"Bindallı" Sənət Evində azərbaycanlı rəssamların sərgisi açılıb

 

Mayın 16-da Türkiyənin "Bindallı" Sənət Evində azərbaycanlı rəssamlar Elmira Şaxtaxtinskaya və Altay Sadıxzadənin əsərlərindən ibarət sərgi açılıb. Bu barədə sərginin təşəbbüskarı, 25 ildir kolleksionerliklə məşğul olan, Azərbaycan Rəssamlıq Akademiyasının fəxri doktoru Nahit Kabakçı dünən bizimlə söbhbətində bildirdi. Onun sözlərinə görə, sərgiyə qatılan 20 mindən artıq ziyarətçinin arasında Türkiyənin məşhur elm, sənət xadimləri adamları da olub. Kolleksiyasında 100-dən artıq rəssamın 500-dən çox sənət əsərinin olduğunu deyən Kabakçı sözügedən sərgidə nümayiş olunan əsərləri 10 ilə topladığını bildirdi: "Rəssam Altay Sadıxzadə anasının əsərlərinin mənim kolleksiyamda yer alamsından xəbərsiz idi. Belə bir layihənin gerçəkləşməsi isə onun üçün sürpriz oldu. Qeyd edim ki, həmin sərgidə Elmira Şaxtaxtinskayanın dörd, Altay Sadıxzadənin isə 16 əsəri yer alıb. Türk ictimaiyyətinin böyük marağına səbəb olan sərgi mayın 31-dək davam edəcək".

Türkiyə səfirliyində azərbaycanlı türk tələbələrin əsərlərindən ibarət sərginin açılış mərasimi barəsində təəssüratlarını da bölüşən Kabakaçı bu sərginin təşkilində yaxından iştirak etdiyini bildirdi dedi ki, Rəssamlar İttifaqı çox gənc, amma təcrübəlidir. O, həm Türk, həm Azərbaycan tələbələrinə qarşılıqlı təcrübə mübadiləsi aparmağı tövsiyyə etdi. Kolleksioner Azərbaycan Rəssamlar İttifaqının fəxri doktoru tituluna layiq görüldüyündən qürur hissi duyduğunu da dilə gətirdi.

 

Xalq cəbhəsi.-2007.-24 may.-S.13