Quliyeva D.

 

Qubanın köhnə məhəlləsindən usta Qədir

 

Quba rayonunun Kohnə məhəllələrindən birində köhnə bir qapı var. Ora çoxları ayaq döyür. Demək olar ki, köhnə qubalıların çoxu yolunu oradan salır. Bura həndəvərdə saç ustası kimi yaxşı ad çıxaran dəllək Abdulqədirin evidir. Kişilərin saçlarına hər cür stil verməyi bacardığı üçün onun əlindən çıxan işi hamı bəyənir. Dəllək stulundan müştəriləri əskik olmur. Bacardığı bir işi var, amma ona hər kəs sahib çıxa bilmir. Abdulqədir həm mahir ağac-oyma ustasıdır, bu sahədə qeyri-adi qabiliyyəti var.

Bir dəfə boş-bekar qalanda, əlinə ağac parçası alıb onu ovub-tökmüşdü. Özü bilmirdi edirdi. Bu, hardasa 20 il əvvəlin söhbətidir. Etiraf edir ki, ürəyincə olmayan çox şey vardı, bilmirdi nədən başlayıb nədə qurtarsın. Gördüyü içindəki boşluğu qovub dağıtmağa qadir idi. Ona görə vaxtının çoxunu ağac oymağa sərf edirdi. düzəltdiyinin fərqinə varmırdı. Sonda görürdü ki, müxtəlif  heyvan fiqurları yan-yana düzülüb - ayı, tülkü, şir, pişik... İşini hamı bəyənirdi, o isə yonduğu fiqurlara oyuncaq kimi baxırdı.

Yenə bir təsadüf fikirlərini alt-üst etdi. Tövbəli vaxtları içir, çəkirdi, dinin yolunu tutub namaz qılırdı. Dini ocaqları səyahət etməyə imkanı çatmırdı. Amma düşüncələrində müqəddəs məbədgahlar asılıb qalırdı. Daha əlinə taxta alıb heyvan fiqurları yonmurdu, ağlına girmişdi ki, "mən karəyəm, canlını yaratmaq o Tannın işidir". Oyma nəti onu özünə o qədər çəkirdi ki, əlindən düşməyən kiçik aləti taxta parçaları üzərində mütləq gəzirdi. Nə istədiyinin fərqində idi, görmədiyi, bilmədiyi, amma arzusunda olduğu müqəddəs məbədgahın qeyri-adi fiqurunu yaradırdı. İlk işini əlinə alıb Həcc ziyarətindən gələn birinə hədiyyə etdiyi yadındadır. Aradan xeyli vaxt ötmüşdü. Bir gün qapısını döydülər, ona "hədiyyə etdiyin o məbədgahdan bizə düzəlt" - dedilər. Etirazı yox idi, çünki oyma işinə bağlılığını təsdiqləmişdi. Müştərilərini yola salandan sonra, vaxtının qalanını taxta üzərində açdığı naxışlara sərf edirdi. O, püxtələşmiş sənətkardır. Ona bu işin sirlərini kimsə öyrətməyib, kiçik bir fiqurun yaranmasına aylarını qurban verir, qeyri-adi naxışları vurmaqdan ötrü günlərlə vaxt itirir, bənzərsiz cizgilərin üzə çıxması üçün hər cür əziyyətə qatlaşır. Abdulqədirin əl işlərində bahalı metal və daş-qaşlar xüsusilə diqqətçəkicidir. Zərgər dəqiqliyi tələb edən bu işlər ustadan böyük məharət tələb edir. Yaratdığı bütün gözəllik barmaqları hesabına başa gəlir.

Dostlarının da ona köməyi çox dəyir. Oyma işinə vurğunluğunu bilənlər onu həvəslə ağac kötükləri ilə təmin edirlər, ən çox işlətdiyi armud ağacından olan parçalardır. Möhkəmliyinə keyfiyyətinə görə bu ağac üzərindəki oyma işləri bənzərsiz görüntüyə malikdir. Usta qeyd edir ki, sədəflə işləmək ona xüsusi zövq verir. Çünki sədəfdəki parıltı naxışlardakı zənginliyi tamamlayır. Abdulqədirin yaradıcılığı bitmiş oyma işlərinin zahiri gözəlliyi ilə başa çatmır. Onun əl işlərində rəngarənglik var, biri o birinə bənzəmir, üstəlik, yaratdığı kiçik bir aləmdə qurduğu qeyri-adi musiqili işıq sistemi heyrət doğurur.

Ona oyma işləri ilə bağlı sifariş edənlər çoxdur. Hətta onların ünvanı Rusiyanın içərilərinədək gedib çıxır. Ailəsinin keçmişini sənətindən gələn gəlirlə ödəməyi bacarır. Amma gördüyü oyma işindən aldığı zövqün dəyəri heç bir ölçüyə sığmır. Dəllək Abdulqədirin taxta üzərindəki oyma qabiliyyəti təkrarolunmazdır.

Uşaq olanda Qubadakı Konserv zavodunda fəhləlik edən ata-anası məktəbli Abdulqədiri bir sənət sahibi görmək istəyirdilər. Onu Bakıya, 8-ci kilometrdəki texniki peşə məktəblərindən birinə oxumağa göndərmişdilər. O da həyatının 2-3 ilini şəhərlə bağlayıb, dəlləkliyi öyrənmişdi. Geriyə, ata ocağına dönüb başına müştərilər yığmaq üçün əlindən gələni əsirgəməmişdi. Həm yaxşı dəllək, həm yaxşı insan kimi ad çıxarmışdı.

Abdulqədir Bağırovu heç kim bu ad soyadla çağırmır. Qubanın köhnə məhəlləsində o, Qədirdir, usta Qədir... Hamının hörmət etdiyi, bacarığına inandığı, işini çox məharətlə görən usta Qədir.

 

Ekran Efir.- 2007.- 18 may.- S.4.