Seyidov M.
18 may - Beynəlxalq
Muzeylər günüdür
Tarixdən gələn səslər
Şərur güc-əzəmət, bolluq-bərəkət rəmzi olan ulu məkandır. Sinəsindən axan Arpaçayın çağlayıb
xan Araza qovuşduğu bu qədim diyar Dədə Qorqud eli, Babək vətəni, əkinçilər,
biçinçilər yurdu
bu müqəddəs məkanın hər qarışı bir tarixdir. Bu tarixin
daş kitabələrini
vərəqlədikcə ulu
keçmişimizin, əcdadlarımızın
yaşayışı, həyat
tərzi, məişəti,
əkinçilik mədəniyyəti,
toyu-düyünü, adət-ənənəsi göz önündə canlanır.
Bu yurdun hər daşı, hər qayası əsrlərlə
təbiətin şıltaqlıqlarına
sinə gərib, əcdadlarımıza ilk və son sığınacaq
olub, qəlpələnə-qəlpələnə əl
çapacağına, baltalara,
qaşovlara, itiuclulara,
sürtgəclərə dönüb.
Daş heykəllərə
çevrilə-çevrilə
müqəddəsləşib, üst-üstə düşərək qalaqlanıb,
sinəsi pardaqlanıb-naxışlanaraq inciləşib,
kitabələşib, əcdadlarımızın
nağıllı dünyasını
bağrına basaraq ululaşıb bu daşlar. Oğlanqala, Qızqala, Narınqala, Dəhne, Kültəpə
igidlər, ərənlər
məskəni olub.
Şərurun mərkəzində
əzəmətli bir
binada rayon tarix-diyarşünaslıq
muzeyi yerləşir. Binaya daxil olduqda sanki
nağıllar aləmində
özünü hiss edirsən. Əlindəki demisinə qullab vurub fikrə dalan Dədə Qorqud timsallı pirani qocanın tunc heykəlinə, minbir gecə nağıllarındakı illüstrasiyalara,
dahi Nizaminin “Sirlər xəzinəsi”, ulu Füzulinin “Leyli Məcnun”, “Fərhad və Şirin” poemalarındakı
qəhrəmanlıq, sevgi və məhəbbət
səhnələrini əks
etdirən rəngarəng,
nəfis şəkildə
işlənmiş tablolara
baxdıqca heyrətlənməyə
bilmirsən.
Binanın tavanındakı
beş guşənin hər biri xalqımızın
qəhrəman oğullarının
igidlik dastanından söhbət açır.
Əlində Misri qılınc tutub nərə çəkən
xalq qəhrəmanı
Koroğlu, Aynalı tüfəngini çiyninə
salıb Boz atını çapan Qaçaq Nəbi, Azərbaycan torpağının birliyi naminə canından belə keçməyə hazır
olan şair təbiətli qəhrəman
oğlumuz Şah İsmayıl Xətai, yadellilərə qarşı
mübarizədə mərdanəliklə
həlak olan hürufi Babək, erməni daşnaklarına
qan udduran Vedibasarın mərd oğlu Abbasqulu bəy Şadlinski yağlı boya ilə çəkilmiş
rəngli tablolardan boylanırlar.
1978-ci ildə ictimai əsaslarla fəaliyyətə başlayan
muzeyimiz 1980-ci ildə
ulu öndər, müdrik rəhbərimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü
və rəhbərliyi
ilə rəsmi dövlət müəssisəsinə
çevrilib. 30 ilə
yaxın bir vaxt ərzində muzeyin fonduna 7000-ə yaxın eksponat toplanıb.
Muzeydə iki şöbə və on iki
bölmə fəaliyyət
göstərir. “Təbiətşünaslıq”, “Arxeologiya”, “Etnoqrafiya”, “Numuzimatika”, “Şəhidlər”,
“Böyük Vətən
Müharibəsi”, “Azərbaycan-ana Vətən”, “Heydər Əliyev-84”, “ Mədəniyyət və
incəsənət”, “Qırmızı
tabor”, “Alimlər”, “Şairlər” bölmələrində
4 minə yaxın eksponat nümayiş etdirilir. Muzeydə saxlanılan və nümayiş etdirilən eksponatların, demək olar ki, əksəriyyəti
Şərur ərazisindən
toplanıb. Eramızdan əvvəl III-II minilliklərə aid gil qab hissələri,
saxsı qablar, daş alətlər, büt daşı və keramik bəzək nümunələri,
tunc bilərzik, balta, xəncər, nizə ucluqları və s. əşyalar
nadir tapıntılardı.
Tamaşaçı ekspozisiyada
nümayiş olunan eksponatlarla tanış olduqda Azərbaycanın,
Naxçıvanın
və Şərurun
tarixinə, mədəniyyətinə,
incəsənətin sənətkarlıq
ənənələrinə yaxından bələd olur.
Orta əsr Azərbaycan mədəniyyəti xalçaçılıq
sənəti ilə daha çox yadda qalır. Qədim Şərurda da özünəməxsus inkişaf
yolları olan bu sənətin tarixindən muzeyin eksponatlarına çevrilmiş
kilim, xalça nümunələri söz
açır, bər-bəzəkli farmaşlar,
xurcunlar, heybələr
həmin təsəvvürü
daha da zənginləşdirir.
Qədim bəzək əşyaları
xalqın mənəvi
yaddaşının mühüm
bir amilidir. Orta əsrlərdən başlamış
XIX əsrə kimi muzeydə nümayiş etdirilən müxtəlif
qadın bəzəkləri
- boyunbağılar, göz
muncuqları, sırğalar,
kəmərlər, qolbaqlar
və s. əşyalar daha çox diqqəti cəlb edir. Əmək alətləri
olan xış, cüt, kotan, vəl, mərəndi və s. təssərüfat
alətləri qədim
əkinçilik mədəniyyəti
barədə geniş
təsəvvür yaradır.
Tamaşaçılar mədəniyyət bölməsini də xüsusi maraqla seyr edirlər. Burada Şərurun nəğməkar qızı
aşıq Nabatın
sazı, qədim ney, qara zurna,
tulum, tütək və başqa musiqi alətləri nümayiş etdirilir. Məşhur
“Nurani” Şərur yallı ansamblının Almaniya, Polşa, Çexoslovakiya və başqa ölkələrdəki
çıxışlarını, qastrol səfərlərini
əks etdirən foto-şəkillər, albomlar, fəxri fərmanlar, prizlər və digər sənədlər də bölmənin dəyərli
eksponatlarındandır. Həmçinin, sovet dönəmində rayon mədəniyyət şöbəsinin
layiq görüldüyü
Ümumittifaq və respublika keçici Qırmızı bayraqları
da bu guşəni
bəzəyir.
Muzeyin ikinci mərtəbəsindəki zəngin
bir guşə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə, anadan
olmasının 84-cü illiyinə
həsr olunmuşdur.
2002-ci ildə dahi öndərimizin Naxçıvana
səfəri zamanı
Şərur torpağında
olmasına dair fotomateriallar böyük bir ekspozisiya təşkil edir.
“Müasir dövr” adlı bölmədə yaxın keçmişimizin
və bugünümüzün
reallıqlarını özündə
təcəssüm etdirən
eksponatlar bugünkü
tariximizdən danışır.
Muzeydə şəhidlərə, Azərbaycan Vətən Müharibəsi və Böyük Vətən müharibəsi iştirakçılarına
aid kitablar, foto-şəkillər və sənədlər onlarca insanın, igidin, qəhrəmanın
həyatından, qırılmış
ömründən və
yarımçıq taleyindən
söz açır.
Şərurlular öz doğma oğulları-Azərbaycanın Milli Qəhrəmanları Məhərrəm
Seyidova, Səyavuş
Həsənova, Kərim
Kərimova həsr olunmuş guşələr,
stendlər qarşısında
saatlarla ayaq saxlayır, onların xatirəsini yad edir, şücaətləri
önündə baş
əyirlər.
Təkcə rayonumuzdan yox, respublikamızın digər yerlərindən,
MDB ölkələrindən, İran İslam Respublikasından, Türkiyədən,
Amerika, İngiltərə,
Fransa, Şimali və Cənubi Koreya məmləkətlərindən
gələn qonaqlar muzeyimizdə xalqımızın,
millətimizin tarixi keçmişi və indisi ilə ətraflı tanış olur, şəhidlərimizin
ruhunu yad edirlər.
Muxtar Respublika rəhbərliyinin
diqqət və qayğısı sayəsində
muzeyimizdə yaxın
vaxtlarda restavrasiya işlərinin aparılması
üçün əsaslı
təmirə başlanacaq.
Bütün bunları
kollektivimiz dərin minnətdarlıq hissi ilə qarşılayır,
gələcək işimizin
fəaliyyət proqramı
kimi qəbul edirik.
Yeni Azərbaycan.- 2007.- 18 may.- S. 7.