XV əsr tarixi memarlıq
abidəsində Beynəlxalq Muzeylər Günü qeyd olundu
1977-ci ildə Sankt-Peterburqda
Beynəlxalq Muzeylər Şurasının I Konfransında 18
May Muzeylər Gününün qeyd olunması qərara
alınmışdır
Şirvanşahlar
kompleksində 18 May Beynəlxalq Muzeylər Gününə
həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş
sözü ilə muzeyin kütləvi işlər
üzrə direktor müavini Təranə Balayeva açaraq,
18 may tarixinin muzey işçiləri üçün
böyük bayram olduğunu vurğuladı. O, qeyd etdi ki,
Beynəlxalq Muzeylər Günü nəinki Azərbaycanda,
bütün dünya muzeylərində təntənəli
şəkildə qeyd edilir. 18 May Beynəlxalq Muzeylər
Gününün tarixinə gəlincə isə Təranə
xanım dedi ki, 1977-ci ildə Sankt-Peterburqda Beynəlxalq
Muzeylər Şurasının I Konfransı
keçirilərkən, 18 may tarixini Muzeylər Günü
kimi qeyd olunması qərara alınmışdır. Artıq
30 ildir ki, bu tarixi gün muzey işçiləri
tərəfindən qeyd edilir. Tədbirdə söz muzeyin direktoru
Rəna Rzayevaya verildi. O, peşə bayramı
münasibətilə bütün muzey işçilərini
təbrik edib, Azərbaycanda 169 muzeyin olduğunu
nəzərə çatdırdı. Bu muzeylərin hər
biri öz adına uyğun olaraq müxtəlif funksiyaları
yerinə yetirir. 169 muzey sırasında 22-si hazırda
işğal altında olan Azərbaycan ərazisinin
daxilindədir. Rəna xanım böyük ümidlə
ermənilərin əlində olan bu muzeylərin yaxın bir
zamanda Azərbaycan muzeysevərlərinin ixtiyarına
veriləcəyini söylədi. Muzeyin direktoru Beynəlxalq
Muzeylər Günü münasibətilə Şirvanşahlar
kompleksinin arxivində olan bir çox ekspozisiya ilə
tanış olmaq üçün həmin
nümunələrin sərgisinin təşkil olunduğunu da
söylədi.
18 May Beynəlxalq Muzeylər Gününə
həsr olunmuş tdəbirdə Tofiq İsmayılov adına
Uşaq Yaradıcılıq Evinin metodiki şöbəsinin
müdiri Elmira xanım çıxış edərək,
Beynəlxalq Muzeylər Günü münasibətilə
təşkil olunmuş tədbirin əhəmiyyətindən
söz açdı. Bu günün bütün uşaq və
müəllimlərin bayramı kimi qələmə verən
Elmira xanım məktəblilərin muzeyə gəlib onun
tarixi ilə bağlı dəyərli məlumatlar
əldə etmələrini təqdirəlayiq oluduğunu
söylədi. Müasir dövrümüzdə yetişən
nəslin xalqın tarixi ilə bağlı məlumatların
dərindən öyrənməsi xüsusi əhəmiyyət
daşıyır.
Tədbirdə çıxış
edənlər Beynəlxalq Muzeylər Günündən, onun
yaranma tarixindən söz açıb, belə bir
əlamətdar günün respublikamızda hər il qeyd
olunduğunu nəzərə çatdırdılar. XV
əsrin yadigarı olan Şirvanşahlar Muzeyi 1964-cü
ildən fəaliyyətə başlamış, 1977-ci
ildən etibarən isə Beynəlxalq Muzeylər
Gününü təntənəli şəkildə qeyd
etmiş, bu ənənənin davamı olaraq bu gün də
muzeylər kompleksində orijinal bir şəkildə tədbir
təşkil olunmuşdur.
Tədbirdə Azərbaycan Milli Elmlər
Akademiyası, Folklor İnstitunun "İrs" folklor
ansamblının hazırladıqları konsert proqramı
iştirakçılara təqdim olundu. Ansamblın ifasında
"Dədə Qorqud" kompozisiyası böyük maraqla
qarşılandı.
Muzeylər gününə həsr olunmuş
tədbirdə çıxışlar sona yetdikdən sonra
iştirakçılar Şirvanşahlar kompleksi ilə
tanış oldular. Qeyd edim ki, Şirvanşahlar kompleksi
üç həyətdən ibarət olub, ümumi sahəsi
bir hektardır. Burada 9 tikili mövcuddur. Bildiyimiz kimi,
Şirvanşahlar kompleksində bərpa işləri
aparılmış, muzeyin zalları
tamaşaçıların ixtiyarına verilmişdir. Bakuvi
türbəsində, məsciddə, divanxanada, ailəvi
türbəsində təmizlik işləri
aparılmış, yaşayış binası isə
əsaslı olaraq təmir edilmişdir.
Səs.-2007.-19 may.-S.12.