin elmi əməkdaşı Qəmər Seyfəddinqızı ilə söhbətimiz zamanı məlumat verdi ki, ev muzeyi 1979-cu ildən fəaliyyətə başlasa da, onun açılışı 1982-ci ildə olub. Biz burada neçə adamın çalışdığı ilə maraqlandıq. Məlum oldu ki, muzeyin 13 əməkdaşı var. Muzeylərdə əmək haqqının aşağı olduğunu bildiyimizdən buradakı işçilərin aşağı məvacib aldıqlarını eşidəndə təəccüblənmədik (bu muzeydə əmək haqqı 50 manatdan çox deyil). Qeyd edək ki, muzeydə əmək haqqı vəzifələrə uyğun olaraq bölünür.
   Muzeydə üçün az eksponat nümayiş etdirdiklərini soruşduqda işçilər bunu muzeyin fondunun kiçik olması ilə izah etdilər: "Eksponatlarımız çoxdur. Onları eyni zamanda nümayiş etdirməyə imkanımız yoxdur". Muzey eksponatlarnın vəziyyəti diqqətimizdən yayınmadı. Elmi əməkdaşın sözlərinə görə, Mədəniyyət Turizm Nazirliyinin yardımı ilə Restavrasiya İdarəsinin əməkdaşları onlara kömək göstərirlər.
   Muzeydə aparılan təmir işləri ilə maraqlandıq. Qəmər xanım belə təmirin sonuncu dəfə 1997-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını dedi. Həmsöhbətmizin sözlərindən aydın oldu ki, onlar daha çox bp şirkəti ilə əməkdaşlıq edirlər.
   Muzeydə olduğumuz müddətdə buraya cəmi 3 nəfərin gəldiyini müşahidə etdik. Onların sayının az olmasını isə muzey əməkdaşları aydınlıq gətirə bilmədi. Muzeydə əcnəbi qonaqların olmaması da diqqətimizdən yayınmadı. Qəmər xanım bunu "xarici marşruta" qoşulmamaları ilə izah etdi.
   
   Muzeyə daha çox əcnəbilər gəlir
   
   "Molla Nəsrəddin" satirik jurnalının məşhur karikatura ustası Əzim Əzimzadənin ev muzeyində bizi muzeyin elmi əməkdaşı İradə Əzimzadə qarşıladı. O, muzey həyatının özəlliklərindən danışdı. İradə xanım muzey haqqında 1965-ci ildə qərar çıxarılmasına baxmayaraq
, onun 1968-ci ildə fəaliyyətə başladığını dedi. Hazırda buranın 15-ə kimi əməkdaşı var. Muzeydə çalışanların demək olar ki, hamısı məşhur rəssamın qohumlarıdır: "Bizi muzeyə bağlayan maddi deyil, mənəvi bağlardır".
   Muzeydə olarkən bura gələnlərin kimliyi ilə maraqlandıq. Onların sayı az olsa da öyrəndik ki, muzeyi ziyarət edənlər daha çox əcnəbilərdir. Onlar muzeyin tarixi ilə maraqlanır, Azərbaycan haqqında daha çox şey öyrənməyə çalışırdılar.
   
   Xalçalarımıza daha çox tamaşa edirlər
   
   Azərbaycan Milli Xalça Muzeyində isə nisbətən canlanma duyulurdu. Belə ki, son zamanlar dövlət səviyyəsində muzeyə göstərilən diqqət səbəbindən orada xeyli sayda eksponatlar tamaşaçıların ixtiyarına verilib. Muzey işçiləri söylədi ki, Azərbaycanın qədim xalça nümunələri ilə əsasən xarici ölkələrin nümayəndələri maraqlanırlar. Xüsusilə onları Təbriz, Qarabağ, Şamaxı, Quba xalçalarının əsrarəngizliyi cəlb edir.
   Amma onlar söylədilər ki, yaxın zamanlarda muzeyin digər əraziyə köçürülməsi səbəbindən eksponatların hamısını tamaşaçılara təqdim edə bilmirlər. Bildirək ki, digər muzeylərə nisbətən Xalça Muzeyində kifayət qədər tamaşaçı var idi...
   
Üç nöqtə.-2007.-19 may.-S.20.