İslamabadda
İslam Konfransı Təşkilatı Xarici
İşlər nazirlərinin 34-cü sessiyası işini yekunlaşdırmışdır
Sessiyanın sonuncu
günü Azərbaycanla bağlı üç qətnamə
və İslamabad bəyannaməsi
qəbul edilmişdir
Pakistanın paytaxtı
İslamabadda İslam Konfransı Təşkilatı (İKT)
Xarici İşlər Nazirlərinin 34-cü sessiyası
mayın 17-də öz işinə yekun vurmuşdur.
Sülh və harmoniya
mövzusuna həsr olunmuş toplantının sonunda Azərbaycanla
bağlı üç qətnamə layihəsi qəbul
edilmişdir. Bunlar Ermənistanın Azərbaycana
təcavüzünü, işğal olunmuş
torpaqlarımızda tarixi, mədəni abidələrin
dağıdılmasını pisləyən və iqtisadi
sahəni əhatə edən qətnamələrdir. İlk
dəfə olaraq beynəlxalq təşkilatın qəbul
etdiyi qətnamədə 1992-ci ildə erməni silahlı
qüvvələri tərəfindən törədilmiş
Xocalı faciəsinə siyasi qiymət verilmiş və dinc
azərbaycanlı əhalisinin qətlə yetirilməsi
kütləvi qırğın, soyqırımı kimi
qiymətləndirilmişdir.
Görüşün
yekununda qəbul olunmuş İslamabad Bəyannaməsində
də Ermənistanın Azərbaycan torpaqlarını
işğal etməsini pisləyən müddəa öz
əksini tapmışdır. Sənəddə Ermənistandan
işğal etdiyi Azərbaycan torpaqlarını
qeyd-şərtsiz azad etməsi tələb olunur.
Respublika.- 2007.- 18 may.- S. 4.