Quliyev İ.
Muğamı
dinləməkdən zövq alıram"
Səfir Yusif Əhməd Əl Şarkavi
hesab edir ki, Misirlə
Azərbaycanı tək siyasi və iqtisadi
əlaqələr yaxınlaşdırmır
Misir Ərəb
Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Yusif Əhməd Əl
Şarkavinin sözlərinə görə, Azərbaycan
prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri iki
ölkə arasında yüksək səviyyədə olan
əlaqələrin yeni mərhələsini açıb.
Yusif Əhməd Əl Şarkavi
1957-ci ildə anadan olub. Qahirə Universitetində İqtisadi
və siyasi elmlər üzrə bakalavr dərəcəsi
(1979), Brüssel Universiteti İqtisadi və siyasi elmlər
üzrə magistr dərəcəsi (1994), Oksford
Universitetində doktorluq dərəcəsi alıb.
1982-ci ildə Misirin XİN-də
müxtəlif vəzifələrdə
çalışıb (Diplomatik İnstitut, İnformasiya
və Analiz Departamenti, Beynəlxalq Təşkilatlar
Departamenti, Avropa Birliyi ilə danışıqlar üzrə
şöbənin rəis müavini, Qeyri-Hökumət
Təşkilatları üzrə şöbənin rəisi).
1985-ci ildən 1987-ci ilə
qədər MƏR-in Efiopiyadakı səfirliyində
(həmçinin Afrika Birliyi Təşkilatına və BMT-nin
Afrika üzrə İqtisadi Komissiyasına akkreditə olunub),
1987-ci ildən 1991-ci ilə qədər MƏR-in Böyük
Britaniyadakı səfirliyində, 1993-1997-ci ildə Brüsseldə,
1998-2002-ci ildə Moskvadakı səfirliyində
çalışıb (həmçinin Belarus, Tacikistan,
Türkmənistan və Gürcüstan Respublikasında
akkreditə olunub). 2004-cü ildən Misir Ərəb
Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiridir.
İngilis və fransız dillərini bilir. Evlidir, bir
oğlı və bir qızı var.
- Cənab səfir, bu yaxınlarda
Azərbaycan prezidenti Misirə rəsmi səfər etdi.
Ümumiyyətlə, bu səfərin nəticələrini
necə dəyərləndirərdiniz?
- Hesab edirəm
ki, bu səfər çox uğurlu və çox
əhəmiyyətli oldu. Cənab İlham Əliyev və
xanımı Mehriban Əliyeva 6-7 mayda Misirə səfər
etmişlər. Səfər zamanı İlham Əliyevin Misir
prezidenti Hüsni Mübarəklə təkbətək
görüşü keçirildi. Daha sonra hər iki
dövlətin nümayəndə heyyətləri arasında
çox səmərəli, müsbət və səmimi
görüş oldu. Görüş zamanı
tərəflər dostluq və yüksək
səviyyədə olan ikitərəfli əlaqələrin
daha da yaxşılaşdırılması ilə
bağlı fikir mübadiləsi apardı. Daha sonra Misirin
baş naziri ilə də çox səmərəli görüş
keçirildi. Həmin görüşdə
tərəflər ikitərəfli siyasi, xüsusilə
iqtisadi ələqalərin daha da
genişləndərililməsi ilə bağlı fikir
mübadiləsi apardı.
- Səfər zamanı 9
sənəd imzalanıb. Necə
düşünürsünüz, bu, Misirlə Azərbaycan
arasında əlaqələrin inkişaf etdirilməsi
üçün kifayət edirmi?
- Bu, çox
mühüm mexanizmdir. Hazırda biz Azərbaycanla Misir
arasında əlaqələrin gücləndirilməsi və
yaxşılaşdırılması üçün
hüquqi mexanizm yaradırıq. Səfər zamanı imzalanan
sənədlərə baxsanız, görmək olar ki, bu
sənədlər iqtisadiyyatın bir çox sahələrini
əhatə edir. Tezliklə Bakıda Azərbaycan və Misir
hökumətlərarası komissiyasının iclası
keçiriləcək. Hazırda biz Azərbaycanın
İqtisadi İnkişaf və Xarici İşlər,
həmçinin digər nazirliklərilə komissiyada
müzakirə olunacaq və imzalanacaq sənədlərlə
əlaqədar işləyirik. Həmin komissiyanın sonuncu
iclası 2005-ci ilin dekabrında Misirdə olub, birinci iclas isə
2002-ci ildə keçirilib. Bu, say etibarilə artıq
üçüncü iclas olacaq.
- İki ölkə arasında
iqtisadi əlaqələrin genişləndirilməsi
perspektivləri haqqında nə deyə bilərsiniz?
İqtisadiyyatın hansı sahələrində Misir Azərbaycanla
əməkdşlıq etməyə üstünlük verir?
- Misir
dünyanın bir çox ölkələri ilə - Asiya,
Afrika, ərəb ölkələri, həmçinin
Mərkəzi Asiya dövlətləri ilə
əlaqələr saxlayır. Bizim Rusiya, Qazaxıstan, o
cümlədən Azərbaycanla möhkəm
əlaqələrimiz var. Mədəniyyət və təhsil
sahəsində Azərbaycanla çox sıx
əməkdaşlığımız var. 200-ə
qədər azərbaycanlı tələbə Misirdə,
əsasən Qahirə Universitetində təhsil alır. Burada
onlar iqtisadiyyat, hüquq, tibb və digər ixtisaslar
üzrə ingilis və ya fransız dillərində təhsil
alırlar. 16 misirli aspirant isə öz növbəsində
Azərbaycanda təhsil alır. Təhsil sahəsində biz
artıq yeni mərhələyə daxil oluruq. Təhsil
sahəsində yeni bir sənəd imzalamaq üzrəyik. Bu
sahədə bizim artıq müvafiq sazişimiz var. Belə ki, baş nazirin müavini Elçin
Əfəndiyevlə Azərbaycanla Misir arasında Mədəni
və informasiya media mərkəzinin yaradılması
haqqında saziş imzalamışıq. Ümidvarıq ki,
tezliklə Azərbaycan Mədəniyyət Mərkəzi
Misirin Qahirə və ya İsgəndəriyyə
şəhərlərində açılacaq.
- Misirdə səfəri zamanı
Azərbaycan prezidendi öz nitqində bildirmişdi ki, tək
Misirlə deyil, bütün islam ölkələri ilə
əlaqələrin genişləndirilməsi Azərbaycan
xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Bundan əlavə, Azərbaycan prezidentinin Misirdə
Ərəb Dövlətləri Liqasının baş katibi
ilə görüşü də keçirilmişdi. Azərbaycanla
islam ölkələri, o cümlədən Misir arasında
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığı necə
dəyərləndirirsiniz?
-
Düşünürəm ki, Azərbaycanın xarici
siyasəti hazırda balanslaşdırılmış xarici
siyasətin yürüdüldüyü yeni dövrün
şahidi olur. Cənab İlham Əliyev Qərb
ölkələri ilə yanaşı, ərəb və
müsəlman ölkələrilə də
əlaqələrini inkişaf etdirməyə
çalışır. Ötən bir neçə il
ərzində Azərbaycanın ərəb
ölkələrində diplomatik nümayəndəlikləri
açılıb, misal üçün, Mərakeş, Tunis,
Küveyt və s. Bu, Azərbaycanla ərəb
dünyası arasında əlaqələrin necə
böyük önəm daşıdığını
göstərir. Azərbaycanla Misir tək İslam Konfransı
Təşkilatı çərçivəsində deyil,
Birləşmiş Millətlər Təşkilatı və
digər təşkilatlarda da çox gözəl
əməkdaşlıq edir.
- Misirin Dağlıq Qarabağ
münaqişəsilə bağlı mövqeyi nədən
ibarətdir?
- Dağlıq
Qarabağ münaqişəsinə gəldikdə bizim
mövqeyimiz aydındır. Birincisi, biz Azərbaycan
Respublikasının ərazi bütövlüyü və
dövlət suverenliyini dəstəkləyirik. İkincisi,
hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının
münaqişə ilə bağlı qəbul etdiyi
qətnamələri yerinə yetirilməlidir. Bundan başqa,
biz münaqişənin dinc yolla həllinin
tərəfdarıyıq, beynəlxalq ictimaiyyətin,
xüsusilə ATƏT-in Minsk qrupunun münaqişənin
sülh yolu ilə həlli səylərini dəstəkləyirik.
- Təhsil və
mədəniyyət sahəsində əlaqələr necə
inkişaf edir?
- Hazırda biz
mədəniyyət sahəsində yeni dövrə
qədəm qoyuruq. Ötən bir neçə ay
ərzində Azərbaycanda Misir mədəniyyəti
həftəsi keçirilmişdi. Mədəniyyət
tədbirləri Bakı şəhərində, o cümlədər
Sumqayıt, İsmayıllı və Şəki
şəhərlərində də təşkil edilmişdi.
Bundan əlavə, mədəniyyət həftəsi
çərçivəsində sərgi, müsiqi
tədbirləri təşkil olunmuş və
müharizələr oxunmuşdu. Tədbirlər çox
müvəyyəqiyyətlə keçirilmişdi. Eyni zamanda
Misirdə də Azərbaycan mədəniyyəti günü
təşkil edilmişdi. Həmin tədbirlər də
çox böyük uğurla
gerçəkləşmişdi. Məlum olduğu kimi,
Azərbaycanla Misir arasında çox oxşar
xüsusiyyətlər var, xüsusilə də muğamda.
Azərbaycan muğamı Misir muğamına çox
yaxındır. Həmçinin Azərbaycan musiqisi də
ərəb musiqilə ilə çox oxşardır. Bundan
başqa, Azərbaycan musiqiçiləri Misirdə çox
məşhurdur, misal üçün Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyov. Mən onun
musiqini çox xoşlayıram. Ümumiyyətlə,
Azərbaycan musiqisi, xüsusilə də muğamını
dinləməkdən böyük zövq alıram.
Mədəniyyət sahəsində digər tədbirlər
keçirməyə hazırlaşırıq. Misirlə
Azərbaycan arasında professor və yurnalist mübadiləsi
aparmaq niyyətindəyik. Ötən il Azərbaycandan bir qrup
yurnalist Misirə səfər etmişdi. Misir XİN-nin
nəzdində texniki fond fəaliyyət göstərir.
Həmin fond hər il bank, təhsil, yurnalistika, ərəb
dilinin tədrisi və başqa sahələrə qrant
ayırır. Hazırda həmin fond
tərəfindən maliyyələşən və turizm,
mədəniyyət, texnologiya, kənd
təsərrüfatı və başqa sahələri
əhatə edən treninq kursları təşkil olunur.
İki ölkə arasında mövcud mehriban
əməkdaşlıq çərçivəsində
mədəniyyət, iqtisadi və sosial inkişaf, bu kimi
başqa sahələri əhatə edən proqramlar həyata
keçirilir. Bütün bunlar azərbaycanlılar ilə
misirlilər arasında daha sıx əlaqələrin
yaranmasına yardımçı olur.
- Misir turizm
inkişafında böyük potensiala malikdir. Bundan
başqa, səfər zamanı Turizm
əməkdaşlığı üzrə
qarşılıqlı anlaşma haqqında Memorandum
imzalanıb. Turizmin inkişafı
üçün Misir bizim ölkəyə hansı
yardımı göstərə bilər?
- Turizm çox mühüm
sahədir. Misir zəngin
mədəniyyətə malikdir və burada min ildən
çox tarixə malik mədəniyyət abidələri var.
Misirə rəsmi səfər zamanı prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva ehramları
və digər mədəniyyət abidələrini də ziyarət
etmişdi. Əlbəttə, Misir turizm sektorunun
inkişafında böyük təcrübəyə malikdir
və bu sahənin inkişafı üçün çox
gözəl imkanları var. Ötən ay Azərbaycanda Misirin
Turizm Nazirliyinidən nümayəndə heyəti oldu, onlardan
bir neçəsi Bakıda təşkil olunan turizm
sərgisində iştirak etdi. Qeyd
etməliyəm ki, Bakı, ümumiyyətlə Azərbaycan
turizmin inkişafı üçün çox gözəl
imkanlara malikdir. Hazırda Azərbaycanda
iqitsadi artım müşahidə olunur, turizm sektoru inkişaf
edir və xarici investisiyaları cəlb etməkdədir.
Misirin turizm üzrə işgüzar
dairələri Azərbaycanda turizm sektorunun inkişafında
maraqlıdır. Azərbaycan turizmin
inkişafı üçün çox gözəl imkanlara
malikdir və burada gözəl təbiətə malik
çoxlu guşələr var. Azərbaycanda 9 iqlim qurşağı
mövcuddur. Azərbaycanda Nabran, Quba, Siyəzən kimi
çox gözəl yerlər var. Burada çox
müxtəlif mədəniyyət abidələri də
mövcuddur. Bakı müasir və tarixi
abidələrin yerləşdiyi çox gözəl
şəhərdir. Azərbaycanda il
ərzində çox gözəl hava olur. Bu o
deməkdir ki, burada turizm sektorunun inkişafı
üçün çox yaxşı şərait var.
Azərbaycanlı və misirli biznesmenlər turizm sektorunun
inkişafı ilə bağlı müştərək
layihələr həyata keçirə bilərlər. Bakı strateyi mərkəz olmaqla yanaşı,
həm də turizm mərkəzidir. Bakıdan
əlavə Azərbaycanda Şəki, Şamaxı, Gəncə
və başqa gözəl diyarlar var.
Azərbaycanda turizmlə
yanaşı, digər sahələrdə də
əməkdaşlıq üçün layihələrin
həyata keçirilməsi üçün əlverişli
şərait var, misal üçün
əzcaçılıq sahəsində. Biz dünya
standartlarına cavab verən yüksək keyfiyyətli
əzcaçılıq məhsullarını ixrac edirik.
Biz Bakıda əzcaçılıq
məhsullarını istehsal edən fabrik açmaq
niyyətindəyik. Bu sahə
ikitərəfli əməkdaşlığın inkişaf
etdirilməsi üçün çox mühümdür.
Bundan əlavə, Bakı ilə Qahirə
arasında birbaşa hava yolunun açılması haqqında
saziş imzalamışıq. Misir geyim
və dəri məmulatlarının istehsalı
sahəsində əməkdaşlıq etmək
niyyətindədir. Tezliklə Bakıda
keçirilməsi nəzərdə tutulan
hökumətlərarası komissiyanın növbəti
iclasında bu və digər sahələr müzakirə
olunacaq. Səfər zamanı prezident İlham
Əliyev və xanımı Mehriban Əliyeva
misirlilərə çox yaxşı təsir
bağışlamışlar. Mehriban
xanım çox gözəl təəssürat
bağışlayan bir şəxsiyyətdir, xüsusilə
onun ictimai fəaliyyəti tək Azərbaycanda deyil,
bütün dünyada məşhurdur.
- Azərbaycan
və Misir regionlarının ən qabaqcıl
ölkələrindəndir. İki ölkə
arasında strateyi əməkdaşlıq haqqında nə
deyə bilərsiniz?
- Bildiyiniz kimi, ikitərəfli
əlaqələrin inkişaf etdirilməsi üçün
biz əlimizdən gələni edirik. Misir
və Azərbaycan öz regionlarının qabaqcıl
ölkələridir. Hər iki
ölkə arasında çox sıx əlaqələr var,
xüsusilə mədəniyyət sahəsində. Ölkələrimiz arasında heç bir problem
yoxdur. Biz siyasi, xüsusilə iqtisadi
əlaqələrin inkişafı üçün
əlimizdən gələni əsirgəmirik. Azərbaycan prezidenti İlham Əliyevin Misirə
rəsmi səfəri iki ölkə arasında yüksək
səviyyədə olan əlaqələrdə yeni
mərhələ açıb.
Kaspi.-2007.-30 may.-S.9.