Şirinov
E.
Tariximizin daş yaddaşı
Onu hər birimiz
qorumalıyıq, ən azı tariximizin unudulmaması
naminə
Qəzetimizin 8 may 2007-ci il tarixli sayında "Şamaxıda
ustad Sabirin məqbərəsi nəzarətsiz qalıb"
başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə
ötən il istifadəyə verilmiş məqbərənin
nəzarətsiz qalmasından və s. söhbət
açılırdı. Mədəniyyət və Turizm
Nazirliyi Şamaxı rayon Mədəniyyət və Turizm
şöbəsinin müfəttişi Rəfail
Tağızadə redaksiyamıza zəng edərək
məqalədə
toxunulan məsələlərin araşdırılmasına
zərurət olduğunu söylədi və
əməkdaşlarımızdan birini Şamaxıya
dəvət edib onların da fikirlərini
öyrənməyimizi və rayonun mədəni
həyatındakı yeniliklərlə yaxından tanış
olmağımızı istədi. Dəvəti qəbul
edib Şamaxı rayon Mədəniyyət və Turizm
şöbəsində olduq. Şöbənin müdiri
Məleykə xanım Kamilova və müfəttiş
Rəfail Tağızadə ilə görüşdük.
Söhbət zamanı Məleykə xanım rayonun
mədəni həyatındakı yeniliklərdən
danışdı və bunun da dövlət
başçısının ölkədə
apardığı islahatlarla bağlı olduğunu bildirdi.
Mövcud problemlərin həllinə dair görülən
işlərdən bəhs edən şöbə müdiri bu
istiqamətdə onlara dəstək olan Mədəniyyət
və Turizm Nazirliyinə və Şamaxı Rayon İcra
Hakimiyyətinə minnətdarlığını bildirdi.
Görüşdə bir sıra
suallarımızı cavablandıran şöbənin
müfəttişi Rəfail Tağızadə regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının Şamaxı rayonunda yüksək
səviyyədə həyata keçirildiyini qeyd etdi:
- Şamaxı rayon Mədəniyyət və Turizm
şöbəsi həm memarlıq, həm də arxeoloji
abidələrin mühafizəsini imkanları
səviyyəsində təşkil edir. Rayonda turizmin
inkişafı məqsədilə abidələrin
bərpası nəzərdə tutulub. Bununla
əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi,
Şamaxı Rayon İcra Hakimiyyəti və rayon
Mədəniyyət və Turizm şöbəsinin
mütəxəssisləri birgə üç ay
müddətində rayon ərazisində olan abidələrin
inventarlaşmasını və texniki aktlarının
tərtib olunmasını, fotoşəkillərinin
çəkilməsini təmin edib. Bərpaya ehtiyacı
olan 7 memarlıq abidəsinin siyahısı
Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.
Yeddi gümbəz abidəsinin isə bərpasına
yaxınlarda başlanılacaq. Məlum olduğu kimi,
ötən ilin may ayında şair-xeyriyyəçi
Gülağa Tənhanın şəxsi vəsaiti hesabına
M.Ə.Sabirin 14 metr hündürlüyündə olan
məqbərəsinin inşası çox yüksək
səviyyədə başa çatdırılaraq
təntənəli şəkildə açılışı
oldu. Və o vaxtdan da bu məqbərənin mühafizəsi
şöbəmizin əməkdaşları
tərəfindən lazımi səviyyədə həyata
keçirilir. Ancaq təəssüf ki,
məqbərənin mühafizəsinin təşkili
"Təzadlar" qəzetində tənqidə məruz
qalmışıdı. Yeri gəlmişkən, biz şamaxılılar
Gülağa Tənhaya dərin minnətdarlığımızı
bildirir, uzun ömür, cansağlı arzulayırıq.
Qoy, Allah-Təala ona bol-bol ruzi bəxş eləsin ki,
başqa şair və yazıçılarımıza da
gözəl məqbərələr tikdirsin,
heykəllərini qoydursun, əsərlərini çap
etdirsin. O ki qaldı məqbərənin
hazırkı durumu ilə bağlı qəzetinizdə
dərc olunan məqaləyə, orada göstərilən
bəzi məqamlara səmimi şəkildə
etirazımızı bildiririk. çünki bizim böyük
şairimizə təmənnasız və sonsuz sevgimiz var.
- Rəfail müəllim, hər hansı bir abidənin
qoyulması nə qədər savabdırsa, qorunub-saxlanılması,
gələcək nəslə ötürülməsi də
bir o qədər məsuliyyətli və vacibdir. Bunun
üçün şöbənizin gördüyü işlər
yetərlidirmi?
- Təbii ki, biz üzərimizə düşən
vəzifəni lazımi səviyyədə yerinə
yetirməyə borcluyuq. Necə ki həmin abidələr
ulularımız tərəfindən qorunub bizə
çatdırılıb, biz də onları
gələcək nəslə ötürməliyik, yoxsa onlar
bizi topa tutar. M.Ə.Sabirin qəbirüstü abidəsi yalnız
XXI əsr üçün tikilməyib, yüzilliklər,
minilliklər boyu yaşamalıdır. Deməli, bizim birinci
növbədə vəzifəmiz ondan ibarətdir ki, həmin
abidənin mühafizəsini təşkil edək. Bununla
əlaqədar olaraq artıq biz təkliflərimizi
vermişik. Yəni rəzetdə toxunulan problemin
müəyyən qismi həll olunub. Bu məqsəd
üçün mühafizə ştatı veriləndən
sonra problemlər bütünlüklə aradan qaldırılacaq.
Ancaq onu da vurğulamaq istəyirəm ki, tarixi abidələri
qorumaq hər bir azərbaycanlının, o cümlədən
şamaxılıların da müqəddəs borcudur. Tutaq
ki, 70-80 il öncə abidələrin mühafizəsi yox
idisə, bəyəm onlar qorunmurdu? Yaxud 743-cü ildə
inşa olunmuş Cümə məscidi, baxmayaraq ki,
neçə dəfə zəlzələyə məruz
qalıb, məgər onun mühafizəçiləri
vardı? Eləcə də digər abidələrimiz. Onlar
hamısı xalq tərəfindən qorunub saxlanılıb.
Deməli, əhali arasında maarifləndirmə işini
gücləndirməliyik ki, abidələrimizin mühafizəsi,
səliqə-sahmanı lazımınca təmin olunsun. ümid
edirəm ki, buna nail olacağıq, çünki
şamaxılılar qədirbilən camaatdır.
- Məlum olduğu kimi, ötən il Mədəniyyət
və Turizm Nazirliyi 2007-2016-cı illərdə
ölkədə turizmin inkişaf etdirilməsi haqqında
Dövlət Proqramını hazırlamışdır.
Turizmin inkişafı üçün hər cür
şəraiti olan Şamaxıda bu sahədəki
vəziyyət necədir?
- Qeyd edim ki, Şamaxıda çox böyük turizm
potensialı var. Rayonda həmçinin 71 memarlıq-arxeoloji
abidəsi, tarixi əhəmiyyətli, möhtəşəm
Qaleyi Bəyqurt və Gülüstan qalaları mövcuddur.
Bundan əlavə, 9 yeni tarixi abidə aşkar olunub. Bunlardan
6-sı tunc dövrünə və orta əsrlərə aid
olan kurqanlardır, digər heykəltəraşlıq
nümunələri də aşkar olunub. Zəngin flora və
faunanın, buz bulaqların, eyni zamanda tarixi
abidələrlə zəngin məkanların mövcudluğu
rayonumuzun ərazisində turizmin inkişafına geniş
imkanlar açır. Görülən işlərin
nəticəsidir ki, son illərdə rayonumuza turistlərin
gəlişində canlanma yaranmışdır. Onlara
xidmət göstərmək üçün hazırda
rayonumuzda 22 turizm istirahət mərkəzi fəaliyyət
göstərir. Onlardan "Fortuna",
"çənlibel", "Dədə Qorqud",
"Babayurd", "Cənnət bağı"nın
adlarını xüsusi çəkə bilərəm.
Digər tərəfdən, ölkəmizin milli
maraqlarının qorunması, yeni iş yerlərinin
açılması, etibarlı büdcə siyasəti
formalaşdırılmasına olan zərurət də
respublikamızda turizmin inkişafını tələb edir.
Bütün bunları nəzərə alaraq bu ildən
Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə
Şamaxıda Turizm İnformasiya Mərkəzi
yaradılıb. Mərkəzdə rayonumuzun turizm potensialı
barədə dolğun məlumatlar toplanacaq və hər bir
turist təkcə Şamaxıda, yaxud Azərbaycanda deyil,
dünyanın istənilən nöqtəsində lazımi
məlumatı ala biləcək. Regionun turizm
potensialının tədqiq və təbliğ olunması
məqsədilə yaradılmış bu mərkəz
yerlərdə sahə mütəxəssislərinin
hazırlanması funksiyasını yerinə yetirərək,
bölgədə mövcud olan kadr boşluğunun aradan
qaldırılmasında da əhəmiyyətli rol oynayacaq.
Bu layihənin reallaşmasındakı köməyə
görə Mədəniyyət və Turizm Nazirliyi və
Şamaxı Rayon İcra Hakimiyyətinin
rəhbərliyinə minnətdarlığımızı
bildiririk.
- Turizmin inkişafını şərtləndirən əsas
amillərdən biri turistləri lazımi şəraitlə
təmin etməkdir. Buna hazırsınızmı?
- Bu sahədə hələ ki, müəyyən qədər
problemlər olsa da, bu iş çox sürətlə
inkişaf etdirilir. Hazırda Şamaxı-Pirqulu yolu
dövlət vəsaiti hesabına əsaslı
şəkildə, çox yüksək səviyyədə
təmir olunur. O ki qaldı turist obyektlərinin
ətrafında təmizliyin, səliqə-sahmanın
gözlənilməsinə, bunun üçün də
lazımi şərait yaradılıb. Biz böyük yolun
başlanğıcındayıq. Əminəm ki,
qarşıda duran məsələləri uğurla həll
edəcəyik.
- Rəfail müəllim, istərdim söhbətimizin
istiqamətini bir az dəyişək. Rayonun mədəni
həyatı ilə bağlı görülən
tədbirlər barədə nə deyə bilərsiniz?
- Rayonumuzda bu yönümdə çox böyük
layihələr həyata keçirilir. Əhalinin bədii
özfəaliyyət yaradıcılığının
inkişaf etdirilməsi, yeni bədii özfəaliyyət
kollektivlərinin yaradılması, marağa görə
klubların təkmilləşdirilməsi, yenilərinin
yaradılması sahəsində çox böyük
işlər görülür. Bununla əlaqədar
mütəmadi olaraq müsabiqələr keçirilir.
Bədii özfəaliyyət kollektivlərinə rayon
baxışı belə müsabiqələrdəndir.
Baxış-müsabiqədə 38 bədii
özfəaliyyət kollektivi iştirak edirdi. Qaliblərə
Mədəniyyət və Turizm şöbəsi
tərəfindən fəxri fərman və qiymətli
hədiyyələr təqdim olundu. Bundan əlavə,
Mədəniyyət və Turizm Nazirliyi milli musiqi
alətləri ifaçılarının III ümumrespublika
müsabiqəsini keçirir. Belə ki, may ayının
15-də Əli Bayramlı şəhərində simli
alətlər üzrə müsabiqə keçirilib,
mayın 22-də isə Salyanda nəfəs və zərb
alətləri üzrə müsabiqələr
keçiriləcək. Bu müsabiqələrdə rayonumuzu
istedadlı gənclərimizdən Cəmil Sadıqov, Cavid
Mikayılov, Tural Pənahov və Babək Nağıyev
təmsil edir. Eyni zamanda Heydər Əliyev və
Mədəniyyətin Dostları fondlarının dəstəyi
ilə muğam müsabiqəsi keçiriləcək. Bu
müsabiqəyə isə 8 nümayəndəmiz
qatılacaq. Azərbaycan xalqının bu
günə qədər qoruyub saxladığı və
gələcəyimiz üçün qorumağa borclu
olduğumuz muğamlarımıza önəm verilməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
Xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın xidmətləri danılmazdır.
Fürsətdən istifadə edib Mehriban xanıma
mədəniyyətimizə, muğamımıza
göstərdiyi bu diqqətə görə
təşəkkürümüzü bildiririk. Və
biz də Mədəniyyət və Turizm şöbəsi
olaraq çalışırıq ki, Şamaxıda
mədəniyyət və incəsənətimizin
inkişafı sahəsində bütün
imkanlarımızı səfərbər edək.
İşimizin bir qolunu da kitabxanaların və klubların
pasportlaşdırılması təşkil edir ki, bu
iş də artıq başa
çatdırılmışdır. Rayonumuzun
mədəni həyatı yaddaqalan, maraqlı
hadisələrlə zəngindir. İstər Şamaxıda,
istərsə də qonşu bölgələrdə
mədəniyyət sahəsində həyata keçirilən
tədbirlərdə respublikanın Əməkdar
Mədəniyyət işçisi Rasim Ələkbərovun
rəhbərlik etdiyi "Şirvan" folklor ansamblı, Mehman Mikayılovun "Muğam"
qrupu, Şirzad Fətəliyevin "Gülüstan" xalq
çalğı alətləri ansamblı, Aşıq
Ağamurad Şirvanlının "İncə tellər"
aşıqlar ansamblı, İxtiyar Qocayevin
"Ağrıdağ" aşıqlar ansamblı və
digər özfəaliyyət kollektivlərinin
çıxışları bu tədbirlərə bayram
əhval ruhiyyəsi bəxş edir. Məlumdur ki,
ölkədə mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının
günün tələbləri səviyyəsində
olması üçün mühüm addımlar
atılır. Azərbaycanın Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamları əsasında
mədəni-ədəbi irsin qorunub saxlanmasına
böyük diqqət və qayğı göstərilir. O
cümlədən Şamaxı Mədəniyyət və
Turizm şöbəsinin tabeliyində olan mərkəzi
kitabxanada, M.Ə.Sabirin ev-muzeyində, tarix muzeyində,
musiqi-incəsənət məktəblərində, rayon
mədəniyyət evində əsaslı təmir
işlərinin aparılması nəzərdə tutulub.
Təkcə onu qeyd etmək istəyirəm ki, rayon
mədəniyyət evinin təmirinə və mebellə
təchiz olunmasına 250 min manat büdcədənkənar
vəsait ayrılıb. Bu, dövlətimizin yaradıcı
insanlara, tarixi abidələrimizə böyük
məhəbbət və hörmətin təzahürüdür.
Bu diqqətə görə Prezidentimiz cənab İlham
Əliyevə dərin minnətdarlığımızı
bildiririk. RİH başçısı Nazim İsmayılovun
təşəbbüsü və köməyi sayəsində
millət atası, ulu öndər, Türk
dünyasının böyük oğlu Heydər Əliyev
muzeyi üçün yeni bina tikilməkdədir. Kitabxana fondlarının oxucuların
tələbinə uyğun kompleksləşdirilməsi
günün ən vacib məsələlərindəndir.
2005-ci ildən başlayaraq respublikamızın kitabxanalarına
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il
tarixli 56 saylı Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında sərəncamı ilə
nəşr olunmuş ədəbiyyatlar daxil olur. Şamaxı
rayon mərkəzləşmiş kitabxana sisteminə həmin
müvafiq sərəncama əsasən hal-hazıra
qədər 33 min kitab hədiyyə edilib. Həmin kitablar
mərkəzləşmiş kitabxananın müvafiq
şöbələrində qeydiyyata alınaraq
şəhər və rayon filiallarına paylanıb. Daha
önəmli olan odur ki, Şamaxı rayon
mərkəzləşmiş kitabxanasında elektron kataloq
yaradılıb.
Onu da qeyd edim ki, aprelin 23-də Şamaxı
rayonunda Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Zərdab, Ucar,
Ağdaş, Göyçay, İsmayıllı,
Kürdəmir, Ağsu, Qobustan rayonlarının mədəniyyət
şöbə müdirlərinin, icra
başçılarının iştirakı ilə kollegiya
iclası keçirildi. çıxışını əsasən nöqsanlar üzərində quran
mədəniyyət və turixm naziri cənab
Əbülfəz Qarayev razı qaldığı
işlərdən də söz açdı. Bildirdi ki,
Şamaxı rayonunun bir neçə müəssisəsinin
təcrübəsini respublika miqyasında yaymaq olar,
xüsusilə də kitabxananın. Mədəniyyət
və Turizm Nazirliyi kollegiyasının qərarında
Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
ilə bağlı dövlət başçısının
məlum sərəncamı ilə nəşr olunan
kitabların istifadə olunmasını nümunəvi
təşkil etdiyinə, regionlarda ilk
elektron kataloq yaradılmasında Şamaxı rayon MKS-nin
direktoru Ərəstun Xələfovun vəzifə borcunu
məsuliyyətlə yerinə yetirdiyinə, kənd
sakinlərinin mütaliəyə cəlb olunmasını
təmin etdiyinə görə Məlikçobanlı kənd
kitabxana filialının müdiri Əfşan Aslanovanın
işi müsbət qiymətləndirildi. Bundan
əlavə, M.Ə.Sabirin ev-muzeyinin əsaslı təmir
olunması və ekspozisiyasının yenidən qurulması da
nazirliyin kollegiya qərarında müsbət hal kimi qeyd olundu.
Təzadlar.-2007.-22-29 may.-S.10.