İlahə

 

Qoruya bilmədiyimiz sərvətimizə

əcnəbilər sahib çıxır

 

Şah İsmayılın bizə məlum olmayan əlyazması İngiltərədə 8 milyona satılıb

 

Orta əsrlər dövründə Azərbaycan xalçaçılıq, toxuculuq, keramika, kitabxana işi sahəsində dünya ölkələri arasında özünəməxsus yer tutub. Səfəvilər dövləti hakimiyyətə gəldiyi dövrdən başlayaraq ölkənin ictimai- iqtisadi və mədəni həyatında canlanma olub, Şah İsmayıl Xətai dövründə isə dövlət çiçəklənmə dövrünü yaşayıb. O, mühüm siyasi fəaliyyəti ilə yanaşı mədəniyyətin və ədəbiyyatın inkişafına xüsusi diqqət edib, Azərbaycan dilinin inkişafındakı xidmətləri ilə yadda qalıb. XIII-XIV əsrlərdə Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri bir sıra səbəblərdən öz doğma vətənlərindən çıxıb başqa ölkələrə gediblər.

Lakin 1510-cu ildə Şah İsmayılın təşəbbüsü ilə Bağdad, Herat, İraq və İsfahandan olan tanınmış rəssamlar Təbrizə dəvət olunurlar. O, Kəmaləddin Behzadı və bir sıra tanınmış rəssamları sarayına dəvət etməklə, buranın elm və mədəniyyət ocağı kimi inkişafında mühüm işlər görür. Bu zaman Təbriz saray kitabxanası da miniatür mərkəzinə çevrilir.

Bu məlumatlar Şah İsmayıl Xətai Fondunun Azərbaycanın maddi və mənəvi mədəniyyət tarixi ilə bağlı hazırladığı disk-filmində təqdim olundu. Fondun sədri Təvəkkül Səfəvi hazırlanan diskin Şah İsmayıl Xətainin  520 illiyinə həsr olunduğunu söylədi. Azərbaycan və ingilis dilində hazırlanan disk orta əsrlərdə yaranan Azərbaycan incəsənəti haqqındadır. Azərbaycanın maddi və mənəvi mədəniyyət tarixi ilə bağlı açıqlamalar verən Səfəvi fondun əsas məqsədinin orta əsrlərdə Azərbaycanın mədəniyyət əsərlərini toplayıb xalqa və gələcək nəsillərə çatdırmaq olduğunu dedi: "Azərbaycan ədəbiyyatının, incəsənətinin ən çox yayıldığı dövr orta əsrlər olub. Lakin bu dövrün incəsənətindən bizdə heç yoxdur. Bütün sərvətlərimiz əldən-ələ keçərək xarici ölkələrdə, əksər hallarda isə şəxsi eksponatlarda saxlanılır. Bu gün tarixi sərvətlərimizin çoxu torpağın altındadır. Baxımsız qalan abidəiər ətrafında əcnəbi adamları araşdırmalar aparır və bizim mədəni əsərlərimizi icazəsiz öz ölkələrinə aparırlar. Şamaxıda qədim tarixə malik Gülüstan sarayı ətrafında artıq 6 ildir ki, türk iş adamları qazıntılar aparırlar. Kənd sakinlərinin bildirdiyinə görə, onlar külli miqdarda əşyalar tapıb, öz ölkələrinə aparıblar. Biz bu faktı yeni aşkarlamışıq orada çəkilişlər aparmışıq. Ola bilsin ki, bundan heç kəsin xəbəri yoxdur, lakin buna göz yummaq olmaz. Bunun üçün biz Mədəniyyət Turizm Nazirliyinə müraciət edəcəyik. Daha sonra cənub bölgəsində əcnəbilərin qazıntı işləri apardığını eşitmişik. Azərbaycana məxsus əsərlərin xarici ölkələrdə saxlanması məsələsi aidiyyatı orqanları düşündürməlidir. Beynəlxalq konvensiyaya görə, heç bir ölkə başqa bir ölkənin ərazisində icazəsiz tədqiqat işləri apara bilməz". T.Səfəvi İstanbulun "Topqapı" muzeyində Ağqoyunlular, Qaraqoyunlular Səfəvilər dövrünə aid çoxlu sayda əsərlər olduğunu, eləcədə Rusiyada Gürcüstanda da tarixi əsərlərimiz olduğunu bildirdi.

2003-cü ildə yaranan fond indiyə qədər 140-a yaxın mədəniyyət əsərləri toplayıb. 300-ə qədar əsərlərin isə surətlərini köçürərək fondda yerləşdirib. Əsərləri əsasən Rusiya Avropa ölkələrindən yığan fond bu missiyasını gələcəkdə də davam etdirmək niyyətindədir. Rusiyadakı "Ermitaj" muzeyinin Şərq bölümünə ermənilər rəhbərlik etdiyindən Şeyx Səfinin orada saxlanan əlyazmalarını əldə etmək olmur: "Ermitajda orta əsrlər Azərbaycan miniatür əsərlərini bir çoxunun üzərində erməni imzaları görürük. Bizi ora buraxmırlar. Bu işdə diasporun köməyi ehtiyacımız var". Səfəvi Şah İsmayılın bizə məlum olmayan əlyazmasının 4 vərəqinin İran azərbaycanlısı tərəfindən İngiltərədə 8 milyon dollara satılması barədə xəbər eşitdiyini dedi.

Qeyd edək ki, mayın 30-da Səttar Bəhlulzadə adına sərgi salonunda Şah İsmayılın 520 illiyi ilə bağlı Azərbaycanın görkəmli şəxslərinin rəsm əsərlərindən ibarət sərgi keçirləcək.

 

Paritet.- 2007.- 26-30 may.- S. 13.