Ömər Eldarov: Məktəblərdə təsviri sənət tədris olunmalıdır

 

Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov "Novosti" beynəlxalq mətbuat mərkəzində jurnalistlərlə görüşündə bildirmişdir ki, təsviri sənət məktəb proqramına fənn kimi daxil edilməlidir.

Ö.Eldarov demişdir ki, ümummilli lider Heydər Əliyev Rəssamlıq Akademiyasının yaradılmasının vacibliyini bilirdi. Biz də şagirdin estetik inkişafının vacibliyini başa düşməliyik. Bu, insanın daxili aləminin inkişafı üçün, onun şəxsiyyət kimi formalaşması üçün zəruridir.

Onun sözlərinə görə, bu məsələ sovet dövründə də qaldırılmışdı. Ö.Eldarov SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü olduğu dövrlərdə orta məktəblərdə rəssamlığın tədrisində islahatlarla bağlı təklifləri araşdıran xüsusi komissiyanın tərkibinə daxil idi. Konkret məsələ qaldırılmışdt ki, nə üçün məktəblərdə ədəbiyyat ayrıca fənn kimi və böyük həcmdə tədris olunur, lakin təsyiri sənət proqrama daxil deyildir.

Ö.Eldarov demişdir: "Ümumtəhsil proqramına estetika fənləri də daxil edilməlidir. Rəssamların əsərlərini tanımaq insanı daxilən zənginləşdirir. Axı, təsviri sənət digər sahələrlə, məsələn, dünya tarixi, din və sair ilə sıx əlaqəlidir".

 

Respublika.- 2007.- 13 may.- S. 6.