Hacı Eldar
Mikayılzadə: "Yaradıcı adama nə
lazımdı, bir qarın yeməyi olsun, bir də
əynində paltarı, vəssalam"
Azərbaycan rəngkarlıq sənətinin tarixi çox
qədimlərə gedib çıxır. Dünyanın bir
çox məşhur muzeylərini xalqımızın bu
sahədə qeyri-adi sənət nümunələri yaradan
sənətkarlarının əl işləri bəzəyir.
Bu gün onlardan biri, xarici ölkələrdə dəfələrlə
sərgiləri təşkil olunan
xalçaçı-rəssam Hacı Eldar
Mikayılzadədən bəhs edəcəyik. Hacı
Eldarın yaradıcılığının bir özəlliyi
onun fəaliyyətinin əhatə dairəsinin genişliyidir.
Bunu görmək üçün onun balaca emalatxanasında
bircə dəfə olmaq bəs edər. Bu emalatxanada
nələr var: xalqımızın
nəsillərdən-nəsillərə,
əsrlərdən-əsrlərə ötürərək bu
günümüzə yetirdiyi xalq tətbiqi sənət
nümunələrindən, nəqqaşlıq, miniatür,
oyma yolu ilə hazırlanan əsərlərdən tutmuş,
çox mürəkkəb çeşnisi olan
xalçalarədək, iri tablolaradək hər şey.
Hamısı da bir-birindən fərqli, bir-birindən
nəfis. Lakin onları birləşdirən bir ana xətt var
ki, o da rəssamın daxilindəki ilahi eşqin
rənglərə hoparaq insanlara ruhi saflıq
aşılamasıdır.
Sufi rəssamın təsəvvüf dünyası
- Hacı, bir rəssam kimi təsəvvüfə
yüklənməyinizə səbəb nədir? Digər
tərəfdən, bütün əsərlərinizdə
Füzuli var...
- Əslində təsəvvüf elmi türklərdən gəlir.
Çünki biz türklər heç vaxt
atəşpərəst olmamışıq. Doğrudur,
bəzi tarixçilər "atəşpərəst"
sözünü bizə damğa kimi
yapışdırıblar, amma onlar da səhv edirlər. Biz
türklər heç vaxt atəşpərəst
olmamışıq. Atəşpərəst iranlılar,
farsdilli xalqlar olub. Türklər isə həmişə
Göy Tanrıya sitayiş ediblər.
Tanrıçılıq da Allaha eşq üstündə
qurulan bir din olub. Maraqlısı da budur ki, ərəb
xilafətinin yarandığı ilk vaxtlarda onlar
türklərlə döyüşdən məğlub
qayıdıblar. Və türklər ərəblərin
yaydığı dinlə tanış olanda, özlərinin
əsrlər boyu tapındıqları dinin kitabını
görüblər. Yəni o vaxtadək onlar tək olan Allaha
inanırdılar, intəhası, onun nəzəriyyəsini
bilmirdilər. Buna görə də, türklər iki
əllə İslamdan yapışdılar. Türklər
yeganə millətdir ki, ərəbləri məğlub
etsələr də, onların dini qəbul ediblər, yəni
qalib tərəf məğlub tərəfin dinini,
mədəniyyətini qəbul edib. Maraqlıdır ki,
ərəblərdən fərqli olaraq türklərdə
İslam dininə sitayiş Allaha sevgi üzərində
qurulub. Ərəblərin Allaha olan inamlarının qorxu
üzərində qurulması onların
incəsənətlərindəki bəsitlikdən də hiss
olunur.
- Onda belə çıxır ki, İslam
incəsənəti türklərin üzərində
qurulub...
- Yox, əstəğfürüllah, sadəcə olaraq,
İslam mədəniyyəti və incəsənətinin
inkişafında türklərin əməyi daha
böyükdür. Məsələn, türklər
ərəb əlifbasını qəbul etsələr də,
114 cür xəttatlıq üslubunu onlar yaradıb. Bu
sənətləri inkişaf etdirmək üçün
də yalnız sevgi lazımdır. Çünki
incəsənət sevgidən yaranır. Bəzən
deyirlər ki, İslam heykəltəraşlığı
qadağan edib ki, bu, bütpərəsətlik nümunəsidir.
Amma belə deyil, İslam dini imandakı
bütpərəstliyi qadağan edib, bunu
incəsənətlə niyə qarışdıraq ki? Ona
görə də, ərəblər bu sözləri o
dövrlərdə hərfi mənada qəbul ediblər.
Yəni, misalçün, ikonalar haram sayılır. Bu o
demək deyil ki, portret çəkmək olmaz. Bundan başqa,
ərəblər bütpərəstlikdən
döndükləri üçün İslamın ilk
vaxtalarında belə şeylərə çox həssas
yanaşırdılar. Ona görə də kimsə bir
nəfərin rəsmini çəkəndə və ya
heykəlini düzəldəndə, qarşısını
birdəfəlik alırdılar. Amma türklərin o qorxusu yox
idi. Ona görə də tətbiqi incəsənətin
bütün növlərinin inkişafı məhz
türklərlə bağlıdır. Söhbət İslam
incəsənətindən gedir. Xüsusilə bu işdə
azərbaycanlıların öncüllər siyahısında
olması da təbiidir. İslam incəsənətinin
"qızıl dövrü" Səfəvilər imperiyasının
yarandığı vaxtlara təsadüf edir. O dövrə ki,
Həbibi, Füzuli, Xətai, Nəvai, Sultan
Məhəmməd kimi sənətkarlar yetişmişdi.
İstər söz sənəti olsun, istərsə də
tətbiqi incəsənət, bunun fərqi yoxdu.
İncəsənətin yaranması insaniyyətin
yaranışı ilə üst-üstə düşür.
Qurani-Kərimdə deyilir ki, Allah-təala insanı yaradanda
"ol" deyib. Yəni birinci səs gəlib, sonra
sözə keçib, daha sonra da materiya yaranıb. Yəni
səs musiqidir, söz şerdir, materiya isə tətbiqi
incəsənətdir. Bu mənada bütün insanlarda
"Allahın hədiyyəsi" var, sadəcə olaraq
hərədə bir cür izhar olunur. Bununla fəxr etmək
yox, şükr etmək lazımdır. Çünki bunu Allah
insana hədiyyə edib, insan o zaman fəxr edərdi ki,
özü nəyisə yaratsın, bu da mümkün deyil.
Hansısa istedadlı adama deyirlər ki, "filankəsin
istedadı Allah vergisidir". Bu, səhv fikirdir, yenə
deyirəm, insan doğulanda, Allahın hədiyyəsi ilə
dünyaya gəlir. O ki qaldı müasir
dövrümüzdə incəsənətdə
təsəvvüf meyllərinə, burada elə bir
qəribəlik yoxdur. Hər kəs öz iç
dünyasını qoyur ortalığa.
"... Girdim Kəbənin həyətinə, Kəbə
yerində yox idi"
- Burada bir tabloda bir tərəfdə Füzuli, digər
tərəfdə isə Alim Qasımov əks olunub. Leyli
ilə Məcnun da oturub kənardan Alimə qulaq asırlar...
- Tablonun adı "İki dahi"dir. Mənim fikrimcə,
Füzuli poeziyada hansı zirvədədirsə, Alim də
muğamatda o yüksəklikdədir. Biz
görmüşük ki, muğamatda nisgili bəmdə
oxuyarlar, amma Alim yeganə xanəndədir ki, Füzulinin
nisgilini zil səslə çatdırır. Bir dəfə
Baba Pünhan Alimə bir qəzəl vermişdi. Sonra
mənə dedi ki, "Mənə deyirlər, sənin
qəzəllərin muğamlıq deyil". Onda mən Babaya
dedim ki, "sənin qəzəllərinə musiqi, Alimin
musiqisinə isə söz lazım deyil".
Həqiqətən belədir. Misal üçün,
rəhmətlik Hacıbaba Hüseynovun ifasına qulaq asanda,
həm qəzəliyyata diqqət yetirirsən, həm də
muğama. Alim yeganə xanəndədir ki, onun ifasına qulaq
asanda sözlərə fikir vermirəm, o anda məni yalnız
musiqi düşündürür.
- Emalatxanada maraqlı bir tabloya da rast gəldim. Orada
cəhənnəmi Kəbənin altında təsvir etmisiniz...
- Deməzdim ki, cəhənnəm mən çəkdiyim
kimidir, sadəcə olaraq cəhənnəmi elə təsvir
etmişəm. Həmin tabloda mən yuxuda
gördüklərimi çəkmişəm. Yuxuda
gördüm ki, girdim Kəbənin həyətinə, amma
Kəbə yerində yoxdur. Oradakı camaat da tərsinə
fırlanır, yer də qırmızı rəngə
boyanıb. Başımı qaldırıb gördüm ki,
Kəbə səmadan asılı qalıb və camaat
ziyarət edir. Həmin insanlar da tövbə edib düz yola
gələnlərdir.
- Bu yaxınlarda dövlət başçısı
rəssamlar üçün emalatxanalar tikilməsi ilə
bağlı sərəncam imzaladı. Sizin emalatxana da yaman
darısqaldı...
- Prezidentimiz çox sağ olsun ki, işi-gücü
başından aşsa da, incəsənətimizi yaddan
çıxarmır. O ki qaldı mənim emalatxanama, buna da
şükür. İşləyən adam üçün
yerin böyük və ya balaca olmasının elə bir
təfavütü olmur. İlham gələndə,
bəzən elə adi qələmlə də böyük
əsər yaratmaq olur.
- Hacı, ümumiyyətlə, vəziyyət necədi, indi
dolanmaq olurmu?
- Çox çətindi. İncəsənətlə
dolananlar çoxdu, amma sənətlə dolanmaq olmur...
- Bunu emalatxananızdan da başa düşmək olur.
Görün nə qədər yarımçıq
çertyoælar qalıb...
- Məncə, elə-belə də olmalıdır. Hansı
sənətkarın ömrü rahat keçib ki
güzəran baxımından... Bəzən SSRİ-ni
pisləyirik. Amma bəzi məqamlarda gəlin razılaşaq
ki, SSRİ-nin bizim incəsənətimin inkişafında
böyük rolu olub. O dövrdə sənətkar
güzəran haqqında fikirləşmirdi. Dünya
şöhrətli rəssamlarımız məgər o
dövrdə yetişməmişdilərmi? O dövrdə
əgər rəssamlara, şairlərə, yaxud digər
incəsənət xadimlərinə güzəran
yaradılmasaydı, indi həmin sənətkarlar
olmayacaqdı. Şah Sədi Şirazinin "Gülüstan"ını
oxuyandan sonra onu xəzinəyə aparıb deyir ki, "nə
qədər istəyirsən, qızıl götür".
Sədi də deyir ki, "şah sağ olsun, mənə o
qədər qızıl ver ki, onun haqqında
fikirləşməyim". Doğrudan da gözəl deyib,
yaradıcı adama nə lazımdı, bir qarın yeməyi
olsun, bir də əynində paltarı, vəssalam.
"Mən öz sənətimə ibadət kimi
baxmışam"
- Sərgiləriniz olurmu?
- Sərgilərim çox olub, amma xaricdə. Özü
də rəngkarlıqla bağlı yox, yalnız
xalçalarımın sərgiləri olub. Çünki
mən rəngkarlıqla 25 il idi ki, məşğul olmurdum,
son 5 ildə başlamışam çəkməyə. O da
bir az böyük çıxmasın, əksəriyyətinin
mövzusu yuxularımdı.
- Axı xalçaçılıq da asan sənət deyil...
- Adam öz sənətini sevəndə, Allahın
köməkliyi ilə nə istəsə, edə bilər.
Mən öz sənətimə ibadət kimi baxmışam.
- Bu gün fəaliyyət göstərən xalça
sexləri sizə müraciət edirmi? Belədə həm
sənətlə məşğul olarsınız, həm
də pul qazanarsınız...
- Mən ona baş qoşsam, əsl sənətlə
məşğul ola bilmərəm. Məgər Alim Qasımov
indi toylara gedir? Yox! Çünki o, indi səsi ilə deyil,
ruhu ilə oxuyur. Sabah mən də elə işə
başlasam, gəlib mənə diktə edəcəklər
ki, "bunu eləmə, bunu elə..." Bir dəfə
tanınmış müğənnilərdən biri gəlib
dedi ki, "mənə bir xalça çeşnisi
çək ki, güllərin içində olum, nə bilim
belə olsun, elə olsun". Mən də dedim ki, "bundansa
get cizgi filmi çəkdir də".
- Hacı, sizin yaradıcılığınızda
miniatür və nəqqaşlıq sənəti də
geniş yer tutur. Bu gün bu sənətlə maraqlanalar,
məşğul olanlar çox azdır. Bəs, kökü
qədimlərə gedib çıxan Şərq
rəngkarlıq sənətini sizdən sonra kimlər davam etdirəcək?
Bildiymə görə, Rəssamlıq Akademiyasında
miniatür və nəqqaşlıq şöbəsi yoxdur.
- Məsələ Rəssamlıq Akademiyasında
şöbələrin olmamasında deyil. Əsas odur ki, biz
həmin tərbiyəni yenidən meydana gətirək.
Məgər Şərqin böyük rəssamı Soltan
Məhəmməd avropalı rəssamlar Rafael və yaxud
Rembrandt kimi işığın və ya kölgənin nə
olduğunu bilmirdi, yoxsa görmürdü? Görürdü,
amma tərbiyə başqa idi. Məsələn, Soltan
Məhəmməd "Quran"da deyildiyi kimi, kölgə
şeytanların toplaşdığı yer olduğuna
görə, öz miniatürlərində
kölgələrdən istifadə etməzdi. Qərb
incəsənəti gördüyünü əks etdirir,
yəni materialistdir. Şərq incəsənəti isə
insana gördüklərini deyil, ruhunun sözünə qulaq
asmağı təlqin edir. Ona görə də,
peyğəmbərlər Şərqdən çıxıb.
Mən ötən ildən Rəssamlıq Akademiyasında
pedoqoæi fəaliyyətə başlamışam. Artıq 4 tələbəm var, inşallah, yavaş-yavaş bildiklərimi
onlara öyrədəcəyəm...
Ekspress.-2007.-12-14 may.-S.16.