Mükərrəmoğlu M.
Beynəlxalq
Muzeylər Günü münasibətilə Musiqi
Mədəniyyəti Dövlət Muzeyində tədbir
keçirildi
Tədbiri giriş
sözü ilə açan muzeyin direktoru, əməkdar
mədəniyyət işçisi Alla Bayramova son illər
ölkəmizdə muzey işinin inkişafına
göstərilən böyük qayğıdan
danışdı. O bildirdi ki, möhtərəm Prezidentimiz
İlham Əliyev bu yaxınlarda ölkədə muzey
işinin yaxşılaşdırılması ilə
bağlı sərəncam imzalamışdır. Həmin
sərəncama əsasən, böyük muzeylərin
əsaslı təmiri, eyni zamanda, Xalça Muzeyi
üçün yeni binanın tikilməsi nəzərdə
tutulur. Muzey işinin inkişafı ilə bağlı yeni dövlət
proqramının hazırlanması da sərəncamda öz
əksini tapıb. Xalqın mənəvi yaddaşının
daşıyıcıları olan muzeylərimiz, doğrudan da,
yeniləşir, eksponatları artır.
Bu mənada 40 il bundan əvvəl yaradılmış
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
də fəaliyyəti son vaxtlar güclənmişdir. Bu
gün biz muzeyimizin yeni veb saytının təqdimatını
keçiririk. Bu layihə xeyli vaxtdır ki, hazırlanır
və artıq biz orada kifayət qədər məlumatları
yerləşdirə bilmişik.
Tədbirdə çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
bütövlükdə mədəniyyətimizin
inkişafına dövlət qayğısından
danışdı. O, diqqəti möhtərəm Prezidentimizin
kino, teatr, muzey işi, kitabxanalarla bağlı verdiyi
sərəncamlara yönəldərək bildirdi ki,
bunların hər biri mühüm əhəmiyyətə
malik sənədlərdir və onlar aid olduqları
sahələrin gələcək inkişaf üçün
stimul yaradır.
Azərbaycanda muzey işinin zəngin ənənələri
var. Dövlət muzeylərimizlə yanaşı,
ayrı-ayrı idarə və müəssisələrin
də muzeyləri mövcuddur. Bu muzeylər bizim xalqın
tarixidir, mənəvi yaddaşımızın canlı
nümunələridir. Dövlətimizin rəhbərinin
imzaladığı sərəncamda da ölkəmizdə
muzey işinin sürətli inkişafı nəzərdə
tutulur. Bu günlərdə mədəniyyət
işçilərinin böyük bir qrupuna fəxri
adların və mükafatların verilməsi ilə
bağlı Prezident sərəncamları da
mədəniyyət işçilərinin böyük
sevincinə səbəb olmuşdur. Elə bu muzeyin direktoru
Alla Bayramova da həmin sərəncamla “Əməkdar
mədəniyyət işçisi” fəxri adını
almışdır. Biz bütün mədəniyyət
işçiləri adından cənab Prezidentimizə öz
minnətdarlığımızı bildiririk.
Biz muzeylərimizin eksponatlarının dünyaya
açılması üçün onların veb
saytlarının yaradılmasına xüsusi diqqət
yetiririk. Artıq bu muzeyin saytı hazırdır. İndi
internet vasitəsilə dünyanın hər yerində onun
eksponatları ilə tanış olmaq mümkündür.
Sonra veb saytı (www musicemuseum.az) “Rəqəmli dövr”
MMC-nin direktoru Toğrul Əfəndiyev təqdim etdi. Qeyd olundu
ki, veb sayta aşağıdakı bölmələr daxildir:
layihə haqqında, muzey haqqında, kolleksiyalar, muzeyin
fəaliyyəti, muzey məhsulları, xəbərlər,
qonaq kitabı, virtual tur, muzeyə gəlmə xəritəsi,
video və audio yazılar.
Tədbirin sonunda Beynəlxalq Muzeylər Şurasının
prezidenti Alissandra Kumminsin təbrik məktubu oxundu.
Beləliklə, bundan sonra internet vasitəsilə
ölkəmizin mənəvi və maddi yaddaşının
daşıyıcısı olan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi haqqında məlumat əldə etmək
mümkün olacaq.
Xalq qəzeti.-2007.-20
may.-S.4.