Ələddinqızı N.

 

Dövlət rəhbərinin Azərbaycan mədəniyyətinə və incəsənətinə diqqət ayırması sənətkarları sevindirir

 

Musiqinin dili ilə Azərbaycanın ab-havasını əsərlərdə əks etdirməyə çalışmışıq

 

Ölkə Prezidenti İlham Əliyev cənabları mayın 15-də mədəniyyətin inkişafındakı xidmətlərinə görə, bir çox sənət xadimlərini fəxri adlarla təltif edib. Belə ki, Azərbaycan musiqisinin, ifaçılıq və rəssamlıq sənətinin tanınmış və istedadlı nümayəndələri, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam adlarına layiq görülüblər.
   İlham Əliyevin mədəniyyət və incəsənətin inkişafında xidmət göstərən sənətkarlara qayğı və diqqəti son günlərdə daha da artmış, bir-birinin ardınca imzalanan sərəncamlar yaradıcı şəxslərin böyük sevincinə səbəb olmuşdur. Prezidentin sonuncu sərəncamına əsasən, əməkdar incəsənət xadimi adı alanlar sırasında tanınmış bəstəkarlar Nailə və Hikmət Mirməmmədlilərin də adı vardır. Hər zaman yaradıcılıq yolunu vətənpərvərlik mövzuları ilə davam etdirən sənətkarlarla əlaqə saxladıq:
   - Azərbaycan dövlətinin hazırkı durumu, inkişafı dövlətin sivil ölkələr arasında özünəməxsus yer tutması ölkə Prezidenti İlham Əliyevin ardıcıl olaraq apardığı siyasətinin məntiqi davamıdır. Belə bir gərgin zamanda dövlət rəhbərinin Azərbaycan mədəniyyətinə və incəsənətinə diqqət ayırması biz sənətkarları sevindirir. Çox qürurlandırıcıdır ki, İlham Əliyev sənətkarları daim diqqət mərkəzində saxlayıb, onların yaradıcılıq nümunələrini yüksək qiymətləndirir.
   Səmimi etiraf edək ki, bu fəxri adın bizə verilməsi gözlənilməzdir. Yaradıcılığa başladığımız zamandan bugünə qədər heç vaxt hansısa bir fəxri adın bizə verilməsi naminə özümüzü gözə soxub, fəaliyyət göstərməmişik. Gəncliyimizin ilk dövründən başlayaraq, vətənə xidmət etməyi qarşımıza məqsəd qoymuş və vətənpərvərlik mövzusunda olan musiqi nömrələrini xalqa təqdim etmişik. Yaradıcılıq irsimizi təqdim edərkən, bunun müqabilində bizə nəyinsə verilməsini gözləməmişik. Dövlət rəhbərinin diqqəti üzərimizə olduğundan irsimiz layiqincə qiymətləndirilmiş hər kəs qiymətini ala bilmişdir. İnanın ki, bu gün səhərdən bizə vəzifəsindən, peşəsindən asılı olmayaraq, zəng edən insanların hər biri "Siz bu fəxri adlara layiq idiniz" deyirlər. Bir bəstəkar olaraq, cəmiyyətdə gedən prosesləri qiymətləndirərək, musiqinin dili ilə Azərbaycanın ab-havasını əsərlərdə əks etdirməyə çalışmışıq. Elə sənətkarın da əsas vəzifəsi zamanın nəbzini tutmaqdır. Yaradıcılığımızda Qarabağ hadisələrini, Xocalı faciəsini əks etdirən musiqi nömrələri müstəsnadır. Belə ki, "Laçın intizarda, Şuşam dardadır", "Xocalı", "Şuşam mənim", "Qarabağ" musiqi nömrələrini, eləcə də, "Ey ana vətən", "Azərbaycan bayrağı" xor üçün kantatalar yazmışıq. Terrorizmə qarşı mübarizə ruhlu " Dayanın, insanlar" musiqi nömrəsinə, hətta Nazpəri Dostəliyeva klip çəkdirmiş və sözlər titrlərdə ingilis dilində verilmişdir. Bu musiqi nömrəsi Azərbaycanda olan xarici səfirliklərə, bütövlükdə yüz ölkəyə paylanıldı.
   Hələ tələbə olarkən müsabiqələrdə iştirak etmiş, dövlət rəhbərinin musiqi əsərlərimizdə vəsf etmişik. YAP-ın ümumi "Biz sənə səs veririk" devizi bizim yaradıcılıq məhsulumuzdur. "Böyük insan", "Yaşasın Heydərlə Azərbaycanım", "İlhamla birgə Azərbaycan naminə", "Azərbaycan bayrağı" və digər əsərlərin musiqisi bizə məxsusdur.
   Yaradıcılıq fəaliyyətimizi biz müxtəlif səpkidə qurmuşuq. Bu baxımdan ki, mütəmadi olaraq hərbi hissələrə, uşaq və qocalar evlərinə gedir, onlara vətənpərvərlik ruhunda yazdığımız musiqi əsərlərini təqdim edirik. Onu da qeyd edim ki, Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq uşaq musiqisi müsabiqəsində Bakı şəhərindəki 3 saylı uşaq evinin uşaqları bizim vətənpərvərlik mövzusunda yazdığımız musiqi nömrələrini ifa etmiş və "Qran Pri" mükafatına layiq görülmüşlər. "Vətən", "Salam, üçüncü era", "Azərbaycanım" kimi marşlar da bizə məxsusdur. Hazırda musiqi əsərlərimizdən ibarət klavir hazırlayırıq.
   Bu günlərdə, daha dəqiq desək, ümummilli liderimiz Heydər Əliyevin ad günündə efir vasitəsilə təqdim olunan "Böyük ömrün davamı" musiqili kompozisiyasını bəstələmişdik və qeyd edim ki, əsərin sözlərinin müəllifi Zəlimxan Yaqubdur. Bizim yaradıcılığımıza verilən qiymətə görə bir daha ölkə rəhbərinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk, yenə də səmimi bir şəkildə vurğulayıram ki, yaradıcılıqda olduğumuz müddət ərzində nəyinsə xatirinə musiqi bəstələməmiş, vətənə, xalqa, məhəbbətimizi ifadə etməyə çalışmışıq. Bundan sonra da öz ideyalarımızı gerçəkləşdirəcək, dövlət, xalq qarşısında olan məsuliyyətimizi bəstəkar kimi dərk edərək, xalqın, Azərbaycanın həyat tərzini, inkişaf yolunu təcəssüm etdirən musiqi əsərləri yaradacağıq.

 

Səs.-2007.-17 may.-S.12.