Əhmədov Q.
Şahdağın bəyaz
sinəsində yeni ünvan
Qusar qış turizm kompleksinin tikintisinə start verilmişdir
"2007-ci ildə qış
turizminin inkişafı
üçün böyük
işlər planlaşdırılır.
Yəqin ki, yaxın zamanlarda Azərbaycanda müasir, dünya səviyyəli qış kurortunun yaradılması üçün
təqdimat keçiriləcəkdir.
Qusar rayonunda artıq yerlər müəyyən olunub və Azərbaycan qış turizmi mərkəzinə çevrilə
bilər. Bunun bütün şimal bölgəsinə, orada yaşayan insanlara çox müsbət təsiri olacaqdır"
İlham Əliyev
Mütəxəssislərin fikrincə, Azərbaycan turizm sənayesinin inkişafı üçün
zəngin ehtiyatlara malikdir. Bu, hər
şeydən əvvəl
onun çox əlverişli coğrafi mövqeyə malik olması ilə əlaqədardır. Belə ki,
Azərbaycan Şərq
və Qərb sivilizasiyasının qovşağında,
Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar-Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən
hava və dəniz daşımaları,
magistral avtomobil və dəmir yolları buradan keçir.
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş Turizmin inkişafına dair Dövlət Proqramında
göstərilir ki, nadir təbii-iqlim şəraiti olan Azərbaycan Respublikasında planetin 11 iqlim qurşağından
9-u mövcuddur. Ölkənin
fauna və flora aləmi müxtəlif və zəngindir. Azərbaycanda
12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı var.
Xəzər dənizi boyunca
7 istirahət zonası
yerləşir. Ölkə
ərazisində 6 mindən
artıq memarlıq və mədəniyyət
abidələri qorunub
saxlanılır. Ölkənin
təbii, mədəni
və tarixi irsi onun beynəlxalq
turizm bazarına daxil olmasına real zəmin yaradır.
Azərbaycanın şimal-şərqində başı
qarlı Şahdağın
ətəyində yerləşən
vadilər diyarı Qusar rayonu turizm
üçün xüsusilə
geniş təbii-coğrafi potensiala malikdir. Rayonun ərazisindəki Bazardüzü
dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Zəngin florası ilə seçilən rayonun ərazisinin 20 faizi meşələrlə örtülmüşdür.
Çayların sahili
boyunca əsasən enliyarpaqlı ağaclar, o cümlədən, vələs, palıd və fıstıq ağaclarından ibarət
tuğay meşələri
uzanır. Bu meşələrdə sumax,
əzgil, yemişan, zoğal, itburnu, qaragilə bitir, dərman bitkiləri və cır meyvələr geniş yayılmışdır. Rayonun
heyvanat aləmi də zəngindir. Burada ayı, canavar, qaban, dağ keçisi, quşlardan qızılquş
və başqaları
geniş yayılmışdır.
Qusar rayonunun ərazisində sahəsi
15.000 ha olan dövlət yasaqlığı
yaradılmışdır. Urva kəndinin yaxınlığında yerləşən,
sahəsi 7 hektar olan "Əlistan baba" adlı fıstıq meşəsi
xüsusi mühafizə
olunur. Şahnabaz və Ləzə şəlalələri rayonun
fəxridir. Bu şəlalələrin qeyri-adi mənzərəsi
və günəşdə
bərq vuran damlaları insanları heyran edir.
İl boyu bəyaz qarla örtülü olan qocaman Şahdağ mütəxəssislər tərəfindən
qış turizmi üçün daha münasib yer kimi yüksək qiymətləndirilmişdir. Odur ki, burada
Xizək Dağ Turizm bazası yaratmaq ideyası meydana gəlmişdir.
Respublika Prezidenti İlham Əliyev mütəxəssislərin rəyini
yüksək qiymətləndirmiş
və Şahdağın
ən dilbər guşəsində unikal qış turizm kompleksinin yaradılmasına
xeyir-duasını vermişdir. Artıq regionda analoqu olmayan bu nəhəng
kompleksin layihə üzrə tikintisinə start verilmişdir. Şahdağ yaylağında
Kuzun və Zindanmuruq kənd bələdiyyələrinin ehtiyat
fondundan kompleks üçün 1700 hektar
sahə ayrılmışdır.
Kompleks işə salındıqdan sonra burada təxminən 5 min işçinin çalışmasına və
eyni zamanda ətraf kəndlərdə
yaşayan əhaliyə
öz təsərrüfat
məhsullarını satmaq
imkanı yaranacaqdır.
Bu tədbir eyni zamanda əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli
məşğulluğunu təmin
etmək məqsədilə
Azərbaycan Respublikası
Prezidentiin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Məşğulluq
Strategiyası (2006-2015-ci illər)" üçün
gözəl töhfə
olacaq.
Rayon icra hakimiyyəti başçısının
müavini A.Balametov söhbət zamanı qeyd etdi ki,
hər şey yoldan başlayır. Qış turizm kompleksinin tikintisi üçün nəzərdə
tutulmuş sahəyə-Kuzun, Aladaş, Ləzə kəndləri
istiqamətində geniş
asfalt yol çəkilir. Dağlara
doğru təxminən
30 km. uzanan bu yolun çəkilişi
ilə paralel olaraq qaz, işıq,
su təchizatı üzrə mütəxəssislər
də öz işlərini görürlər.
Rayon əhalisi bu tədbirdən olduqca məmnundur. Çünki
son dərəcə böyük iqtisadi və həm də ictimai-siyasi əhəmiyyəti olan kompleksin Qusar rayonunda inşa edilməsi bu bölgədə əhalinin
məişət və
məşğulluğuna olduqca
müsbət təsir
göstərəcəkdir. Zindanmuruq, Ləzə kimi ucqar dağ kəndlərinin sosial statusu, ictimai mənzərəsi birdən-birə köklü surətdə dəyişəcək,
müasir infrastrukturlar
formalaşacaq, özəl
sektor inkişaf edəcək, yeni peşə və ixtisas hazırlığı
tələb edən iş sahələri yaranacaqdır. Rayon icra hakimiyyəti bu zərurət və ehtiyacı nəzərə alaraq Bakı Dövlət Pedaqoji Kollecinin Qusar şöbəsində
turizm xidməti üçün zəruri
olan ixtisaslar üzrə qrupların açılmasını təklif
etmişdir. Təsəvvür
edin ki, Qusar qış turizm kompleksi tam işə düşdükdə o beş minə yaxın turistə xidmət göstərə
biləcəkdir. Bu, bizim region üçün
əsl möcüzədir
və onun reallaşması, ölkə
başçısının dediyi kimi, Azərbaycanı
regionda qış turizmi mərkəzinə çevirəcəkdir.
Qusar son illər daxili turizm üzrə ixtisaslaşmış bölgələrdən
biri kimi tanınır. Hazırda burada fəaliyyət göstərən Suvar dağ turist və Qarabulaq istirahət zonaları respublika miqyasında yaxşı tanınan guşələrdəndir. Lakin
bu ünvanlar nə qədər cəlbedici və gözəl olsalar da mövsümi xarakter daşıyır. Qusar qış turizm mərkəzi isə Azərbaycanda mövsümi turizmin şahlığına son
qoyacaq və ilin bütün fəsillərində ölkəmizin
qapıları qonaqların
üzünə açıq
olacaqdır. Hər bir turist ilin
hər hansı çağında Vətənimizə
məxsus 9 iqlimin hər birinə səyahət edə biləcəkdir.
Azərbaycan.-2007.-22 may.-S.4.